“Vaxtında bilsəydim, onu bazadan qovardım” - Millinin məşqçisi Elnur Cəfərov haqqında
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində evdə Kosovo ilə qolsuz bərabərə qalan Azərbaycan yığmasının baş məşqçisi Samir Ələkbərov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Qafqazinfo" xəbər verir ki, Ələkbərov birbaşa sualları cavablandırıb.
- Epizodların birində rəqibin baş məşqçisinə sərt reaksiya verdiniz. Bununla bağlı nə deyə bilərsiz?
- Hamınız məni səmimi insan kimi tanıyırsız. 3 aydı ki, anadan əmdiyim südü burnumdan gətirirlər. Hamınız boksa baxırsız. Ardıcıl 2 matçda noqdauna düşdük. Ondan sonra ayılmaq istəyirdim. Əgər bu gün nəsə emosional reaksiya verdimsə, üzr istəyirəm. Rəqibin baş məşqçisi hər şeyə etiraz verirdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər şey meydanda qaldı. Oyundan sonra da görüşdük.
- Elnur Cəfərov Almaniya ilə matçdan (0:7) sonra bahalı avtomobillə fotosunu paylaşdı. Bu gün isə sosial şəbəkədə azarkeşi söhbətə çağırıb...
- Mənim bundan xəbərim olmayıb. İnternetdən istifadə etməmişəm. Almaniya ilə oyundan sonra necə otağa girmişəmsə, bu gün çıxmışam. Elnur və bəzi oyunçular bundan öncə İslam Həmrəyliyi Oyunlarında da lotuluq etmək istəmişdilər. Sonra isə hərəkətlərinə görə üzr istəmişdilər.
- Elnur Cəfərov son hərəkətinə görə cəzalanacaqmı?
- Mütləq. Təkcə biz yox, klubu da onu cəzalandırmalıdı. Vaxtında bilsəydim, onu bazadan qovardım.
- Baş məşqçi kimi işinizi davam etdirməyi istəyirsizmi?
- Mən bütün məşqçilərimizə mənim kimi köməkçi olmağı arzulayıram. Mən buraya 3 oyunluq gəlmişdim. Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsınız, deyər. Almaniyada məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım. Sağ olsunlar ki, iki məğlubiyyətdən sonra mənə millini üçüncü oyuna çıxarmağa imkan yaratdılar.
- Cərimə zərbələrindən komandanız çox pis istifadə edirdi. Bunu nə ilə izah edərdiniz?
- Mən nə qədər tapşırsam da, komanda meydanda öz bildiyini edirdi. Qərarı futbolçular verirdi. Tapşırıq verəndə təsdiq işarəsi göstərsələr də, yenə öz bildiklərini edirdilər. Rusca da, azərbaycanca da deyirdim, yenə xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdı.