TORPAQ, UĞRUNDA  ÖLƏN VARSA, VƏTƏNDİR!



 

"DONMUŞ TƏBƏSSÜM" haqqında fikirlərim, yaxud, Fəridə Ləmanın vətənpərvərlik mövzusundakı yaradıcılığına baxış...

 

VƏTƏN SEVDALISI ŞƏHİD OĞUL

 

Qadın və poeziya... Azərbaycan ədəbiyyatında zaman-zaman istedadlı qadın şairlər yer alıb.  Əlbəttə, ədəbiyyat aləmində hər bir şairin öz yolu və öz cığırı olmalıdır. Nə xoş ki, bu gün də ədəbiyyatımızda öz yolu, cığırı olan və öz yaradıcılığı ilə sözünü deyə bilən qadın şairlərimiz var. Belə şairlərdən biri də ədəbiyyat tariximizdə öz dəst-xətti olan vətənpərvər şairə Fəridə Ləmandır.

 Ürəyi Vətən sevgisi ilə dolu olan Fəridə Ləmanla uzun illərdir ki, ədəbi aləmdə eyni yolda addımlayırıq. Bu qəlbi təmiz-saf şairlə ilk tanışlığım neçə illər əvvəl poeziya tədbirlərinin birində olmuşdur. Onu da qeyd edim ki, Fəridə Ləman sevimli ana, dəyərli şair və vətənini çox sevən əsl Azərbaycan xanımıdır. Dəfələrlə paytaxt Bakıda və eləcə də bir çox rayonlarda Fəridə xanımla neçə-neçə ictimai və ədəbi tədbirlərdə yol-yoldaşı olaraq birgə iştirak etmişik. Vətənə ürəkdən bağlı olan Fəridə Ləman iştirak etdiyi tədbirlərdəki çıxışlarını da əsasən vətənpərvərlik mövzusunda qurur. Təbii ki, şairin bu fikirləri onun çoxşaxəli yaradıcılığında çox geniş yer tutur.

Şair-publisist Fəridə Ləman əsasən vətənpərvərlik mövzusunda yazıb-yaradır. Ana Vətənini çox sevən şair vətənpərvərlik mövzusunda olan "Donmuş təbəssüm" adlı poemanı bir neçə ay əvvəl yazıb. Haqqında danışacağım bu poema, Qarabağda-2016-cı ildə baş vermiş Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlunun keçdiyi şərəfli ömür yoluna həsr olunub. Fəridə xanım bu əsəri sözün həqiqi mənasında əsl vətəndaş sevgisilə yazıb-yaradıb. Əsərdə şəhidin uşaqlığı, yaşadığı həyat yolu, eləcə də, Qarabağdakı son döyüş günləri geniş təsvir olunub. Əsərin qəhrəmanı olan Elvinin mübarizliyinə, ölməzliyinə poetik çalarlarla rəng qatıb Fəridə Ləman.

Fəridə xanım qələmə aldığı "Donmuş təbəssüm" adlı poemada Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açan igid oğul, baş leytenant Elvin Namazovun yaşadığı 26 illik ömür yolunu çox gözəl əks etdirib. Hansı sahədə işləməsindən asılı olmayaraq hər bir ana öz övladlarını və Vətənini sevir. Fəridə Ləmanın vətənpərvərlik mövzusunda yazdığı əsərləri diqqətlə oxuduqda görürük ki, bu xanım şair öz Vətənini övladları qədər, hətta doğma anası qədər çox sevir. Aşağıdakı misralarda söylədiyim fikirlərin bir daha şahidi oluruq.

...Vətən qartal yuvamdır,

Vətən elim-obamdır,

Aldığım hər nəfəsim,

Həm suyum, həm havamdır!...

Bəli, qəlbində belə bir Vətən sevgisi olan analar Mübariz kimi, Mühüd kimi, Elvin kimi igid, qəhrəman oğulları boya-başa çatdırıblar. Var olsun belə vətənsevər hər bir ANA!

Eləcə də, digər misralarda şair yazır:

... Vətən mənim and yerim,

Məkkəm, qibləgahımdır.

Vətənsiz ömür olmaz,

Qəlbdən qopan ahımdır...

Fəridə Ləman bu poemanın qəhrəmanı  baş leytenant Elvin Namazovun Vətən sevgisini poema boyunca çox böyük ustalıqla qələmə alıb. Şair aşağıdakı misralarda belə bir fikir söyləyib:

... Candan əziz sevirdi,

O, Ana Vətənini.

Fəda olsun deyirdi,

Vətən, bu canım sənə.

Düşməyəsən heç zaman,

Nə dumana, nə çənə...

Yaxud da:

... Elvinin gündəliyi,

Vətəndaş ürəyiydi.

Vətəni azad görmək,

Ən ümdə diləyiydi...

Ana Vətənini canından çox sevən şəhid baş leytenant Elvin Namazov nəinki Odlar yurdu Azərbaycanımızın, bütün TURAN elinin fəxridir desək, yanılmarıq. Elvin kimi qorxmaz, cəsarətli,  igid oğullarla Azərbaycanın hər bir vətəndaşı böyük qürur duyur. Əlbəttə, VƏTƏN, qəhrəman oğullarına güvənir.

Çox böyük həvəslə haqqında danışdığım "Donmuş təbəssüm" adlı poemada Aprel şəhidi Elvinin uşaqlıq dövründən üzü bəri yaşadığı şərəfli ömür yolunu görürük. Fəridə xanım şəhid  Elvinə həsr etdiyi bu poemada qəhrəmanının həyatını oxuculara çox gözəl misralarla çatdırmağı bacarıb.

Söylədiklərimin sübutu olaraq aşağıdakı misralara diqqət edək:

... Arzusu Vətəndi, diləyi Vətən,

Vətənlə döyünən ürəyi Vətən!

Mənim qəhrəmanım elin balası,

Söykəyi Vətəndi, kürəyi Vətən!

Xatırladım ki, Fəridə Ləman yazdığı "Donmuş təbəssüm" poemasında şəhid baş leytenant Elvinin qəhrəmanlığını ürəyə yatımlı misralarla Azərbaycana, eləcə də bütün TÜRK dünyasına tanıdır. Vətənin mərd oğlu Elvinin igidliyini şair oxunaqlı misralarla həm də belə təsvir edir:

... Mən cəsarət toxumuyam,

Səpin məni, dən-dən səpin.

İSAQ-MUSAQ quşuyam mən,

Tapın məni, məni tapın.

 Yaxud,

...Göyərəcəm dağda-daşda,

Köç eyləyən neçə köçdə.

Birdə, üçdə, bəlkə beşdə,

Tapın məni, məni tapın...

Fəridə Ləman Vətənin igid oğlu Elvinin ürəyindəki Vətən sevgisini, Vətən məhəbbətini çox böyük sevgi ilə, ürək yanğısı ilə qələmə aldığı əsərdə oxucunu düşündürən misralarla və sözün qüdrətiylə dilə gətirərək, Azərbaycan oxucusuna çatdıra bilib. Poemada şair şəhidliyi ucadan da uca tutaraq deyir:

...  Bir əlin üstündə,

Min əl birləşər-

Şəhid deyəndə!

Vətən böyükləşər,

Min yol iriləşər-

Şəhid deyəndə!

Hönkürər zirvələr,

Bulud yaşını,

Bəyaz şəlalələr

Yolar saçını-

Şəhid deyəndə.

Torpağın boynunda

Qalmaz zəhməti,

Dağlar qürurlanır,

Göylər çaxnaşır-

Şəhid deyəndə!

Həqiqətən, şair çox gözəl yazıb bu misraları. Çünki ŞƏHİD adı bütün adlardan ucadır!

Şair çox dolğun şəkildə yazdığı bu əsərdə şəhidin anasının dili ilə ürəkləri kövrəldən bayatılar da qələmə alıb. Həmin bayatıların bir neçəsini oxucuların nəzərinə də çatdırıram:

 Bu bayatıda şəhid anasının ah-naləsi səslənir:

Araz balam, Kür balam,

İşıq balam, nur balam.

İnsaf elə anana,

Aç gözünü, dur, balam.

Oxuculara xatırlatdığım könülləri göynədərək duyğulandıran bu bayatıda ananın igid şəhid balasının ölümünə dözmədiyini onun ah-naləsilə eşidirik:

Dözmürəm,

Atəşdəyəm, dözmürəm,

Ay Elvin, anan ölsün,

Sənsizliyə dözmürəm...

Söylədiyi digər bayatıda isə şəhid oğlunun həyat yoldaşının ağlar qaldığını qəlbinin göynərtisi ilə, yana-yana dilə gətirir ana:

Ağlar qaldı,

Gəlinim ağlar qaldı.

Sinəmizə çəkdiyin,

Silinməz dağlar qaldı.

Bu bayatıda isə gənc oğlunu vaxtsız itirən şəhid anası oğlunun yoxluğu ilə barışa bilmir:

Yurd-yuvamı  itirdim,

Baharımı  itirdim.

Günəş haradan doğur?

Səhərimi  itirdim.

 Yaxud da, digər bir bayatıda isə şəhid anasının oğul yoxluğundan yanan ürəyinin ağrısını duyuruq:

Gözlərim tordu sənsiz,

Ürəyim qordu sənsiz.

Dərdim bir qara zəli,

Qanımı sordu sənsiz.

Vətənpərvərlik mövzusunda yazılmış bu əsərin könülləri alışdıran, qəlbləri göynədən ən ağrılı məqamlarından biri də şəhidin anasına üz tutub söylədiyi fikirlərdi. O, sağ-salamat qayıdıb gələcəyini anasına söyləyir:

Yığ gözünü daha yoldan,

Köks ötürmə sağdan, soldan.

Soruşma yağışdan, seldən,

Gələcəm, Anam, gələcəm!

Yaxud:

Aç yollara qucağını,

Qoyma sönsün ocağını.

Gözlə günün hər çağını,

Gələcəm, Anam, gələcəm.

Onu da qeyd edim ki, aşağıdakı  misraları həyəcansız oxumaq olmur:

Şimşək çaxıb nur saçanda,

Bənövşə gülü açanda.

Quşlar yuvadan uçanda,

Gələcəm, Anam, gələcəm!

Poemadan qeyd edəcəyim bu bəndi isə yana-yana oxumamaq mümkünsüzdür. Bu qoca dünyadan cavan köçmüş şəhid Elvin belə deyir anasına:

Quzulamamış həsrətin,

Cücərməmiş ah, xiffətin.

Boynumda qalıb zəhmətin,

Gələcəm, anam, gələcəm.

Şəhidin dilindən yazılan bu misraları könül göynərtisi ilə, qəlb yanğısı ilə oxuyuruq. Həqiqətən də, bütünlüklə vətənpərvərlik mövzusu ilə əhatələnən bu əsərə bir qədər diqqətlə nəzər yetirəndə oxucu çox ciddi düçüncələrlə üz-üzə qalır.

Ürəklərimizi sızladan bu əsərdə Elvinin bəysiz keçən nişan günü də yer aıb:

Nə qəribə taledir,

Sanki elə əvvəldən

Nə olacaq bəllidir.

Elvin gələ bilmədi,

Nişanı bəysiz keçdi,

Xoş günü onsuz keçdi.

Bəlkə elə ondaca

Taleyi küsüb getdi...

Bu misralar da əlbəttə, hər birimizin köksünü göynədir, ürəyimizi yandırır. Axı bu ağrılı misralarda şəhid bir oğulun nakam taleyindən söhbət gedir. Poemanın digər misralarında olduğu kimi bu misraları da yanmadan, kövrəlmədən oxumaq  mümkün deyil.

Fəridə Ləmanın ürək göynərtisi ilə yazıb ərsəyə gətirdiyi bu poemanın əsas məqamlarından biri də şəhidin atasının dilindən yazılan kövrək misralardı. Həmin misralardan bir neçəsini diqqətə çatdırmaq istəyirəm. Şair xanım şəhidin atasının diliylə deyir bu yanğılı misraları:

Mən VƏTƏN böyütdüm,

Vətən içində,

Verdi imtahanı el qarşısında.

O, elə oğuldu

Vətən deyəndə,

Şimşək kimi çaxardı,

Elə bil od yanardı.

Uşaqlıqdan

Səngər-səngər

Oynamağı sevərdi.

Dost-düşməni

Bir-birindən seçərdi.

Gözlərindən keçirərdi

Dağı, daşı yüz dəfə.

"Silahından" atəşini

O, atardı hədəfə.

Bax, o, belə böyüdü

Qəhrəman Elvinimiz.

Oğlumun ürəyində,

Vətənə məhəbbət,

Yağıya nifrət.

Sözün əsl mənasında hünərli oğul Elvin bu misralarda əks olunduğu kimi, Vətənin igid oğlu idi. O, Vətənini canından çox sevirdi, elə bu misralarda yazıldığı kimi. Elvinin Vətən sevgisi, Vətən məhəbbəti onu çox gənc yaşında şəhidlik zirvəsinə ucaltdı. Bu qoca dünyada çox az, 26 il ömür yaşadı şəhid Elvin.

Vüqarlı, qorxmaz Elvinimiz gecə-gündüz göz bəbəyi kimi qoruduğu Vətənin uğrunda canını qurban verdi.

Poemada diqqət çəkən bir nüansı da qeyd etməmək olmaz. Elvinin son döyüşünü əsərdə çox yüksək səviyyədə əks etdirməyi bacarıb Fəridə Ləman. Yoxluğu ilə baş-başa qaldığımız, yurdun əziz oğlu Elvinin şəhidlik məqamına çatdığı anlar bu misralarda çox dəqiqliklə yer alıb:

... Bir yaz günü,

 O ağrılı gecədə,

Elvinin dəstəsi

Dörd maşın zalım düşməni

Bir andaca məhv edir.

Lələtəpə yüksəkliyi,

İşğaldan azad olur.

Dəstə durmadan irəliləyirdi,

Düşmənin bağrın dəlirdi.

Amma hiyləgər düşmənlər,

Arxada dayanmışdılar.

Qızğın döyüş gedirdi,

Elvin durmadan-

İrəli, irəli deyirdi.

Elə bu vaxt qəflətən,

Bircə göz qırpımında,

Düşmənlərin atdığı

Minaların qəlpəsi

İgid oğul Elvini,

Başqa bir minanın üstünə atır.

Sanki yerin-göyün

Qulağı  batır...

Beləcə, Elvinin cavan ömrü bir andaca sona yetir. O, bu dünyaya gözlərini əbədi yumur. İgid Elvin canından çox sevdiyi Vətən torpağında şəhid olaraq, əbədiyyətə qovuşur. Beləliklə, gənc bir oğul dünyadan çox vaxtsız köçür.

Ürəklərimizi parçalayan aşağıdakı misralarda deyildiyi kimi:

Bitdi bir ömürün nağıl dünyası,

Bitdi bir ömürün oğul dünyası.

Təngidi  torpağın, Göyün nəfəsi,

Gəlmədi bir daha Elvinin səsi...

Bu misraları oxuduqca insanın ürəyi od tutur, yanır, alışır.

Yaradıcılığını əsasən vətənpərvərik mövzusuna həsr edən Fəridə Ləman şəhid Elvinə ithaf etdiyi poemanı son söz əvəzi yerinə yazdığı bu misralarla bitirir:

Sən ey Vüqarlı oğul,

Ömrü baharlı oğul.

Bu el, Vətən sənindir,

Günəş səhərli oğul.

Sənə layiq sözmü var?

Sönməz ocaq,  közmü var?

Qələm donub əlimdə,

Kimdə dərdə dözüm  var?

Oxucuların nəzərinə çatdırım ki, bu əsərin gənc nəsillər üçün çox böyük tərbiyəvi əhəmiyyəti var. Şəhid Elvinin şərəfli ömür yolu gənclərimizə ən böyük nümunədir.

Vətənpərvərlik ruhunda yazılan belə əsərlər gənclərdə Vətənə məhəbbət hissini aşılayır. Bu kimi əsərlər nə qədər çox yazılsa, daha yaxşı olar. Qələminiz iti, sözünüz kəsərli olsun, hörmətli Fəridə Ləman...

 

(Ardı gələn sayımızda)

 

Xatirə  Əziz ( Rəhimli)

Şair- jurnalist