Prezidentin verdiyi vaxt bitdi: kimlər vəzifədən alınacaq?
Neft qiymətlərinin kəskin ucuzlaşması ilə iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan mühüm dəyişiklər və idarəetmənin mobilləşdirilməsi prosesinin davam edəcəyi gündəmdədir.
Axar.az xəbər verir ki, son iki ildə bəzi nazirliklərin ləğvi və ya birləşdirilməsi, o cümlədən süni maneələrin aradan qaldırılması istiqamətində önəmli addımların davamı olaraq Vergilər Nazirliyinki son dəyişiklik böyük gözləntilərlə müşahidə olunur. İqtisadçılar yeni və çevik vergi mexanizminin tətbiqi, bir-birini təkrarlayan idarələrin birləşdirilməsi, sahibkarlarla daha şəffaf münasibətin qurulacağını proqnozlaşdırarkən, bir çox millət vəkili struktur islahatlarının bundan sonra da davam edəcəyini proqnozlaşdırırlar.
Maraqlı məqamlardan birinə isə “Yeni Müsavat” qəzetinin analitik qrupu toxunub. Belə ki, qəzet Prezident İlham Əliyevin bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxta diqqət çəkib. Bu müddət gələn həftə - dekabrın 15-də bitir. Nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi 12 iyul müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar:
“Xüsusilə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.
Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi.
“İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.
Məlumata görə, Prezident Administrasiyasından (PA) bu məsələdə məsul PA-nın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.
Bəzi ekspertlər artıq prosesin başladığını bildiriblər. Belə ki, Qubanın icra başçısı ötən həftə vəzifəsindən alındı. Bunun ardınca rayonun millət vəkili, tanınmış iqtisadçı Vahid Əhmədov icra başçısı Yaşar Məmmədovun vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyini açıq şəkildə bildirdi.
Görünür, 15 dekabr yaxınlaşdıqca artıq Prezidentin qarşıya qoyduğu vəzifələri icra edə bilməyənlərlə bağlı ciddi ölçünün götürülməsi prosesinə start verilib.
“Yeni Müsavat” özəl mənbəyə istinadla yaxın iki ayda vəzifəsinin öhdəsindən gələ bilməyən 10-a yaxın icra başçısı barədə məlumat hazırlandığını qeyd edib. İddiaya görə, dəyişiklik bəzi komitə və iqtisadiyyatla bağlı nazirliklərdə də həyata keçiriləcək.
Beləliklə, qəzet gələn həftədən başlayaraq, ölkənin ictimai-siyasi həyatı və inkişafı üçün önəmli addımların davam edəcəyi gözləntisini ifadə edib.