Sahil Babayev əlilləri hədəf seçib...FAKT



 

 

Bərdənin A.Məmmədov küçəsi 1 ünvanında yaşayan Əliyev Mütəllim Fərman oğlunun bir ayağı amputasiya olunub. O, 2-ci qrup əlildir və 136 manat pensiya alır. Daha doğrusu, alırdı...

 

Anaxeber.info-nun verdiyi məlumata görə, M. Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik dərəcəsinin 1-ci qrupa keçilməsi üçün müraciət edib. Lakin nazirlik nəinki onun işinə baxıb, aldığı qəpik-quruş pensiyanı da kəsib.

 

Danışanda "ağzına çullu dovşan sığmır" 

 

M.Əliyevin sözlərinə görə, ƏƏSMN-də ona işinə baxıldığı və gözləməli olduğu deyilib. Amma nazirlik onun yeganə çörək pulu olan pensiyasını vermir. Heç bir məntiqli izah və qanuni əsas göstərməyən nazirlik iki övladı olan 2-ci qrup əlili çarəsiz və ümidsiz vəziyyətə salıb. Onun həyat yoldaşı da işləmir, özü əmək qabiliyyətini itirib, heç bir qazanc yeri yoxdur.

Təəssüf ki, ƏƏSMN əlil vətəndaşın təqaüdünü vermir ki, heç olmasa, evinə çörək və bir kilo ət alıb, ay ərzində yesin. Danışanda "ağzına çullu dovşan sığmayan" nazir Sahil Babayevin guruldaması da göründüyü kimi, publikaya bir şou imiş. Bu sahədə Səlim Müslümovun siyasətindən fərqli iş görməyən Sahil Babayev ölkədə əməlli-başlı sosial gərginlik yaradır. Əslində, vətəndaş M.Əliyevin tam haqqı çatır ki, nazirliyi məhkəməyə versin, almadığı pensiyanı tələb eləsin.

 

Sadəcə, imkansız və yoxsulluq içində yaşayan əlilin buna nə maddi, nə də fiziki gücü çatmır. Məhkəməyə iddia ərizəsi verilməli, vəkil tutmalı, proses keçirilməli, get-gəl, qərarın icrasına nail olmaq və s. Bəs, bu müddətdə görəsən, onun ailəsinə kim yemək verəcək? Sahil Babayevin əlilin pensiyasına göz dikdiyini iddia edə bilmərik. Ancaq görünür ki, nazirliyin aşağı palatasında hansısa məmurlar əlillərin pensiyalarını mənimsəmək üçün bürokratik əngəllər yaradırlar.

 

Neft ölkəsi və nazirin restoranda 136 manat hesabı...

 

Nazir vəzifəsinə təyin olunanda S.Babayev islahatlara, şəffaflığa vədlər verirdi, rüşvətsiz sosial sahədən bəh-bəhlə danışırdı, inandırırdı ki, o, Səlim Müslümov olmayacaq. Necə ki, sabiq nazir də ilk günlərdə belə pafoslu çıxışlar edir, bəzi məmurları danlayır, cəzalandırırdı. Amma tezliklə S.Müslümov da, S.Babayev də korrupsiya və rüşvətə bulaşmış bu sektorun bataqlığında çirkaba qarışdılar, nə özlərini, nə də bu sahəni xilas edə bilmə dilər. Əksinə, gözləntiləri doğrultmayıb, köhnə əyyamların çirkin əməllərinə təslim olub, pis yolu davam etdirdilər. Bunun əziyyətlərini isə vətən uğrunda sağlamlığını itirmiş Mütəllim Əliyev kimi əlillər çəkirlər. Ona uğrundan şikəst olduğu neft ölkəsində, sərvətlərindən dünyanın bəhrələndiyi bir dövlətdə 136 manatı da çox gördülər.

 

Hər gün restoranda 136 manat hesab ödəmək imkanı olan S.Babayevin II qrup əlilin I qrup əlillik üçün müraciətinə baxılması barədə göstərişi verərək, gənc nazir kimi, heç olmasa, işləmək bacarığına qadir olduğunu ölkə prezidentinə nümayiş etdirmək əvəzinə, onu II qrup əlil kimi pensiyasından da məhrum edirsə, artıq burda susmaq mümkün olmur. Ya S.Babayevin yeri səhv düşüb, ya da nazirlikdə aşağı pillədə əyləşən məmurlar vicdanlarını tam itiriblər. Bu ilin mayında nazir bildirmişdi ki, saxta əlillik təyinatlarına yol verənlər sərt cəzalandırılacaq. Hərçənd, saxta əlillik dərəcəsi alanların cərgəsi genişləndikcə, Mütəllim Əliyev kimi həqiqi əlillərin pensiyası kəsilir.

 

Sahil Babayev prezidentə qarşı çıxır?

 

Sosial təminat sahəsinin naziri vətəndaşı dövlətdən narazı salmaqla, prezidentin gözlədiyi dəyişiklikləri etmədən nazirlikdə hökm sürən rüşvətxorluğu status-kvoda saxlamaqla, M.Əliyev kimi insanların müraciətinə baxmadan, gərginliyi artırmaqla, ölkədə yoxsulluğu dərinləşdirir, sosial etirazlara zəmin hazırlayır. Axı, S.Babayevin təyinatı məhz S.Müslümov və Füzuli Ələkbərov dövründə olan eybəcərliklərə son qoymaq məqsədi güdürdü?! Nazir nə üçün xələflərinin yolunu gedir, əlilləri aclığa sürükləyir, onları ac-yalavac qoyaraq, ölkəni Ermənistan kimi, düşmən, bizi sevməyən digər ölkələrin KİV-lərində pis vəziyyətə salır?

 

Əlbəttə, biz bu məsələni yazmaya bilərdik. Lakin yazmadıqca, nazirlik vətəndaşın haqlı şikayətinə baxmayanda başqa çıxış yolu qalmır. M.Əliyev 136 manat pensiyasından məhrum edilib və haqlı müraciətinə rədd cavab alırsa, deməli, medianın borcu bu olayı işıqlandırmaq və ictimailəşdirməkdir. Bu arada mətbuatda da kifayət qədər faktlar var. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən elektron sistem hesabına, əslində saxta əlillik azalmalı idi. 2017-ci ildə ilkin əlillik təyin olunanların sayının 2016-cı illə müqayisədə 12 min 538 nəfər, yəni 31 faiz azalması ilə bağlı məlumat mətbuatda dərc olundu.

 

Əvvəlki illə müqayisədə ilkin əlillik dərəcəsi verilənlərin sayının 26 faiz, ilkin sağlamlıq imkanları məhdud uşaqların sayının 49 faiz azaldığı iddia olunurdu. Iddia edildiyi kimi, işin belə davam edəcəyi təqdirdə, bu sahədə ölkədə hər hansı bir qanunsuzluq olmamalı idi. Lakin nə qədər tənqid olunsa da, təəssüf ki, yenə də vətəndaşın deyil, ƏƏSMN-nin bəzi üzdəniraq “kadrlarının” istəkləri hasil olur.

 

Bir nüansı qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunması, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılması ilə əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxması insanlar tərəfindən razılıqla qarşılanıb . Bu islahatların aparılması nəticəsində ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurətini aradan qaldırdı və əlilliyin müəyyən edilməsində rüşvətxorluğun azalmasına xidmət edən səbəblərin qismən azalmasına səbəb oldu.

 

Ümid edək ki, gənc nazirin gənc mətbuat katibi Fazil Talıblı II qrup əlil Mütəllim Əliyevin təqaüdünün bərpa edilməsi məsələsinin müsbət həlli üçün var gücü ilə çalışacaq və ən azı, bir ailənin çörək probleminin ortadan qalxmasına kömək edəcək.