Rusiya və Türkiyə Qüdsə görə hərəkətə keçir
ABŞ BMT-nin son 50-60 ildə qəbul etdiyi qətnamələrin üstündən xətt çəkməklə daha bir böhrana imza atdı.
Bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiya və Türkiyənin Qüds məsələsinin həllində əsas oyunçuya çevrilə biləcəyini düşünür:
“Rusiya bir neçə il öncə “Yaxın Şərq kvarteti” adlı bir qurum yaratmışdı. Bu qurum Fələstin probleminin həlli ilə əlaqədar yaranmışdı və burada regionda təmsil olunmayan oyunçular, fövqəl-dövlətlər iştirak edirdi. Bütün hallarda kvartetin əsas məqsədi Yaxın Şərqdə gedən Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi və vacib addımların kvartetin digər üzvləri ilə əlaqələndirilməsi idi. Ancaq ABŞ Qüdslə bağlı qərarında kvartet daxilindəki sövdələşmənin, eyni zamanda, BMT-nin son 50-60 ildə qəbul etdiyi qətnamələrin üstündən xətt çəkməklə daha bir böhrana imza atdı”.
Politoloqun sözlərinə görə, beynəlxalq hüququn fövqəl-dövlətlərin biri tərəfindən kobudcasına pozulması və BMT-nin qüvvədə olan qərarlarının icra olunmaması təkcə Rusiyanı deyil, həm də Avropa İttifaqı ölkələrini narahat edir.
“Türkiyə isə bu regionda mühüm oyunçudur və burada gedən proseslərlə bağlı önəmli rolu var. Bilirsiniz ki, Rusiya-Türkiyə münasibətlərinin konstruktiv istiqamətdə qurulması Suriyada xeyli fayda verdi. O üzdən Rusiya-Türkiyə danışıqlarının Qüds istiqamətində də fayda verəcəyini düşünürəm. Çünki Türkiyə Qəzzada böyük nüfuza malikdir və Ankaranın bu proseslərə təsiri danılmazdır. İş orasındadır ki, pərakəndə şəkildə fəaliyyət göstərmək qeyri-səmərəli ola bilər. Ona görə də bütün ölkələr yaranmış bu vəziyyətlə bağlı ortaq məxrəcə gəlmək və obyektiv mövqe formalaşdırmaq istəyirlər. Bu kontekstdə Türkiyə və Rusiyanın Qüdslə bağlı atacağı birgə addımlar digər ölkələr üçün də bir örnək ola bilər”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Liderlər ikitərəfli münasibətlərlə yanaşı, Qüds məsələsi ətrafında baş verən son hadisələri və Suriyadakı vəziyyəti müzakirə edəcəklər