Səlim Müslümov yeni işə düzəldi



 

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova yeni iş verilib.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim işləyəcək. Nazirin yaxınları sayta bildirib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır.

“Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. Səlim Müslümov hazırda elmi işlə məşğuldur. Bu yaxınlarda Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim kimi çalışmağa başlayıb. O, əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində də çalışıb. Həmçinin, Səlim müəllimin xarici ölkələrdə də pedaqoji təcrübəsi olub. Rus və ingilis dillərində sərbəst danışa və dərs deyə bilir”. 

Qeyd edək ki, S.Müslümov iqtisad elmləri doktoru, professordur.

Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında  Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib.