“Düşünürəm ki, biz bunu bacardıq” - Mehriban Əliyeva



 

Oktyabrın 27-də Sabirabad rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Birinci Konfransı keçirilib.

İctimai Birlikdən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, RİİB könüllüləri, müxtəlif regionların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda bildirilir ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə ciddi mövqe qazanan qüdrətli dövlətdir: "Ölkəmizin bütün şəhər və rayonlarında abadlıq-quruculuq işləri aparılır, yeni təhsil və tibb müəssisələri inşa edilir, infrastruktur layihələri həyata keçirilir. Heydər Əliyev Fondu da yarandığı ilk gündən ictimai həyatın, demək olar ki, bütün sahələrində fəal iştirak edərək əhalinin müxtəlif problemlərinin həllinə çalışır. Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa, köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib.

“Regional İnkişaf” İctimai Birliyini təsis edərkən əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradıb insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq. Regionlarda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatını əhatə edən mühüm layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilib. “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüslərinə qoşularaq layihələrin icrasında xüsusi fəallıq göstərən könüllülərin fəaliyyətini qeyd etmək istəyirəm. Siz, Azərbaycan gəncləri olaraq, dövlətin sizə göstərdiyi yüksək diqqət və qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilmisiniz. Amma qarşıda sizi yeni hədəflər, yeni vəzifələr gözləyir. Hər birinizə bu şərəfli və xeyirxah, eyni zamanda, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, konfransda aparılacaq geniş və səmərəli müzakirələr gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir”.

Konfransda çıxış edən Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu yarandığı ilk gündən humanizm və insansevərlik ideallarına arxalanaraq xalqımıza xidməti özünün başlıca məqsədi kimi müəyyən edib.

Birliyin fəaliyyət dövrü ərzində vətəndaşlardan daxil olan müraciətlərə həssaslıqla yanaşaraq əməkdaşlığa daim hazır olan strukturlara təşəkkürünü bildirən Anar Ələkbərov vətəndaşların müraciətlərinə lazımi diqqət göstərməyən qurumlarla da rastlaşdıqlarını təəssüflə qeyd edib.

Təşkilatın fəaliyyətində RİİB könüllülərinin rolunu xüsusi qeyd edən Anar Ələkbərov onların İctimai Birliyin bütün tədbirlərində fəal iştirak etdiyini, hazırda 350-dən çox könüllü korpusunun oldugunu deyib. Könüllülərin idman tədbirlərində, marafonlarda, xeyriyyə aksiyalarında, ekoloji layihələrdə, xüsusilə də ağacəkmə kampaniyalarında yaxından iştirakı təqdirəlayiqdir.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub. Filmdə RİİB-in yaradılması, regionlarda vətəndaşlarla görüşlər, müraciətlərin qəbulu, müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirilməsi, RİİB-də könüllülük fəaliyyəti ilə bağlı görülən işlər öz əksini tapıb.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatının (UAFA Azərbaycan) təsisçisi Qvendolin Börçell “Regional İnkişaf” İctimai Birliyi ilə UAFA Azərbaycanın həyata keçirilən birgə layihələri barədə məlumat verib. 

Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi altında gənclər və idman sahəsində, regionların sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən danışıb. Fuad Muradov “Regional İnkişaf” İctimai Birliyinin yaradılmasının regionların həyatında mühüm hadisə olduğunu vurğulayıb. 

Konfransda Anar Ələkbərov və Fuad Muradov tərəfindən RİİB-in fəaliyyətində, eləcə də “Gəncə Marafonu - 2017”də fəal iştirak edən könüllülərə təşəkkürnamələr verilib.

Konfransın ilk hissəsinin sonunda iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət oxunub.

Müraciətdə qeyd edilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2016-cı ilin fevral ayında təsis edilən “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırmaq, dövlət tərəfindən aparılan islahatlar, o cümlədən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməkdir:

“Dövlət proqramlarına dəstək olaraq “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgələrdə elm, təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, ekologiya, İKT və infrastruktur layihələri həyata keçirilir. Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində insan kapitalının formalaşdırılması, əhalinin tibbi sağlamlığının mühafizəsi, sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilib, xüsusi qayğıya ehtiyacı olan və fiziki imkanları məhdud şəxslərlə genişmiqyaslı iş aparılıb və ən əsası, aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində vətəndaşların çoxsaylı problemlərinin həllinə nail olunub”.

Müraciətin sonunda “Regional İnkişaf” İctimai Birliyi öz fəaliyyətində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq regionların sosial-iqtisadi inkişafı, Azərbaycanın tərəqqisi naminə bundan sonra da böyük əzmlə çalışacaqları bildirilib.

Konfrans işini panel iclaslarla davam etdirib.

Tədbir çərçivəsində Anar Ələkbərov və Fuad Muradovun “Regional İnkişaf” İctimai Birliyinin region nümayəndələri ilə görüşü olub. Görüşdə ölkəmizin sosial həyatında gənclərin ictimai fəallığının artırılması, onların könüllü işinə cəlb edilməsi, kütləvi tədbirlərdə iştirak, vətəndaşlarla iş, yeni layihələrin irəli sürülməsində təşəbbüskarlıq və digər istiqamətlərdə müzakirələr olub.

Görüşdə Anar Ələkbərov Fondun gördüyü işlər, həyata keçirilən layihələr barədə məlumat verib, hər kəsi, xüsusilə gəncləri RİİB-in fəaliyyətində yaxından iştiraka dəvət edib.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinə rayon sakinlərindən yaşayış evlərinə dövlət reyestrindən çıxarışların verilməsi ilə bağlı daxil olmuş kollektiv müraciət əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Ulacalı kəndinin ərazisində yeni salınmış qəsəbədə və ətraf yaşayış məntəqələrində dövlət vəsaiti hesabına 436 ədəd fərdi yaşayış evindən ilkin mərhələdə 105 evə dövlət reyestrindən çıxarış hazırlanaraq təqdim edilib. 

Komitə tərəfindən eyni zamanda müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan vətəndaşlara bilavasitə yerində hüquqi xidmətlər göstərilib, onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilib. RİİB-in təşəbbüsü ilə həmçinin, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sözügedən qəsəbədə qaz təchizatı olmayan 36 evə təbii qaz xətti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən isə elektrik təchizatı olmayan 9 evə elektrik xətti çəkilib və sayğaclar quraşdırılıb.