Prezident hədəfləri göstərdi, növbə medianındır



 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

Məmur savaşına alət olan mətbuat media deyil

Ölkə prezidenti İlham Əliyevin oktyabrın 15-də ilin 9 ayının yekunlarına həsr olunmuş iqtisadi müşavirədə bir sıra dövlət orqanlarının ünvanına səsləndirdiyi tənqidi fikirlər və bu barədə aidiyyatı dövlət qurumlarına verdiyi müvafiq tapşırıqlar ictimaiyyətdə müsbət rezonans doğurub. Müşavirəni ölkədə başlanan yeni dövrün başlanğıcı da adlandırmaq olar. İqtisadi müşavirə bundan əvvəl keçirilən ənənəvi hökumət müşavirələrindən həm mövzusuna, həm də formatına görə də tam fərqləndi.

Müşavirə gözlənildiyindən daha sərt, tənqidi və konkret məzmun kəsb etdi. Cənab Prezident çıxışının əvvəlində ölkəmizin qazandığı müsbət iqtisadi nəticələrdən bəhs etdi. Vergilər Nazirliyinin fəaliyyətini təqdir edən Prezident ölkədə vergi sistemində mövcud olan bir sıra mənfi halların aradan qaldırılmasının müsbət nəticələrindən danışdı. Vergilər Nazirliyinin ölkədə ikili mühasibatlıq sisteminin aradan qaldırılması, vergidən yayınanların qarşısının alınması və ciddi cəzalandırılması istiqamətində gördüyü işlər  Prezident tərəfindən yüksək qiymətləndirildi və təqdir olundu.

Prezident rüşvətxorluq və korrupsiya barədə də çox sərt danışdı: "Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda aparılan mübarizə bizi qane edə bilməz. Çünki biz bilirik ki, RÜŞVƏT və KORRUPSİYA halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni bu bizə keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyatı qurumlar, o cümlədən vətəndaşlar."

Təəssüf ki, cənab Prezidentin bütün çıxışlarında ölkədə tüğyan edən rüşvət və korrupsiya hallarının aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsi tələbinə əməl edilmir, nazirlər, komitə sədrləri, icra başçıları, hüquq - mühafizə orqanları, əksər məmurlar bu tələbin yerinə yetirilməsinə biganə yanaşırlar və Prezidentin haqlı tələbini təmin etmirlər. Dövlət və millət isə bu eybəcərlikdən əziyyət çəkir, çarəsiz halda şikayətlənir. Lakin heç kim çalışdığı dövlət qurumunda mövcud olan rüşvətxorluğun, korrupsiyanın durdurulması üçün üzərinə düşən vəzifəni yerinə yetirmir.

Cənab Prezident müşavirədə dövlət büdcəsinin müəyyən edilməsi zamanı dövlət qurumlarından daxil olan sifarişlərin şişirdilməsi hallarını da ciddi tənqid etdi. Bu sahədə baş verən qanunazidd hallardan söz açdı və bu cür hallardan sui-istifadə edənlərin məsuliyyətə cəlb olunacağını bəyan etdi. Büdcə sifarişi verənlərin cavabdehlik məsuliyyətinin artırılmasını önə çəkdi.

Həmçinin, müşavirədə cənab Prezident hökumətdə təmsil olunan ayrı-ayrı məmurların bir-birini mətbuat vasitəsilə şantaj etməsinə də münasibət bildirdi. Qeyd etdi ki, bu cür halların baş verməsi yolverilməzdir və belə hərəkətlərə yol verən kadrlarla birlikdə işləmək mümkün deyil. Cənab Prezidentin məmurların mətbuatdan bir-birinə qarşı şantaj silahı kimi istifadə etməsini dilə gətirməsi təsadüfi deyil. Çünki ölkənin sosial şəbəkələrində və mediada məmurların yerli-yersiz böhtan, yalan arqumentlər əsasında şantaj olunması adi hala çevrilib. Hər bir məmurun nəzarəti altında fəaliyyət göstərən kifayət qədər media quruluşları ölkənin xəbər məkanını zəbt edərək, cəmiyyətə zəhər üfürməklə məşğuldur. Məmurların nəzarətində olan trol komandasının sayı-hesabı minlərlə ölçülür.

Cənab Prezidentin qeyd etdiyi kimi, ölkə mətbuatında gedən və aydın görünən məmur qarşıdurmaları dövlətə və hakimiyyətə yetərincə ziyan vurur və ölkə başçısının sosial-siyasi, iqtisadi siyasətinin həyata keçməsinə və onun nəticələrinə mənfi təsir göstərir. Mətbuat adına iddia edən, yaramaz fəaliyyətilə ölkəni qarışdıran və məmurların əlində qisas silahına çevrilən internet media resurslarının Azərbaycanı xoşagəlməz duruma salması reallıqdır.

Mətbuatı hakimiyyətdaxili qrupların mübarizə vasitəsindən dövlətin təbliğat və təşviqat vasitəsinə çevirmək indi həmişəkindən daha vacib vəzifədir. Ona görə də hər birimiz ölkə Prezidentinin mətbuatın ünvanına söylədiyi tənqidi fikirlərdə ifadə olunan narahatlığı dərk edərək, mətbuatı bataqlığa sürüyən mənfi hallardan qorumağa çalışmalı, mətbuatın kimlərinsə əlində düşmənçilik, qisas, şantaj silahına çevrilməsinə imkan verməməliyik.