Ölümqabağı mükafatlar kimə və nəyə lazımdır?



 

Zamanında verilməyən qiymət...

 

Tarixdə Nizami Gəncəvi, Seyid Məhəmməd Füzuli, Nəsimi kimi korifeylər tanıyıram ki, onlar zamanələrində heç bir fəxri ad, mükafat almayıblar. Buna baxmayaraq, xalqımızın tarixində və qəlbində daim yaşayacaqlarına şübhə yoxdur.

Lakin dövrümüzdə yaşayan korifey sənətkarların sağlığında dövlət tərəfindən fəxri ad, orden, medalla, qiymətli mükafatlarla mükafatlandırılması ənənəyə çevrilib. Bunu təqdirəlayiq hal sayıram.

Amma bu cür mükafatlandırma hadisələrində bəzən ciddi səhvlərə yol verilir. Bu səhvə dövlətin bu sahədə görəvləndirdiyi vəzifəli şəxslər yol verirlər.

Bu prosesdə qəsdən yol verilən xoşagəlməz hal, hakimiyyətə və hakimiyyəti təmsil edən vəzifəli şəxslərin fəaliyyətinə tənqidi yanaşan yaradıcı insanların haqq etdiyi mükafatın verilməməsi və ya gec verilməsidir.

Məsələn, bu günlərdə mətbuatda hörmətli şairimiz Musa Yaqubun prezident  tərəfindən "xalq şairi" fəxri ada layiq görülməsi mükafatının mədəniyyət naziri Ə.Qarayev tərəfindən şairə təqdim edilməsi faktına rast gəldim.

Bundan vətəndaş kimi həm sevindim, həm də məyus oldum! Sevincimin səbəbi aydındır. Məyus olmağım isə, Musa Yaqub kimi vətənpərvər insana, şairə, söz xiridarına "xalq şairi" fəxri adın nə üçün indi, çox gecikdirilmiş, ömrünün az qalan son məqamında verilməsi idi!

Bilirsiniz, Musa Yaquba millət vəkili mandatı verən hakimiyyət ona bu mükafatı niyə  bu qədər ucuzlaşdırıb verdi?! Əslində bunu bilən çoxdur, lakin bilməyənlər üçün deyirəm- çünki Musa Yaqub hakimiyyəti çox tərifləmədi, əksinə, bəzi işlərə görə hakimiyyəti yüngülcə tənqid etdi.

Bu yaxınlarda şair Oqtay Rza da dünyasını 85 yaşında dəyişdi. Şair xəstə olarkən Salyan ziyalıları ona " Xalq şairi" fəxri adın verilməsi üçün mətbuatda müraciət etmişdilər. Bu müraciət məmurlar tərəfindən qulaqardına vuruldu və bu barədə bəlkə də, heç Prezidentə də məlumat çatdırılmadı. Amma Salyan ictimaiyyətinin müraciəti və verdiyi təklif Oqtay Rzanın halal haqqı idi. Verilmədi və şair dünyadan köçüb getdi.

Maraqlıdır, görəsən, ölkəmizin və xalqımızın həyatında heç bir dəyərli  xidməti olmayan məmurlara, «manıslara» hər gün paylanılan fəxri adlar, orden və medallardan yaradıcı sənət adamlarına, milli tariximizi şərəflə yazanlara nə üçün verilmir və yaxud ölümqabağı, bəzi hallarda isə ölümdən sonra verilir?!

Bunun adı və mənası nədir? Mən bilmirəm, bilən varsa, desin, biz də bilək.

 

Şahnaz Salehqızı