Fitrat yalan demir



 

Gözəl sənət əsəri yaradan sənətkar bu incini başqalarına göstərməklə özünü tanıdır. Qüdrətini mövcudata tanıtmaq istəyən Xaliq də buyurur: «Mən gizli xəzinə idim, bilinmək, tanınmaq istədim. Bu səbəblə məxluqatı yaratdım».

Ona ibadəti ilə şahidlik edir, kainatın nizam və mükəmməl işləkliyi. İnsan da bir xariqə və möcüzələr sərgisi… Sonsuz qüdrətdən bir damla alan insan, cüzi iradə və elmi ilə nələr etmir ki... Bu baxımdan böyük aləm adlanan kainat Onun icadı, kiçik aləm adlanan insan da Onun ibdaidir (ixtirasıdır). Biri inşası, digəri binasıdır; biri sənəti, digəri boyasıdır; biri nəqşi, digəri ziynətidir; biri rəhməti, digəri nemətidir; biri qüdrəti, digəri hikmətidir; biri məxluqi, digəri məsnuudur (original olmayan); biri mülki, digəri mülkündə yaşayan quludur; biri məscidi, digəri həmin məsciddə ibadət edən abididir...

Lakin bu dünyada iradəsi ilə xeyir və şəri işləmədə tam sərbəst buraxılan insan, axirətdə əməlinə görə cavab verəcək. Zira «Yoxsa sizi əbəs yerə yaratdığımı güman edirsiniz» və «Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?» ayələri insandan fitratına layiq qayə tələb edir. Bəs, bu qayə nədir? Qayə pis işlər yox, yaxşı işlər görməklə Rəbb rizasını qazanmaqdır.

İnsana varlıq neməti ilə birlikdə iman da verilib ki, o, bəşəri var edənin varlıq və birliyinə inanıb, Ona qulluq və bütün canlıılara mərhəmət etsin. Bədbəxt və talesiz qulları üçün əzab hazırlayan Rəbbimiz, insana da bir qəzəb duyğusu verib ki, o, bu hissi xalqına deyil, düşməninə çevirsin. Zülmə, batilə qarşı mübarizə üçün fitratdan gələn inad olmasaydı, haqqdan uzaqlaşan fironlara kim “dur” deyərdi? Yalan söyləmənin çətinliyi və doğru danışmanın rahatlığı, yalanın günah, doğrunun savab olduğuna fitratın şəhadətidir. Fitratdandır şəhvət hissi də. Onun ifratı zina, təfriti sahibsiz bina, doğru yolu isə nəsil artırma.

Quranda qeybət edən şəxs ölmüş qardaşınıın ətini yeyən insanla eyniləşdirilir. Yəni qeybəti edilən şəxs ortada olmadığı üçün ölü hökmündədir. Qeybət edən də həmin “ölünü” ortaya qoyub onu müzakirə etməklə ətini didir... Bu isə haramdır. Deməli, qeybət haqqdan olmadığı üçün fitratdan gəlmir. Heç bir insanın qeybət edilməkdən xoşlanmaması da buna dəlildir. Rüşvət, oğurluq, əyyaşlıq fitratdan olmadığı üçün oğru, rüşvətxor və əyyaş bu işləri gizli görür ki, xalq tənəsindən gizlənə bilsin. Halbuki, halal zəhməti ilə dolanan saleh bəndə həm öz əməlindən qürur hissi duyur, həm də gəlir mənbəinin aşkarlanmasından əndişəyə düşmür. Həya hissi də fitratdan gəlir. Fəqət o, sonradan iman və təfəkkürlə Allaha təslimdən keçməzsə, sahibini rüsvay edər. Pis işlərə qarşı müxalifliyi ilə şəhadət verən və Allahın dəlili adlanan vicdan da fitratdandır. Bəs vicdan nədir? Məlumdur ki, insanda beş duyğunun təşkil etdiyi zahiri hisslərlə yanaşı (görmə, eşitmə, qoxu bilmə, dad bilmə və toxunma ilə bilmə), beş ədəd də batini cövhər (ağıl, hafizə, vəhm, xəyal və qəlblə hiss etmə) vardır. Bu on cövhər ruhun bədəni idarə etməsi üçün istifadə etdiyi alətlərdir. Ruhun beş batini qüvvə vasitəsilə bilmə cəhətinə - insanın özü və cəmiyyət qarşısında məsuliyyətini dərketməsinə vicdan deyilir. Bilavasitə həmin qüvvələrlə bilinən şeylər isə vicdaniyyət adlanır. Bir də var təvəccühü nəs, yəni camaatdan alqış tələb etmə. Fitratdan deyil bu bəla. Zira camaatdan alqış istənilməz, xalq özü verər. Verilsə də, onunla xoşlanılmaz. Xoşlansa, ixlası korlar və riyaya səbəb olar. Yeri gəlmişkən, ibrət olsun deyə, Rəbbimiz Musa (ə) dövründə bu xasiyyətə görə bir nəfəri donuza çevirmişdi. İnsan haqq və azadlıqları da fitratdan xəbər verir. Əks təqdirdə, Allah həmin dəyərləri doğuluşdan bəşərə verməzdi. Buna Quran, müqəddəs kitabı canı bahasına qoruyan və «Allah insanı azad yaradıb» – deyən həz. Əli, «İnsan haqq və azadlıqları doğuluşdan bütün insanlara verilib. O, qanunla qorunmalııdır» (Paris xartiyası) beynəlxalq sənədlər də şahidlik edir. Deməli, bu dəyərlərə təcavüz edən hər kəs Rəbbə, Qurana, fitrata və beynəlxalq hüquqa zidd getmiş olur. Elə isə, fitrat qanunları ilə yaşayaq, öyrənək və əməl edək. Yəni oğulun «dədə, himmət» deməsinə, dədənin «oğul, qeyrət» cavabına üstünlük verək. Çünki tutulacaq imtahanda nə rüşvət, nə «dayı», nə də qohum-əqraba kömək olacaq. O zaman dədə öz vayında, oğul da öz hayında…

 

Kin və ədavət zülmdür

 

Bəşərə məhrumiyyət və səfalət, illət (xəstəlik) və zillət (rüsvayçılıq) gətirən səbəblərdən biri də ədavət, kin, qəzəb və hirsdir (tamah, acgözlük, qəzəb, hiddət, acıq). Yeri gəlmişkən, bəşərin dinamik inkişafını təmin edən şəhvət (arzu, istəmə), qəzəb və ağıl qüvvələrinin sonu yoxdur. İnsandakı bu üç dəyərə yaradılışdan sərhəd qoyulmaması imtahan sirri ilə bağlıdır.

İt şəriətdə nəcisül-ayn” (mürdarlıq mənbəyi) kimi qəbul edilib. Çünki itdə hirs mərəzi ifrat səviyyədə olduğu üçün o, zahiri səbəblərə aldanıb ruzinin insandan olduğunu zənn edir. Bu da onun qafilliyinin əlamətidir. Yaradana qarşı həmin qəflətinə görə o, “murdar” hökmü ilə damğalanıb...

Kin – ömür boyu ruhda sönməyən qəzəbdirsə, qəzəb (hiddət) isə qızğınlıq vaxtı qəlbdəki qanın coşması ilə kinin zühur etməsidir. Kin və ədavət ən öncə həqiqət baxımından zülmdür. Əgər bir gəmidə on nəfərdən biri cani olsa, doqquz günahsız insana görə, o gəmi batırılmaz. Ədalətə görə, 10 nəfərdən hətta 9-u belə cani olsa, bir nəfər məsuma görə o gəmi məhv edilməz. Elə isə ilahi sənət əsəri olan bir saleh insanda 9 yox, bəlkə də 29 gözəl sifət var ikən, bir pis sifətə görə, ona hansı ədalət ölçüsü ilə kin bəsləmək olar?

Kin və ədavət hikmət baxımından da zülümdür. Zira məlumdur ki, məhəbbət və ədavət nur və zülmət kimi ziddirlər. İkisi bir qəlbdə eyni anda ola bilməz. Əgər məhəbbət qəlbdə yer alsa, o zaman ədavət keçici olub tez sönər. Və tərəf-müqabilinə kin yox, ona acıma, təəssüf hissi bəslər. Əgər qəlbdə ədavət hakim olarsa, o zaman məhəbbət sünilik və yaltaqlıq donuna girər. Elə isə bir müsəlmanın digər müsəlmanla minlərlə ortaq dəyərləri olduğu halda (Tanrı və Peyğəmbərimiz bir, kitab və qibləmiz bir, dövlət, bayraq, himn və s. atributlarımız bir) əncir çəyirdəyinə belə sığışmayan müxtəlif fikirlərə görə, ona kin və ədavət bəsləmək nə dərəcədə doğrudur. Məgər «Ümmətimin (sağlam) ixtilafı rəhmətdir» Peyğəmbər (ə) kəlamı deyilmi? Kin və ədavət həm də fərdi həyat baxımından zülmdür. Kamil insan öz məslək və məfkurəsini doğru bildiyi zaman «Məslək və məfkurəm doğrudur» deməyə haqqı var. Fəqət onun «Həqiqət yalnız mənim məsləyimdir» – deməyə haqqı yoxdur.

Digər tərfdən, deyilən söz və fikir, hətta mütləq doğru olsa belə, zaman, məkan və şəraitdən asılı olaraq hər haqqı demək də doğru deyil. Çünki niyyəti saf olmayan başıpozuq bir şəxs bundan sui-istfadə edib, yeni fəsadlara rəvac verə bilər. Yəni “haqqı demək haqqdan olsa da, fəqət bəzən hər haqqı demək də haqqdan deyil”.

İctimai həyat, dövlətçilik baxımından isə kin və ədavət bütöv bir xalq üçün bəla və zəhərdir. Burada hər bir iş «Allah rizası naminə»; «Qanun şahdır, şah qanun deyil» prinsipləri üzrə qurulmalı, xarici düşmənlə mübarizə və müharibədə daxili ədavətləri unutmaq, qohumbazlıq, yerlibazlıq, vəzifədən sui-istifadə, rüşvətxorluq, korrupsiya, şəxsi simpatiya və antipatiyaya qətiyyən yol verilməməlidir.

Bir zaman həz. Əli haqq döyüşdə bir düşmənin başını qılıncla kəsəcəyi an həmin kafir onun üzünə tüpürdü. İmam dərhal onu buraxdı. Kafirin «Nə üçün məni öldürmədin?» sualına həzrət buyurdu: «Səni Allah rizası naminə öldürəcəkdim. Fəqət mənə tüpürdüyünə görə hiddətə gəldim və tutduğum niyyət zədələndiyi üçün səni buraxdım».

Kin və ədavət siyasətdə də məqbul hesab edilmir. Zira, siyasi partiya və liderlər arasındakı münasibətdə əxlaqi normaların pozulması həmin qurumlardakı sosial təbəqələri də qarşı-qarşıya qoyar ki, bundan da pis niyyətli insanlar sui-istifadə edə bilərlər. Siyasətdə hakimiyyət naminə batili haqq, haqqı batil qəbul etmək, «hakimiyyətə gəlib sonra baxarıq» Lenin prinsipi, siyasi düşüncəsinə müxalif olan saleh insanları «din silahı» ilə ram etmək cəhdləri cəmiyyət üçün zəhərdir. Yəni qərəzli tərəfgörlük nəticəsi olaraq bir dindar elm əhli siyasi müxalifi olan saleh alimi kafir dərəcəsinə kimi təhqir etməməlidir. Onunla eyni partiyada olan bir münafiqi də ifrat dərəcədə tərifləməməlidir.

Yuxarıda qeyd edildiyi kimi, ədavət qədər İslam həyatına qəsd edən mərəzlərdən biri də hirsdir. Geniş mənada lazım olduğundan çox istəmək, tamah, acgözlük, qəzəb və hiddət anlamlarını verən hirs, canlı aləmin ən kiçiyindən ən böyüyünə qədər pis təsirini göstərir. Belə ki, canlıların bəzi növləri və bütövlükdə nəbatət aləmi təvəkkül edib hirs göstərmədikləri üçün möhtac olduqları ruzi onlara əziyyətsiz gəlir. Heyvanların əksəriyyəti isə əksinə, ruzilərini hirs ilə axtardığına görə, onlar o nemətə böyük zəhmət və qüsurla nail olurlar. Deməli, hirsə səbəb məhrumiyyətdir. Təvəkkül və qənaət isə ilahi rəhmətə vəsilədir. Hirs ən kiçik işlərdə belə öz mənfi təsirini göstərir. Belə ki, həyadan uzaq olan dilənçinin israrlı şəkildə sədəqə tələb etməsi çox halda onu bu sədəqədən məhrum edirsə, xəcalət çəkən dilənçi isə mərhəmət edilərək onu qazanır. Hirs sahibi olan həris bilməlidir ki, əşyanın kamilləşib ortaya çıxmasında bir gözləmə, yavaşıma və səbretmə tələbi var. Çörəyin hazır məhsul kimi tarla, xırman, dəyirman və mətbəxdən keçməsi kimi. Necə ki, deyiblər «xəstə tələsər, meyvə vaxtında yetişər». Hirs səbrin əksidir. Lakin Quran elm və iman əhlinə göndərildiyi üçün bilikdən doymamaq, ona həris olmaq imandan sayılır. Peyğəmbər (ə) demişkən: «İki acgöz vardır ki, doymaq nə olduğunu bilməz. Biri elmə yiyələnmək istəyənlər, digəri isə dünya malına».

Əlbəttə, məruz qaldığımız pisliklər və ürək sıxan bəzi hadisələr qarşısında əsəbiləşməmək, qəzəblənməmək insan təbiətinə ziddir. Bu fitrat qanunlarındandır. Lakin insanı həyat kamilləşdirir. Həyat isə ziddlərlə doludur. Fəqət bu ziddlərin hamısı vəhdətdə olduğu üçün (xeyir-şər, işıq-qaranlıq və s.) öz yerində gözəldir. Burada əsas məsələ həmin hisslərin kimə qarşı və necə yönəldilməsidir. Əgər onlar Rəbb rizasını qazanmaq üçün düşmənə qarşı istiqamətləndirilibsə və öz xalqına, dostuna olan qəzəb, kin və hirs udulursa, deməli, bu hisslər təyinatına görə işlədilir. Elə isə kin, qəzəb və hirsin düzgün istiqamətləndirilməsi arzusu ilə...

 

Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru