Rövnəq Abdullayev Gürcüstanda işgüzar səfərdə olub - FOTO



 

Oktyabrın 23-də SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin bir sıra rəhbər vəzifəli işçilərinin müşayiəti ilə Gürcüstanda işgüzar səfərdə olub.

SOCAR-dan seherxeber.org-a verilən məlumata görə, səfər çərçivəsində Tbilisidə SOCAR rəhbərliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia arasında işgüzar görüş baş tutub.

Görüş zamanı “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia “Əməkdaşlıq haqqında Memorandum” imzalayıblar.

Memorandum sosial-iqtisadi inkişafın təşviqi, yüksək dağlıq rayonların həyat səviyyəsinin yaxşılaşdırılması, turizm və istirahət sahələrinin inkişafına dəstək, istilik təchizatının alternativ yollarla təmin edilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.

Daha əvvəl SOCAR ölkənin kurort ərazisi olan Sairmedə ekoloji cəhətdən səmərəli Virtual Boru Kəməri layihəsini həyata keçirib. Virtual qaz kəməri texnologiyası təbii qazın sıxılmış təbii qaz (STQ) şəklində ucqar məntəqələrdə yaşayan istehlakçılara nəql olunması metodudur.

Dünya praktikasında təbii qaz nisbətən qısa məsafələrdə STQ şəklində nəql olunur. Sairme mövcud qaz qəbulu məntəqəsinin 52 km-liyində yerləşir. Buna görə də pilot layihədə qazın STQ şəklində nəqlindən istifadə olunması qərara alınıb. Memorandum imzalandıqdan sonra bu istiqamətdə əməkdaşlığın davamlı olması məqsədilə İşçı qrupunun yaradılması nəzərdə tutulur.

Səfər çərçivəsində SOCAR heyəti soydaşlarımızın sıx məskunlaşdığı Marneuli rayon mərkəzində yerli icmanın nümayəndələri ilə açıq görüş keçirib, bu bölgədə yaşayan soydaşlarımızın sosial problemləri ilə maraqlanıb və onların həlli yolları barədə müzakirə aparıblar.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial məsuliyyət layihələrinin əsas məqsədi şirkətin bu ölkədə həyata keçirdiyi biznes fəaliyyətinin dayanıqlığını təmin etmək, orada yaşayan soydaşlarımıza sosial dəstək tədbirlərini mütəmadi olaraq həyata keçirməkdir.

Bu istiqamətdə Gürcüstanın dövlət ali məktəblərində təhsil alan və Gürcüstan vətəndaşı olan soydaşlarımızın təhsil haqlarının ödənilməsi, onlara təqaüdlərin verilməsi, kənd təsərüfatı texnikasının soydaşlarımızın sıx məskunlaşdığı regionların yerli idarəetmə orqanlarına təmənnasız verilməsi, həmçinin Azərbaycanın milli irsinin qorunması, milli mədəniyyətimizin təbliğ olunması kimi tədbirləri göstərmək olar.

SOCAR Gürcüstanda biznes fəaliyyətinə 2006-cı ildə başlayıb. Elə həmin ildə də neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə Kulevi Neft Terminalı satın alınıb. “SOCAR Georgia Petroleum” MMC 115 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və beş neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir.

“SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.