BAKI şəhər 1 saylı Klinik Xəstəxanada RÜŞVƏT BUMU yaşanır



 

Baş həkim  Ədalət Dadaşov hər bir şöbəyə haqq qoyub

 

Son zamanlar qəssab psixologiyalı həkimlərin əlləri altında ölən xəstələrin artması adi hala çevrilib. Bununla əlaqədar apardığımız araşdırma nəticəsində müəyyən etmişik ki, ölkə səhiyyədəki bir çox problemlərin səbəblərindən birincisi korrupsiyadır. Xüsusən savadsız həkimlərin rüşvətlə işə qəbul edilməsi ölüm hallarının artmasına şərait yaradır. 
Oqday Şirəliyev nazir postuna gətirildiyi son 13 ildə isə Azərbaycan səhiyyəsində baş verən qanunsuzluqlar artıq saysız-hesabsız faciələrə səbəb olub. Dövlət xəstəxanalarında rüşvətxorluq və korrupsiya, insan ölümü, xüsusən doğuş zamanaı baş verən ana və uşaq ölümlərinin statistikası insanı dəhşətə gətirir.


Ölkə səhiyyəsində vəziyyət o həddə qədər pisləşib ki, hətta dövlətə məxsus olan xəstəxanada huşunu itirmiş xəstəni belə, qəbul etməkdən imtina edirlər. Son illərdə rəhbərliyi ən çox dəyişilən tibb müəssisələrindən biri xalq arasında "Semaşko xəstəxanası" kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzidir. Paytaxtın ən iri və nüfuzlu xəstəxanalarından olan Klinik Tibbi Mərkəz - də 30 min adama stasionar, 50-60 min adama ambulator yardım göstərilir. Burada 1919 əməkdaş çalışır. Mərkəz dövlət tibb müəssisəsi olmaqla, burada heç bir pullu xidmət yoxdur. 


Baş həkim Ədalət Dadaşovun dediyinə görə, böyük planları varmış  - idarıetməni asanlaşdırmaq, ştat şişirtməsinin qarşısını almaq, dövlət büdcəsindən ayrılan vəsaitə qənaət etmək, göstərilən tibbi  xidmətin effektivliyini artırmaq üçün struktur dəyişikliyi həyata keçirmək və s.


Amma 1 saylı klinikada  korrupsiya elə dərin kök salıb ki, nəinki Ədalət Dadaşov, heç Nikolay Aleksandroviç Semaşko özü də dirilib gəlsə, burada qol-budaq atmış  rüşvətxorluğa son qoya bilməz. Baş həkim özü də KiV-ə verdiyi müsahibələrindən birində etiraf edib ki, əgər maaş insanı qane etm irsə, deməli, o adamda qüsur var. Beləliklə, baş həkim dolayısı ilə boynuna alıb ki, 590 manat maaş ona bəs eləmir, çünki baş həkimin həyat fantaziyalarının siyahısı çox genişdir. Deyib ki, ara-sıra xəstələrdən rüşvət istəyən tibb işçiləri aşkarlanarsa, nöqsana yol verən həmin şəxsdən izahat alınır, lazım olanda töhmət verilir, xəbərdarlıq edilir, hətta müəyyən müddətə işindən uzaqlaşdırılır (Fikir verin, baş həkimin özünün rüşvətxorları cəzalandırmaq qanunu da var !)


Amma məsələ burasındadır ki, baş həkimin "ara-sıra" müşahidə etdiyi bu tip "nöqsanlar" çoxluq təşkil etməyə başlayıb və artıq ciddi narazılıqlara səbəb olmaqla, bu xəstəxanaya yolu düşən hər kəsi içəri daxil olan kimi yaxalayır. Məsələn 1 saylı KTM-nin I korpusunda yerləşən poliklinikada ÜSM, EKQ və rentgen müayinəsindən keçmək məqsədilə "çağırış vərəqəsi" ilə gələn, həqiqi hərbi xidmətə yollanmaq üzrə olan gənclərdən də rüşvət alınır . Onların əyinlərinə-başlarına diqqət yetirilir, imkanlı ailənin övladı təsiri bağışlayanlardan 10 manat, ortabab görünənlərdən isə 5 manat tələb olunur. Kasıb uşaqlarına isə "nə verərsən - verərsən" deyilir. Ultrasəs müayinəsi (ÜSM) aparan rusdilli qadın həkim isə pul istəyəndə əsla heç kimdən çəkinmir.
Klinikanın doğum və Cərrahiyə şöbələrində uşaq dünyaya gətirən hər bir anadan 600-800 manat, cərrahiyə şöbəsində əməliyyat olanlardan isə, əməliyyatın xarakterindən asılı olaraq 500-1500 manat arası rüşvət alınır.

 

Doğum şöbəsində rüşvətalma əməliyyatına şöbə müdiri olan xanım şəxsən özü rəhbərlik edir. Tibbi bacılarının da özlərinin "muştuluq" və ya "uşaqgörmə" pulu mütləq verilməlidir. Doğum şöbəsində asan gəlir çox olduğuna görə, bu şöbədə tibb bacısı və ya xadimə vəzifəsinə işə girmək üçün baş həkimə 3000-5000 min manat rüşvət vermək lazımdır. Maraqlıdır ki, cərrahiyə şöbəsində əməliyyat olunan hər kəs lazım olan bütün tubbi sarğı ləvazımatlarını və dərmanların pulunu da öz cibindən ödəyir. Xəstələrə təyin olunmuş bütün tibbi pereaparatlar xəstəxananın ətrafında yerləşən baş həkimə məxsus apteklərdən baha qiymətə satdırılır ki, bu da Səhiyyə Nazirliyinin məsul şəxslərinin gözü qarşısında baş verir.

 


Bütün bu qanun pozuntuları ilə bağlı fikirlərini öyrənmək üçün 1 saylı Klinki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovla əlaqə saxlamaq istəyimiz baş tutmadı. Baş həkimin müavini Adil Salahovla əlaqə yaradıb münasibətini bildirməsini xahiş etsək də, o, telefonda bizə "gedin, nə istəyirsiniz, yazın" cavabını verməklə kifayətləndi. Biz isə xəstələrdən eşitdiyimizi və gördüyümüzü yazdıq.

Mövzuya yenidən qayıdacayıq…

demokratikmusavat.com