Aleksandr Nosoviç Azərbaycan və Aİ münasibətləri barədə: “Bakı öz gündəliyini uğurla həll edir” - MÜSAHİBƏ



 

 

 

Avropa Parlamenti Şərq Tərəfdaşlığı (ŞT) proqramı ilə bağlı tövsiyələrini təsdiqləyib. Bununla belə, “Qordon” nəşrində də göstərildiyi kimi, proqramın iştirakçı ölkələrə Avropa İttifaqında üzvlüyü təmin etmədiyi xatırladılıb. Eyni zamanda qeyd olunur ki, ŞT iştirakçılar üçün cəlbedici qalmalıdır.

Xatırladaq ki, Şərq Tərəfdaşlığı - Avropa İttifaqının 2009-cu ildən bəri mövcud olan layihəsidir. Məqsəd keçmiş SSRİ-nin altı ölkəsi - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə inteqrasiya əlaqələrinin inkişaf etdirilməsidir.

Bundan əvvəl, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında zirvə görüşü keçirildi, burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etdi. “PolitRus” informasiya-analitik portalının rəhbəri Vitali Arkov məqaləsində Azərbaycanın Avropa İttifaqı üçün bu proqram çərçivəsindən kənarda da maraqlı və əhəmiyyətli iş ortağı olduğunu vurğulayıb.

“Artıq reallaşan, həmçinin hazırda fəal şəkildə inkişaf etdirilən yeni layihələrdən danışan Azərbaycan lideri də buna diqqət çəkib”, - deyə, ekspert öz məqaləsində vurğulayıb.

Rusiyalı politoloq, “RuBaltik” informasiya portalının şef-redaktoru, bu yaxınlarda Moskvada təqdim olunan “Şərq tərəfdaşlığı haqqında 33 sadəlövh sual” (ikinci həmmüəllif Aleksey İlyaşeviçdir) kitabının həmmüəlliflərindən biri olan Aleksandr Nosoviç Media.Az-ın suallarını cavablandırıb.

- Bu yaxınlarda Şərq Tərəfdaşlığının iştirakçı ölkələrinin nümayəndələrinin videokonfransı keçirildi, ŞT-nın beş prioriteti təqdim edildi, sonra Avropa Parlamenti Aİ-nin bu proqrama dair tövsiyələrini təsdiqlədi. Halbuki Şərq Tərəfdaşlığı çoxdan amorf bir qurum sayılırdı. İndi onun canlandığını söyləmək olarmı?

- Hələ ki, Avropa İttifaqında bu qurumun Şərq siyasətini, postsovet məkanına yanaşmalarını, Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərini quracaq başqa layihə yoxdur. ŞT hər hansı müddətə dondurula bilərdi, amma bütün praktik hərəkətlər bu proqram vasitəsilə edilir. Şərq tərəfdaşlığını “fon” adlandırmaq olar. O, lazım olanda işə salınır.

 

- Azərbaycan ŞT-də iştirak edir. Ancaq bununla belə, Bakıda hesab olunur ki, ölkəmiz Aİ-nin iş ortağı kimi Şərq Tərəfdaşlığı çərçivəsindən kənarda da maraqlıdır...

- ...Yeri gəlmişkən, Belarusun da eyni yanaşması var. Mən Azərbaycanın mövqeyini çox yaxşı başa düşürəm. İqtisadi əməkdaşlığa vurğu çox vacibdir, çünki Şərq Tərəfdaşlığı iqtisadiyyata deyil, siyasətə, özü də daxili siyasətə meyillidir. ŞT proqramı postsovet dövlətlərinin suverenliyi anlayışına lazımi əhəmiyyəti vermir. İştirakçı dövlətlərin Şərq Tərəfdaşlığı vasitəsilə Avropa İttifaqı ilə əlaqə qurması çox çətindir. Ölkələrimiz üçün isə Avropa ilə söhbət, ilk növbədə Avropa İttifaqının ən böyük satış bazarlarından biri olduğunu nəzərə alaraq, iqtisadi prizmadan maraqlıdır.

- Şərq Tərəfdaşlığı çərçivəsində daxili ziddiyyətlər məsələsinə toxunmaya bilmərəm. Bu birlikdə bir-biri ilə münaqişədə olan ölkələr var. Məsələn, Ermənistan Azərbaycanın ərazisinin bir hissəsini işğal edib. Eyni təşkilat daxilində necə yola getmək olar?

- Sualınızı bu altı ölkəyə qədər genişləndirmək olar, bunlar arasında doğrudan da ortaq xüsusiyyətlər çox deyil. Yeganə ümumi birləşdirici amil hamısının ya Rusiya ilə həmsərhəd olması, ya da yaxınlıqda yerləşməsidir. Avropalılar da bu dövlətləri (iqtisadi, siyasi, mədəni cəhətdən) özlərinə qoşmaq vəzifəsini qoyurlar. Münaqişələrin həlli baxımından isə ŞT heç nə edə bilməz. Siz haqlı olaraq Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsini qeyd etdiniz. Aİ-nin Şərq Tərəfdaşlığı proqramı necə kömək etdi? Heç cür. Dnestryanı üzrə də ŞT-nın fəallığı olmadı. Ukraynada isə Şərq Tərəfdaşlığına daxil olduqdan sonra ərazi münaqişəsi başladı. Bunun bir nəticə olduğunu söyləmirəm, amma problemlər yaranıb.

- Bu günlərdə Aleks İlyaşeviçlə birlikdə həmmüəllifi olduğunuz “Şərq Tərəfdaşlığı ilə bağlı 33 sadəlövh sual” kitabını təqdim etmisiniz. Öz sadəlövh sualımı verim: Ukrayna bu sammitdə Aİ-yə tam üzv olmağı tələb etdi. Bu mövqe müəyyən dərəcədə Gürcüstan üçün və bəlkə də, Moldova üçün səciyyəvidir. Belə çıxır ki, bu Aİ proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələri əməkdaşlıq və məqsədlərini fərqli görürlər?

- Əlbəttə, belədir. Şərq Tərəfdaşlığı bir-birinə bənzəməyən altı fərqli ölkədən ibarətdir. Ukrayna, Moldova, Gürcüstan Qərbə inteqrasiya vektorunu seçib. Onların strateji məqsədi Avropa İttifaqına daxil olmaqdır. ŞT-yə ümumi irad isə heç kimin onları Aİ-yə qəbul etməməsidir. Bu proqram bir növ “əbədi təmizlənmə”, “soyunub-geyinmə otağı”dır.

Belarus və Ermənistana gəlincə, onlar fərqli inteqrasiya seçimi etdilər və Avrasiya İqtisadi Birliyinə daxil oldular. Aydın görünür ki, bu qərara Avropada hörmət edilmir.

Azərbaycan isə tamamilə fərqli hekayədir. Ölkəniz həqiqətən neytral ölkədir və Bakının uğurla öhdəsindən gəldiyi öz gündəliyi var.