“Dünənin dərsləri – bu günün həqiqəti”



 

Aşıq  Ələsgər yaradıcılığı haqqında bir sıra sənətkarlar, söz adamları maraqlı, orijinal fikirlər yazmışdır. Bu sənətkarlardan xalq şairi Osman Sarıvəlli, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub və başqalarının fikirləri daha qiymətli, özünəməxsusdur.

Hər sənətkar təbii ki, özünəməxsus tərzdə izah edirdi, Ələsgər şerindəki dərinliyi. Bu dərinlik təbii ki, ürfan şeri ilə əlaqədardır Ələsgərin yaradıcılığında. Xalq şairi Osman Sarıvəlli Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında yazdığı kitabda (Bakı, Gənclik, 1971) belə qeyd edirdi:

“Ələsgərin müasirlərindən fitri istedada malik aşıqlar az deyildi. Bununla belə onların heç biri Aşıq Ələsgər səviyyəsinə qalxa bilmədi. Sənətkarın tərəqqi və inkişafında fitri istedad və qabiliyyətlə yanaşı bir sıra başqa səbəblər və alimlər də mühüm rol oynayır. Öz sənətini dərindən sevmək, ona sahib olmaq, hakim olmaq və bu yolda yorulmadan səy göstərmək, ömür-gün qoymaq da çox vacib şərtdir”.

Aşıq Ələsgər kimi ədiblərin yaradıcılıq tarixini öyrənmək ədəbiyyatın bir çox dərin problemlərini öyrənmək baxımından da əhəmiyyətlidir. Bizim tarixən yaranmış ədəbi cərəyanlarla əlaqədar ədəbi şəxsiyyətlərin ədəbi mövqeyini öyrənmək istedadımız da bu şərtlər üzrə inkişaf edə bilər dünyagörüşü nöqteyi-nəzərindən.

Aşıq Ələsgər ədəbi məktəbi bizə aşıq şerinin fəlsəfəsini üzdən deyil, dərin məzmunu ilə birlikdə izah edə bilər.  Aşıq şerinə yalnız sənət məktəbi kimi baxanlar ədəbi janrların bədii sənətkarlıq xüsusiyyətlərini öyrəndikcə, ədəbi məsələlərə, ədəbi anlayışlara fərqli mövqedən yanaşmaq tərzi də inkişaf edir. “Vücudnamə” bizə yaradıcılıq psixologiyasının yaş psixologiyasından asılılığını da arifanə şəkildə aydınlaşdırırdı.

Müləmmələr bizə ədəbi əlaqələrin klassik məzmununu, müəmmalar fəlsəfəsi mahiyyətini aydınlaşdırır rəqəm metaforalarına uyğun şəkildə. Bu mənada aşıq şeri dərin bir məktəbdir Şərq xalqları tarixində. Əlifba şeirlərinin yaranması da müəyyən qədər aşıq şerilə əlaqədardır tarixən... “Vücudnamə” sxolastik bilgilərlə də əlaqədar idi. Bəzi nümunələrdə adı çəkilən əsərlər professor Ə.Mirəhmədovun qeydlərində göstərilir ki, köhnə məktəblərdə dini-sxolastik fənn adlarıdır.

Bu əsərlər bizə təriqətlər tarixinə dair çoxlu nəzəri faktları da aydınlaşdırırdı, bizi bir çox dərin mətləblərdən agah edirdi. Bir sözlə ədəbi məzmunlu, fəlsəfi mahiyyət kəsb edən anlayışların olduğu kimi başa düşülməsi üçün bizim terminlər, terminoloji-təhlilə daima böyük ehtiyacımız vardır. Bu anlayışlar və mühakimələr bizə çox şeylər izah edir. Bəzi tarixi şəxsiyyətlərin keçdiyi ağır həyat yolu nələri öyrədir bizə!? Bir an düşünməli olursan... Sanki, Yer üzündə gedən mübarizələr xalqlar və kütlələr arasında deyil, “mənəvi mübarizə” kimi gənc və orta nəsil arasında gedir daim. “Yaşlı” nəsil də onları seyr edir, “zəiflər” də yaşlılara qoşulur sadəcə. Bu söhbəti bir yaşlı ziyalıya nəql edəndə, mənimlə razılaşmadı. Onunla qətiyyən əks fikirdə olmaq istəmirəm, çünki bir ayə-yə istinad edirəm: “Allah-a qalar bütün işlər”

Qısacası, yəni haqq olanı Allah bilir, biz sadəcə fikrimizi bölüşürük. Aşıq Ələsgərin həyatı ilə bağlı yazılan tədqiqat əsərlərində ürəkağrıdıcı qeydlər çoxdur. Mən isə, yalnız şairin irfan şeirlərindən, bu əsərlər barədə yazılan istedadlı ziyalı fikirlərindən, qeydlərdən söz açmaq istəyirəm. Müasir ədəbi nəsil bir məsələni də düzgün əsaslandırmalıdır ki, təkmilləşmə sağlam ədəbi-tənqidi təfəkkürdən, sağlam dünyagörüşü meyllərindən yaranır. Biz tarixən yaranmış bütün ədəbi cərəyanlara da, fəlsəfi cərəyanlara da bu mövqedən yanaşmalı, məqsədyönlü səhv yozumlara da, anaxronizm meyllərinə də, sağlam düşüncə mənbələrinə də əsaslı qiymət verməyi yəqin ki, bacarmalıyıq.

Klassisizm və modernizm arasında bir-birinə paralel xəttlərlə bağlı bir inkişaf mövqeyi mövcuddur, bunu unutmaq olmaz. Məsələn, purizm cərəyanının müəyyən əsaslı mövqeyini də bilinqvizmin humanist əsasları üzrə qiymətləndirməyi bacarmalıyıq - əsassız tərəfləri ilə yanaşı. Klassik təcrübədən aqnostik əsaslar üzrə subyektivizm təcrübəsilə-prinsipilə heç nə öyrənməsək, sağlam tənqidi təfəkkürə qovuşa bilmərik. Bu da, məhz Aşıq Ələsgər kimi ustadların sənətindən başlayır. Bu xətt Ə.Yəsəvidən, C.Rumidən, Y.Əmrədən tutmuş Ələsgərə kimi davam edirdi.

Aşıq Ələsgər haqqında yazılmış digər əsaslı qeydlərə nəzər salaq. Xalq yazıçısı Anarın aşıq sənətinin istedadlı nümayəndəsi Ələsgər barədə yazdığı fikirlər çox əlamətdar, məziyyətlidir elmi-ədəbi dəyər etibarilə. Anar müəllim yazırdı:

“Ələsgər şeiri bütöv bir insan ömrünü əhatə etmişdir. Əlinə yenicə saz almış bir gəncin “odlu çağından” müdrik bir qocanın “məni qoca gördü, rübəndin açdı” deyə bir qədər şıltaq gileyinə qədər, bütöv bir insan taleyi, qəmi, fərəhi, acısı, şirini ilə bu poeziyada əks olunub. Bax bu zənginlik, çoxçşalarlılıq, palitra əlvanlığından da müasir şerimiz çox şey götürə bilər”.

Anar müəllimin bu fikirlərində güclü elmi müşahidənin, bədii biliyin, təcrübənin izləri vardır. Ələsgər şeri doğrudan da daima öyrəniləsi, məzmunundan çox şey əxz ediləsi bir məktəbdir. Xalq şairi Zəlimxan Yaqub onu “Aşıq şerinin Füzulisi” adlandırmaqda nə qədər haqlıdır. Bu sözlər “Əlifba şeirləri”ni ustalıqla qələmə alan Dədə Ələsgərin klassik ustad şairlərimizlə birləşdirirdi.

Bu şeirləri Nizami də, Xaqani də, Nəsimi də, Füzuli də, Xətai də və figər ədiblər də müəyyən qədər yazırdı. Ələsgər şerində isə, bu cür şerlər özünəməxsus qələm təcrübəsilə meydana gəlirdi. Misralarda klassik müəmmalara xas bədii mənaların rəqəm metaforaları ilə ifadə olunan rəmzi-simvolik məzmunu irfan şerinin özünəməxsus cəhəti idi, odur ki, Aşıq Ələsgər bu cəhəti sənətkarlıqla əsərlərində əks etdirirdi. Zəlimxan Yaqubun “Aşıq şerinin Füzulisi” məqaləsindən aşağıdakı sözlərə fikrimizi tamamlamaq istəyirik:

“Onun poetik təfəkkür dünyasında “Ustadnamə”nin dərinliyi də var, “Deyişmə”lərin çevikliyi, hədəfə vurmağı da, “Hərbə-zorba”ların savaş meydanı da var, “Təcnis”lərin zərifliyi, sığalı da, “Qıfılbənd”lərin tapılmaz açarı da var, “Müəmma”ların açılmaz düyünü də, “Vücudnamə”lərin sözlə çəkilən şəklidə var, “Duvaqqanma”ların dastanları qoparması da, “”Gözəlləmə”lərin gözəlliyi də var, “Şikayətnamələrin ürəkləri yandıran üsyanı da!”

 

*******

 

(Şair Rəsul Rzaya)

 

Yuxu kimi gözlərimə dolurdu dəniz,

yuxumu dalğalara danışdım səssiz.

Elə bil uzaqdan bir haray gəldi,

qəlbim döyününcə səsi yüksəldi.

 

Şair, bu nəğməni sanki hər vədə

dinləyə bilməyib təzə dinləyirdim

yazdığın mənalı sətirlər kimi.

İndi hər kitabda yerin görünür,

dənizdə dalğadı hər gözəl misran.

 

Dəniz dalğalardan doymayan kimi,

doymaq da çətindi yazılarından.

Həyatı yuxuya bənzətdim bir an,

“Bakı”nı, “Gilavar”ı ürəklə dinlədiyim an.

***

Payız günəşinin hərarətinə

elə aldanır ki, saralmış otlar

Elə bil təzədən qışın yerinə

bir anda dönəcək bu yurda bahar

 

Bəzən belə olur, ağılsız qızlar

aldanır oğlanın şirin dilinə.

Şirin dil də nə dil, əfi ilanı

çəkib yuvasından çölə çıxardar...

 

Kaş təmiz sevginin qədrini bilək,

üstümüzdən keçsə də yüz belə bahar

Təmiz sevgi güldü daim ətirli

Sovurmasın kaş onu acı ruzigar.

 

Allah-a üz tutaq –

böyükdü Allah,

hər gizli çarəyə

Özü dərman tapar.

***

Bulud kimi gəzir göydə,

Könlüm dənizi axtarır.

Bəlkə də darıxır evdə,

Sərin dəhlizi axtarır.

 

Ömrü boyu yolçuyuq biz,

Sən onu – o səni axtarır.

Bir döyünsün kaş qəlbimiz,

Könül mənzilin axtarır.

 

Son mənzilin var, deyirlər,

O mənzil məni axtarır.

Yer göydədi, göydə yerdə,

Sular kəhrizi axtarır.

 

Yolçu gedir öz yolunca,

Yollar da bizi axtarır.

Yol tələsmir, yol sakitdi

Könlümüz onu axtarır.

 

Gəlirik mənzil başına,

Sən demə bizi axtarır.

Bu dünya da bir tamaşa,

Hər kəs özünü axtarır.

***

Əməllər-əməllər

Yuxu görürəm elə bil,

biri deyir gözlərimdə

dəyişib dünya,

o biri deyir

çətinləşib dünya...

 

Birinin günü

xoş keçəndə,

deyir gözəlləşib dünya.

Biri çətinə düşəndə

deyir çətinləşib dünya.

 

Belə yerdə bizə qalan,

səbir olur ay bala

Dünya elə əzəldən

dünyadı dəyişməyən

 

Gərdişində necə varsa,

Eləcə də qalır dünya.

Bizi sınayan Allah-dı,

Ondan qalıb bizə dünya.

 

Dünya necə

yaranıbsa, əzəldən

eləcə də qalır dünya.

Taleyimiz bənzəyir,

yaşıl-sarı yarpaqlara.

Yaxşıların ömrünə

yaşıl yarpaqlar düşür,

pislərin də ömrünə

Xəzəl kimi saralan

 

sarı yarpaqlar.

Bizi bizdən sonra

dünyada,

yaşadan da yarpaqlardı

yada düşəndə

bizdən sonra

bir-bir əməllərimiz,

yaxşıları yada salıb

budaqda

cücərəcək təzədən

yaşıl yarpaqlar,

pislər də inciməsin

 

Xəzəl olub şəhərin

küçələrində

gərəksiz əməlləri kimi,

töküləcək zirvədən

sarı-sarı xəzəllər.

Unutmasın qoy dünyada,

Heç bir insan

bizi bizdən sonra

könüllərdə yaşadan –

dillərdə yaşadan

əməllərdi ah əməllər

 

Elsevər Məsim