Giya Saralidze: “Rusiyada artıq Ermənistanla bağlı illüziyalar yoxdur” - MÜSAHİBƏ



 

 

 

Postsovet ölkələrində nələr baş verir, dinləyiciləri hansı mövzular maraqlandırır?

Bir il əvvəl “Vesti FM” radio stansiyasının aparıcısı, üç il öncə “Sabiqlər” (“Bıvşiye”) proqramını təsis etmiş siyasi şərhçi Giya Saralidzə bu barədə Media.az-a müsahibə vermişdi.

İndi həmin proqramın “SolovyovLive” kanalında videoformatı yaradılıb.

Bu gün Media.az-ın qonağı yenidən Giya Saralidzedir.

Müsahibimiz son bir ildə baş verən dəyişikliklərdən danışıb.

- “Sabiqlər” verilişinin videoformatının yaradılması “Vesti FM” radio stansiyasında həyata keçirilən layihənin davamıdır?

- Bu, faktiki olaraq, qeyd etdiyiniz layihənin davamıdır. Müəyyən dəyişikliklərlə əlaqədar iş günlərində radiostansiyada çalışmalı olurdum. “Sabiqlər” verlişinin efirə çıxdığı istirahət günləri isə güvəndiyim dostlarım verilişdə növbətçi qalırdılar. Ancaq bu işi davam etdirmək istəyirdim, axı proqram mənə məxsusdur. “YouTube” kanal açılandan sonra (uzun müddət idi videoformata keçməyi düşünürdüm) hesab etdim ki, canlı yayım imkanları genişləndirəcək, keçmiş SSRİ ölkələrindən olan ekspertlərlə əlaqə qurmaq asanlaşacaq.

Dünyadakı hadisələri anlamaq üçün işimizə davam edirik. Bu, verilişimizə məna qatır.

Bizim artıq iki verilişimiz olub. Anladıq ki, insanlar maraq göstərir. Birinci verilişimizi 10 min insan izlədi, ikinci proqramda bu rəqəm iki dəfəyə qədər yüksəldi. Diqqətinizə çatdırım ki, biz verilişdən əvvəl elan verməmişdik. Ümid edirik ki, proqramımıza tələbat olacaq.

- Postsovet məkanındakı hansı mövzular və ölkələr dinləyicilərin xüsusi marağına səbəb olur? Ukrayna, Moldova, Ermənistan, Azərbaycan...

- Bizi dinləyənlər və izləyənlər təkcə Rusiya auditoriyası deyil, lakin biz rusiyalı izləyicilərdən danışırıqsa, onları ən çox Ukrayna və Belarusda baş verənlər maraqlandırır. Ancaq bir il əvvəl sizə verdiyim müsahibədə söylədiyim kimi, insanlar arasında məlumatsızlıq problemi var. Peşəkar xəbər təqdimatına və təhlilə ehtiyac var. Yaxın keçmişdə vahid ölkənin tərkibində olmuş ölkələrdə baş verən hadisələr dinləyicilərimizin və izləyicilərimizin maraq dairəsindədir.

- Ermənistan barədə danışsaq... Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya ilə münasibətlərdə müxtəlif hadisələr baş verdi. Nüvə elektrik stansiyasının təmirini başa çatdırmaq üçün Rusiyadan kredit götürməkdən imtina, qazın bahalaşması... Bu mövzular auditoriyanı maraqlandırırmı?

- Əlbəttə, maraqlandırır. Ermənistanın Rusiyanın strateji müttəfiqi olduğu məlum idi, bundan əlavə, ölkə bütün regional birliklərin üzvüdür. Birdən məlum oldu ki, vəziyyət düşündüyümüz kimi deyil. Bir çoxları Ermənistanda baş verən proseslərdən xəbərsiz idi. Lakin indi bütün məsələlər aydın olur. Beləliklə, maraq böyükdür, ölkələrimizlə (Rusiya və Ermənistan - red) bağlı illüziyalar itir.

- Bəs Ukraynadan danışsaq necə: rusiyalılar nə düşünür? Belə təəssürat yaranır ki, insanlar bir neçə ukraynalı politoloqun iştirak etdiyi siyasi tok-şoulardan məlumat alır. Ölkənin özü isə Rusiya kütləvi informasiya vasitələrinin üzünə qapadılıb.

- Bu məqamla əlaqədar sizinlə mübahisə etməli olacağam. Rusiyada düşünürlər ki, Ukrayna haqqında hər məsələdən xəbərdardırlar. Bunun doğru olub-olmaması başqa məsələdir. Ancaq hamı düşünür ki, Ukraynada baş verən hadisələr haqda yetərincə məlumatlıdırlar.

- Bəs Ukraynanın mövcud hakimiyyəti hansı istiqamətə doğru hərəkət edir, Rusiyada qəbul olunduğu kimi, Qərbə meyillənir?

- Rusiyada hesab olunur ki, istiqamət dəyişməyib, Ukrayna Qərbə can atır, hazırkı prezident Vladimir Zelenski isə eks-prezident Pyotr Poroşenkonun Rusiyadan çox Ukraynanın rusdilli əhalisi üçün vacib olan bütün istiqamətlərdə işlərini davam etdirir.

Mayın 2-də Odessada baş verən faciə, jurnalist Olesya Buzinanın öldürülməsi və s. hadisələr bu siyasətin tərkib hissəsidir.

- Koronavirus mövzusuna da toxunmaya bilmərik. “Sabiqlər”in kollektivi bu təhlükə ilə necə mübarizə aparır? Harada vəziyyət yaxşıdır və əksinə? Azərbaycan və digər Cənubi Qafqaz ölkələri koronovirusla mübarizə fonunda necə görünürlər?

- Bilirsiniz, Azərbaycanla bağlı çox məlumata sahib deyilik. Gürcüstanla əlaqədar nikbin məlumatlar eşidirik, bu ölkə virusun öhdəsindən yaxşı gəlir. Ermənistan isə yox. Orada böyük problemlər var. Bu məlumatlar, xüsusən, baş nazir Nikol Paşinyanın koronavirusa yoluxub sağalandan sonra bizim informasiya mühitinə daxil oldu.  

- Gürcüstanlılar Cənubi Qafqazın ən intizamlı vətəndaşlarıdır?

- Gürcüstan hökuməti operativ olaraq koronovirusu təyin edən testlər aldı, yüksək cərimələr tətbiq etdi. “Drakon” qanunları öz bəhrəsini verdi. Bu, sərt və ardıcıl siyasətçi olan Baş nazir Georgi Qaxariyanın əməyidir.

- Daha bir sual iyunun 24-də Moskvada keçiriləcək Qələbə paradı ilə əlaqədardır. Parad gözlənildiyi qədər qonaqların iştirakı ilə keçirilməyəcək. Bu məqam Rusiyanı məyus etmir ki?

- Xeyr. Paradın 9 Mayda baş tutmaması məyusluq yaratdı. Qələbə Paradının keçiriləcəyi yeni tarix - 24 iyun müvəffəqiyyətlə seçilib. 1945-ci ildə keçirilən Qələbə Paradı məhz 24 iyun tarixinə təsadüf edib. Bu, bizim ümumi qələbəmiz, ümumi bayramımızdır.