Kimdir müqəssir?



 

Xidmət obyektlərində soyğunçuluğa səbəbkar nəzarətsiz məmurlardır

Azərbaycan müsəlmanların əksəriyyət təşkil etdiyi islam dövləti olsa da, ölkədə islam qayda-qanunlarına, xalqımızın milli adət-ənənələrinə və əxlaqına əksər yerlərdə, xüsusən də ictimai iaşə, xidmət və istirahət obyektlərində hörmətsizlik edilir. Son illər Qərbə inteqrasiya məqsədilə Avropa mədəniyyətinin müsbət ideyalarına yiyələnmə pərdəsi altında, dünyanın heç bir mədəni ölkəsində rast gəlinməyən "hədsiz qaydalar" Azərbaycanda soyğunçuluq məqsədilə tətbiq olunur.

Məsələn, Bakı şəhərində fəaliyyət göstərən ictimai iaşə, xidmət obyektlərində,  restoranlarda, xüsusən Dənizkənarı Bulvarda, ölkəmizin turizm bölgələrində sadə çay içmək müşkülə çevrilib. Ölkənin ictimai xidmət obyektlərində, restoranlarda bir stəkan çay içmək sözün tam mənasında problemdir. Bu baxımdan Dənizkənarı Bulvarda vəziyyət daha dəhşətlidir. Burada hansı çayxanaya gedib çay sifariş edirsən, "bizdə sadə çay verilmir!" -  cavabı alırsan. Adam bu cür sözləri eşidəndə əsəbləşib, koma vəziyyətinə düşə bilər. Xidmət edən şəxsin - "müdiriyyətin tapşırığı belədir, bizdə günah yoxdur, sadə çay verilmir, çayı yalnız dəsgah şəklində, ləbləbi ilə verə bilərik, qiymətlər 15-20 manatdan başlayır!"- cavabının adamı hansı vəziyyətə saldığını hər kəs bildiyi üçün, hesab edirəm ki, bunun daha geniş izahına ehtiyac yoxdur.

Ölkəmizdə elə mötəbər ictimai xidmət obyekti yoxdur ki, sadə çay içmək üçün daxil olduğun həmin obyektdə xidmətçilərin yuxarıda qeyd etdiyim kimi, adamı şoka salan müdhiş cavabına rast gəlməyəsən. Məsələn, dünən saat 13:45 -də "Cratos" restoranına zəng vurdum, dedilər ki, bizdə təkcə çay verilmir. Səbəb nədir sualına cavab belə oldu ki, bizdə bir nəfər minimun 30 manat ödəməlidir. Mən soruşanda ki,  əgər müştərinin  30 manatı yoxdursa, "Cratos"a gəlməyin mənası yoxdur? Cavab verən şəxs dedi ki, bəli, bizə bu şərtlərə əməl etməyimiz tapşırılıb.

"Niaqara" restoranından isə bildirdilər ki, orda yemək yemədən çay içə bilməzsən. Soruşduq hansı səbəbdən təkcə çay içmək olmaz burda? Dedilər ki; "Çünki hamı evində yeyib gəlib burda çay içərsə, onda ora "bardak"xanaya çevriləcək".

"Neolit" restoranından isə hər bir nəfər üçün çayın qiymətinin 20 manatdan olduğu deyildi. Deməli, 3 nəfərdən ibarət ailə maya dəyəri 60 qəpiyə başa gələn çayı "Neolit"də 60 manata içməlidir.

Oxuculara məlumdur ki, yazılarımın əksəriyyətində ölkədə olan bütün obyektlərin, o cümlədən ictimai xidmət obyektlərinin məmurlara məxsus olduğunu dəfələrcə  qeyd etmişəm həm də təkcə mən yox. Bu qeydlərin əsas məğzi ondan ibarətdir ki, ölkəmizə gələn xarici qonaqlar, turistlər və Azərbaycan xalqı məmurlar tərəfindən bütün istiqamətlərdə, o cümlədən xidmət obyektlərində amansızcasına soyulur. Sanki bu hərəkətin ölkəmizin inkişafına mane olan, dövləti hörmətdən salan ən ciddi nöqsan olduğu hakimiyyət tərəfindən nəzərə alınmır.

Əgər həqiqətən ölkəmizdə turizmi inkişaf etdirib, bu sahədə dünyanın brend ölkələrindən birinə çevrilmək fikrindəyiksə, o zaman məmurların xidmət sahəsində yaratdıqları özbaşınalığa və soyğunçuluq hərəkətinə son qoyulmalıdır.

Hazırda ölkəmizin hər yerində geniş yayılan, lakin əhali arasında soyğunçuluq şəbəkəsi kimi tanınan "ailəvi istirahət mərkəzləri"ndə baş verən mənfi hadisələr dövlətimizin və xalqımızın din, şərəf, ləyaqət, əxlaq normalarına tamamilə ziddir. Bu obyektlərin ölkənin hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinə məxsusluğu da xalqa çoxdan məlumdur. Xalq dini, milli-mənəvi, əxlaqi dəyərlərimizə ləkə salan bu cür obyektlərin ölkəmizdə fəaliyyət göstərilməsinə şərait yaradılmasını hakimiyyətin ən dözülməz hərəkəti kimi dəyərləndirir. Xalqın hazırda hakimiyyətdən ciddi narazılığını özündə əks etdirən videoların internetdə, youtubda geniş yayılmasının əsas səbəblərindən biri də, ölkəmizdə əxlaqsızlıq yuvasından azacıq  fərqlənən ictimai iaşə və xidmət obyektlərinin günbəgün çoxalmasının qarşısının alınmaması və onların sadə, maddi cəhətdən zəif insanları narazı salan fəaliyyətinə son qoyulmamasıdır.

Bir sözlə, ölkəmizdə fəaliyyət göstərən ictimai iaşə və xidmət obyektlərində hökm sürən qanunsuzluqların heç bir hədd tanımaması, xüsusən də, bu sahədə qiymətlərə dövlət nəzarətinin unudulması, hərc-mərciliyin daha geniş vüsət alması ilə nəticələnib.

Respublikamızın məşhur istirahət və əyləncə obyektlərində, o cümlədən Bakı Dənizkənarı Bulvarda adi qaydada çay içməyin sahibkarların tamahı üzündən problemə çevrilməsi, əhalinin soyğunçuluğa məruz qalması, ilk növbədə şəhər rəhbərliyinin xalqa göstərdiyi etinasızlığın və hörmətsizliyin əlamətidir.

Şahnaz Salehqızı