Ulan-Udedə yaşayan azərbaycanlı uşaq evinin sakinlərinin saçlarını pulsuz kəsir - MÜSAHİBƏ



 

Rusiyanın Buryatiya Respublikasında yaşayan 26 yaşlı azərbaycanlı Kamran Qarayev artıq dörd ildir ki, Ulan-Udedə uşaq evinin sakinlərini və şəhərin çətin vəziyyətə düşən insanlarının saçlarını tam təmənnasız olaraq kəsir. Peşəkar stilist Media.az-a müsahibəsində özü və xeyriyyəçilik təşəbbüsü barədə danışıb.

- Zəhmət olmasa, özünüz haqqında danışın.

- Mən etnik azərbaycanlı olsam da, Ulan-Ude şəhərində doğulub böyümüşəm. Valideynlərim Masallıdandır, ona görə, oranı vətənim hesab edirəm. Anam yeniyetmə vaxtlarında valideynləri, qardaşları və bacıları ilə birlikdə Rusiyaya köçüb. Atam isə hərbi xidmətdən sonra Dəmir Yolu İnstitutuna daxil olub. Ali məktəbi bitirdikdən sonra bura işə göndərilib. 30 ildən artıqdır ki, dəmir yolunda maşinist kimi çalışır, buna görə fəxri işçi kimi respublika rəhbərinin minnətdarlığını alıb.

Özümə gəlincə, hələ ki, ailə qurmamışam. Hərbi xidmətdən əvvəl peşəkar şəkildə cüdo və sambo ilə məşğul olmuşam, Sibir Federal Dairəsi səviyyəsində müxtəlif yarışlarda iştirak etmişəm, mükafat və medallarım var. Hüquq təhsili almışam. Hərbi xidmətdən sonra dərhal işə başladım. Hüquq-mühafizə orqanlarında işləməyi planlaşdırırdım, lakin bu sahə mənim üçün maraqsız göründü. Üç ay stajdan sonra bu işə aid olmadığımı tam anladım. Bərbərliklə məşğul olmağa başladım. Bu, məndə həm əla alınırdı, həm də işimdən zövq alırdım.

Heç kim mənə inanmırdı, düşünürdülər ki, idmançıdan nə bərbər? Bununla belə, şəhərdə uğurlu və məşhur stilist oldum. Mütəmadi olaraq müxtəlif ölkələrdə - Fransa, Almaniya, Türkiyə, Rusiyada ixtisasartırma kurslarında iştirak edirəm. Kişilərin saç düzümü və saqqal forması barədə tendensiyalardan danışmaq üçün yerli televiziyaya mütəxəssis kimi dəvət olunmağa başladım. Sevimli peşəmlə yanaşı, fəal şəkildə idmanla məşğul olmağa, caz dinləməyə davam edirəm, psixologiya mövzusunda kitabları və motivasiya filmlərini çox sevirəm.

- Uşaq evinin sakinlərinin saçlarını pulsuz kəsmək təşəbbüsünüz nədən başladı?

- 2016-cı ilin əvvəlində Rusiyadakı bərbərxanalar populyarlaşmağa başlamışdı, buna görə də, bərbər peşəsini öyrənməyə qərar verdim. Ancaq saç düzümü üçün model axtararkən problemlə qarşılaşdım. Dostlarım onsuz da peşəkar bərbərlərə müraciət edirdilər. Yeni başlayan birinə saç düzəltdirmək istəyənləri tapa bilmədim.

Uşaq reabilitasiya mərkəzinin qarşısında yaşayırdım. Bura valideynləri ölən, yoxsul ailədən olan azyaşlıların uşaq evinə getməzdən əvvəl müvəqqəti qaldıqları yerdir.

Orada ştatda olan bir bərbər işləyirdi, bütün uşaqların saçını maşınla eyni formada azaldırdı. Onlara yazığım gəlirdi. Düşündüm ki, hər bir halda bu bərbərdən daha yaxşı saç kəsərəm. Müəssisəyə öz xidmətimi təklif etdim, əlbəttə ki, təmənnasız. Onlar məmnuniyyətlə razılaşdılar. Əvvəllər bəzən bu mərkəzdə 12 saat fasiləsiz işləyirdim, uşaqların saçlarını kəsirdim. Yeri gəlmişkən, onlarla möhkəm dostlaşdıq. Sonradan peşəkar usta olanda və modelə ehtiyacım olmayanda belə bu uşaqların saçını kəsməyə davam etdim. Düşündüm ki, sıx qrafikimə baxmayaraq, onlardan imtina etmək yaxşı deyil, çünki bugünkü vəziyyətimə görə onlara borcluyam.

Bu işimdə uşaq evlərinin sakinlərinə qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva və Mehriban Əliyeva (Azərbaycanın Birinci vitse-prezidenti – red.) motivator oldular.

- Rusiyada təşəbbüsünüzü dəstəkləyən bir çox bərbər üçün nümunə oldunuz...

- Yerli çəkiliş heyəti haqqımda reportaj hazırladıqdan sonra Moskva, Kalininqrad, Tümen, Xantı-Mansiyskdə bərbərlər məni fleşmobla dəstəklədilər. Onlar yolladıqları videoda estafeti məndən qəbul etdiklərini deyirdilər.

Təşəbbüsümlə bağlı verilişlərdən və məqalələrdən sonra aztəminatlı insanlar da saçlarını kəsdirmək üçün müraciət etməyə başladılar. Çalışdığım bərbərxananın rəhbəri vaxtaşırı ehtiyacı olanlara xidmət etməyimi anlayışla qarşılayır.

Karantin dövrünə təsadüf edən müqəddəs Ramazan ayında aztəminatlı ailələrə daha çox xidmət göstərməyə çalışırdım. Yaradan məni eşitdi və ifnormasiya dəstəyi ilə mükafatlandırdı.

Xəbərləri izlədiyiniz zaman azərbaycanlılarla bağlı bəzi cinayət işləri haqqında tez-tez eşidə bilərsiniz. Həmişə xalqımızı yaxşı tərəfdən göstərmək istəyirəm: hamımız pis deyilik, aramızda çətin vəziyyətə düşən ruslara kömək etməyə daim hazır olan yaxşı və mehriban insanlar var. Pandemiya bunu daha bariz göstərdi. Hamı necə bacarırsa, kömək edir: meyvə-tərəvəzlə, saç kəsməklə...