Nazir deputata cavab verdi



 

Yəqin ki, xatırlayırsınız, mayın 31-də Milli Məclisin iclasında deputat Vahid Əhmədov Müdafiə naziri general-polkovnik Zakir Həsənovu tənqid etmişdi.

O,  Dağlıq Qarabağ separatçılarının mayın 21-də Şuşada keçirdikləri qondarma “and içmə” mərasimi zamanı Azərbaycan Ordusunun erməni işğalı altında olan Şuşa şəhərini bombalamamasını sərt şəkildə tənqid etmişdı.

İki gün öncə nazir “Real" tv - yə verdiyi müsahibədə sözə “Sizin sualınıza cavab verəcəyəm” deyə, başladı. “Bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir. Bunu qoyaq bir tərəfə.

 Orada belə bir fikir də səsləndi ki, Müdafiə naziri Prezident İlham Əliyevin qarşısında məsələ qoymalı idi ki, nəsə etsin. Mən istəyirəm ki, bütün bu yoldaşlar eşitsinlər. Prezident nə etmək lazım olduğunu məndən də, onlardan da yaxşı bilir və bunu etdi də. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə genişmiqyaslı təlimlər keçirib. Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Ermənilər təşvişə düşdülər və beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə saxlanmasıdır. Onların generalları, siyasətçiləri şikayət etməyə başladılar ki, bizə hədə-qorxu gəlirlər, bu, bizə təzyiqdir və s.

Hətta ABŞ-da hərbi mütəxəssislər də məsələyə münasibət bildirdilər. Dedilər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullarla, yeni taktika ilə keçirilir və ABŞ ordusunun təlimlərinə bənzərdir. Erməni lobbisi bundan da təşvişə düşüb. Ermənipərəst senatorun vasitəsilə həm ABŞ-ın müdafiə nazirinə, həm də dövlət katibinə müraciət ediblər ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Bunların məqsədi ayrıdır”.

Bəli, Vahid Əhmədov Zakir Həsənovu Azərbaycan dilini təmiz bilməməkdə və Şuşa ilə bağlı verilən sualı cavablandıra bilməməkdə günahlandırmışdı.Hətta deputatın bu fikirləri MM-də etirazlara səbəb olmuşdu.

Nazirin bu dəfəki açıqlamasından aydın görünür ki, Azərbaycanı işğal aitında olan torpaqları azad etməyə imkan verməyən dövlətin həmişə Rusiya olduğunu bildirsək də, bu dəfə erməni separatçılarının Şuşada keçirdiyi qondarma "andiçmə" mərasiminə maneə olmağa ABŞ dairələri imkan verməyib. Bu, ABŞ-ın Azərbaycanın haqq işinə qarşı etdiyi olduqca ciddi səhv hərəkətdir, eyni zamanda, erməni separatçılarına açıq şəkildə verilən bir dəstəkdir.

Ona görə də ölkəmizdəki radikal müxalifətin işğal altında olan torpaqlarımızın taleyinin ABŞ-ın  ədalətli yanaşacağına həddən çox önəm verməsi, ümid etməsi böyük təhlükələrdən xəbər verir.

 Şahnaz Salehqızı
[email protected]