“Qola qədər o, səhv etdi” - Qriqorçuk



 

Topaz Premyer Liqasının 12-ci turunda səfərdə “Neftçi”yə qalib gələn (3:2) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

- Bu, turda son matç idi. Bizdən öncə əsas rəqiblərimiz turu 3 xalla başa vurmuşdular. Buna görə, bu gün qalib gəlməli idik. Oyundan razı qaldım. Əsas odu ki, 3 xal qazandıq. Bizim üçün vacib qələbə idi. Sevinirəm ki, bu gün qalib gəldik.   

- Uzun boylu müdafiəçilərə sahib olsaz da, standart vəziyyətlərdə qollar buraxırsız. Bunun səbəbi nədi?
- Düzdü, boy cəhətdən hündür oyunçularımız var. Lakin hər şey boydan asılı deyil. “İkinci mərtəbə”də oynamağı bacarmaq lazımdı. Standart vəziyyətlər zamanı çox həyəcan keçiririk. Bunun üzərində işləmək lazımdı. 

- Hesab 2:2 olan zaman hansı hissləri keçirirdiz?
- Həmin anda nəticə barədə düşünmürdüm. Oyunun sonuna hələ vaxt var idi. Sadəcə, necə qələbə qazana biləcəyimizi düşünürdüm.

- Oyunda çox erkən əvəzləmə etdiz. Elvin Məmmədovun yerinə Ruslan Qurbanova şans verdiz. Belə tez əvəzetməyə səbəb nə idi?
- Qola qədər Elvin səhv etdi. Standart vəziyyətdə də həmçinin. Bu cür səhvə yol verməməli olduğunu demişdik. Onun əvəzlənməsi cəzalanması ilə bağlı deyil. Sadəcə, yenidən eyni səhvə yol verməsini istəmədim.

- “Neftçi” ilə ilk oyundakı qələbə ilə bu qələbə arasında nə kimi fərq görürsüz?
- Birinci oyundan da öncə demişdim ki, “Neftçi” güclü komandadı və turnir cədvəlində öz yerində deyil. Bu komandanın potensialı var və bunu nümayiş etdirir. Bu gün bunun bir daha şahidi olduq.

- Qış fasiləsi ilə bağlı hansı planlarınız var?
- Planlar yalnız kağız üzərində mövcuddu. Təəssüf ki, keçən il belə hal olmuşdu ki, planlaşdırdığımız oyunlar sonra baş tutmadı. Ona görə də, əvvəlcədən nə isə demək istəmirəm. Bununla bağlı komandanın meneceri Səbuhi Səfiyarlıya müraciət etməyiniz məsləhətdi.

- Ötən mövsüm əsas heyəti daha tez formalaşdırmışdız, bu mövsümdə isə hələ də axtarışdasız...
- Bununla razıyam. Bu il əsas heyətimiz tam formalaşmayıb. Bunun da bir neçə səbəbi var. Məsələn Ozobiçin zədələnməsi kimi. Qış fasiləsindən sonra əsas heyəti formalaşdıra biləcəyik.