Kapital qoyuluşu azalıb



 

2018-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10148,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz az vəsait yönəldilib. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 20,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 24,4 faiz artıb. 

Ümumi sərmayənin 69,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 69,3 faizi məhsul istehsalı obyektlərinin, 22,4 faizi xidmət sahələri üzrə obyektlərin, 8,3 faizi isə ümumi sahəsi 1503,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,7 faizini təşkil edib.