Deputat Nəsib Məhəməliyev: “İcra başçısı qətiyyən cangüdənlə gəzməməlidir” - MÜSAHİBƏ



 

“İstənilən məmur tənqidə hazır, həm də dözümlü olmalıdır”

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Nəsib müəllim, bu günlərdə iş qrafikinizin sıx olduğunu bildirdiniz. Deyəsən yeni mövsümdə həm də daha yaxşı əhvaldasınız.

- Əksini deməyim heç də doğru olmaz. Əhvalımın daha yaxşı olduğunu ona görə dedim ki, biz bu günlərdə böyük bayram keçirdik.  Parlamentin 100 illiyi möhtəşəm qeyd olundu. Ümumiyyətlə, 2018-ci il Azərbaycan tarixində yaddaqalan il kimi tarixə düşüb.  Xalqımız üçün qürurverici hadisələr baş verdi. Mayda Azərbaycan Xalq Cümhuriyyətininin, iyunda Ordumuzun 100 illiyini təntənəli şəkildə qeyd etdik. Ordumuzun 100 illiyi ilə bağlı möhtəşəm  hərbi parad keçirildi. Silahlı Qüvvələrimizin gücü dünyaya nümayiş etdirildi. Təbii ki, Ordu günündə  o cür paradın keçirilməsi  düşmənlərimizə göz dağı oldu. Onların nələr yaşadığı hamımıza məlumdur


Bir neçə gün bundan qabaq isə parlamentin 100 illiyinə toplaşdıq. Dünyanın bir çox ölkələrindən qonaqlarımız vardı. Onlar Milli Məclisdə çıxış etdilər. Bir çox ölkələrin parlament sədriləri, sədr müavinləri, ayrı-ayrı komitə sədrləri, parlament nümayəndələri Milli Məclisdə idi. Təxminən 6 saata yaxın davam edən iclasda onların hər birinin Azərbaycanla bağlı düşüncələrini eşitdik. Kənar insanların ölkəmiz haqqında fikirlərini eşitmək çox xoş idi.


- Payız gələr-gəlməz özü ilə müəyyən problemlər gətirdi. Bilmirəm buna problem deyək,  yoxsa necə. Reallıq odur ki, paytaxtımız heç də payızın gəlişinə hazır deyilmiş. Belə deyək də, həm payızı, həm də icra orqanlarını günahlandırdıq. Əslində kimdir günahkar?

- Kimin gühankar olduğunu dəqiq bilirəm. Ancaq açıqlamaq istəmirəm. Bilirsiz, bu cür halların həddindən artıq şişirdilməsinin əleyhinəyəm. Təbii hadisələr, texnogen proseslər dünyanın istənilən bölgəsində baş verir. Bu yaxınlarda təbii fəlakət nəticəsində Çində 130-a yaxın insan həlak olub. Amerikada da tez-tez tayfunlar, qasırğalar olur. Şükürlər olsun ki, bizdə nə ölüm oldu, nə də kimsə itkin düşdü. Panikaya düşməyə ehtiyac yoxdur. Əlbəttə, bir aylıq norma bir-iki saatın içində yağırsa, bu, hər hansı problem yaradacaq. Düzdü, sonuncu yağan yağış nəqliyyatın hərəkətində problem yaratdı. Bu da qısamüddətli haldır.

- Heç də boşuna olaraq söhbətə payızdan, yağışdan başlamadım. Çünki bu cür hadisələrdə ən çox hədəf götürülən icra başçısı olur. Sizin də icra strukturu sahəsində böyük təcrübəniz var. Yağışın-qarın gətirdiyi problemlərin mərkəzində icra başçısı dayanır.

- Sizə bir söz deyim. Çox istərdim ki, jurnalistlərimiz bu sahədə daha peşəkar olsun. Hansısa sahədə, təsərrüfatda problemlər varsa, dərhal o  təsərrüfatın kimin balansında olmasına diqqət etmək lazımdır. Ola bilər ki, həmin sahə mərkəzi icra, yaxud da yerli icra orqanının balansındadır. Həmin sahənin kimin balansında olmasına diqqət yetirsəniz, o sahəyə bilavasitə kimin cavabdeh olduğunu da biləcəksiniz. Həmçinin, o sahənin profilaktik tədbirləri, istismarı ilə  kim məşğul olursa, günahkarın da kim olduğunu müəyyənləşdirəcəksiz.

- Nəsimi və Balakən rayonlarında uzun müddət icra başçısı işləmisiz. Ayrı-ayrı vaxtlarda şəhər və rayon mühitində çalışmısız. Rayona, yoxsa şəhərə rəhbərlik etmək  asandır? Fərqlilik nədən ibarətdir?

- Bunlar fərqli-fərqli sahələrdir. Məsələn, Balakən aqrar, kənd təsərrüfatı rayonudur. Oranın problemləri ilə şəhərdəki problemlər tam fərqlidir. Şəhərdə kəskin şəkildə mənzil problemləri üstünlük təşkil edirsə, rayonda o problem yoxdur. Rayon şəraitində  müraciət edirlər və qanunvericiliyə uyğun şəkildə torpaq sahələri ayrılır. Çoxmənzilli binaların tikintisinə o qədər də ehtiyac yoxdur. Təbii ki, dövlət tərəfindən Qarabağ əlilləri, şəhid ailələri üçün sosial evlər tikilir.Təmənnasız şəkildə Qarabağ əlillərinə, şəhid ailələrinə evlər verilir. Həmçinin, rayonda şəhərə nisbətən texnogen hadisələr daha çox baş verir. Daşqın, sel kimi təbii hadisələr olur. Ümumilikdə həm paytaxtda, həm də bölgələrimizdə çox işlər görülüb. Bunlar göz qabağındadır. Əhalinin şikayələrini dinləmək, vaxtı-vaxtında problemlərin aradan qaldırılması ilə bağlı tədbirlər görülməlidir. Elə problemlər var ki, yerli xarakter daşıyır və dərhal yerli icra strukturları vasitəsilə həlli mümkündür. Elə problemlər var ki, onları mərkəzi icra orqanları, Nazirlər Kabineti, eyni zamanda ayrı-ayrı nazirliklər qarşısında qaldırmaq və həmin problemləri həll etmək lazımdır.

- Deputat olaraq seçicilərinizin problemlərini ayrı-ayrı nazirliklər qarşısında qaldırırsızmı?

- Çalışıram ki, sırf mənim səlahiyyətimə aid olan məsələlərlə bağlı problemləri özüm həll edim. Elə məsələlər də var ki əhalinin maarifləndirilməsinə daha çox ehtiyac var. Məsələn, deputata onun səlahiyyətinə aid olmayan, sırf icra strukturlarına aid olan məsələlərlə bağlı müraciət edirlər. Təbii ki, deputat sorğu göndərə, vətəndaşın xahişini aidiyyatı orqanlara çatdıra bilər. Ancaq bu o demək deyil ki, məsələnin həlli bununla bitir. Yaxşı olar ki, deputatın səlahiyyətləri çərçivəsində həll edilə bilən məsələlərlə bağlı  müraciət olunsun.


- 9 ilə yaxın Nəsimi rayonuna rəhbərlik etmisiz. Ayrı-ayrı rayonlara rəhbərlik edən başçılarla  bir araya gəlirdinizmi?. 

- Təbii ki... Onsuz olmaz. Ümumiyyətlə, şəhər vahid orqanizmdir. Burada kommunikasiyalarla bağlı bir sıra məsələlər var. Onlar bir rayonla məhdudlaşmır. Digər rayona bağlıdır. Bir çox məsələlər Bakı Şəhəri İcra Hakimiyyəti vasitəsilə ilə koordinasiya olunur. Eyni zamanda, Bakı Şəhəri İcra Hakimiyyəti tabeliyində olmayan kommunal xidmətlər var. Elektrik enerjisi, qaz təsərrüfatı, su, kanalizasiya və sairə məsələlər. Təbii ki, bunlar aidiyyatı strukturlarla razılaşdırılır. Bunlar birlikdə razılaşdırılmasa, iş öz effektini itirər. Mütləq razılaşdırılmalıdır. Həmçinin, tikinti və şəhərsalma məsələləri  şəhər İcra Hakimiyyəti tərəfindən tənzimlənir.

- Bakının sabiq meri Hacıbala müəllim icra başçılarını tez-tez başına yığırdı?

- Kifayət qədər.

- Hacıbala müəllim ən çox tənqid olunan məmurlardan olub. Həmkarlarından fərqli olaraq tənqidə dözümlü olduğunu söyləyirlər. Razısızmı?

- İstənilən məmur tənqidə hazır olmalıdır. Hesab edirəm ki, həm də dözümlü olmalıdır. Təhqir yolverilməzdir. Bunun əleyhinəyəm. Ancaq sağlam və konstruktiv tənqid istənilən məmura vəzifəsini icra etməkdə kömək edir.

- Deməli,  tənqidi yazılardan nəticə çıxaran məmurlar az deyil.

- Nəticə çıxarmaq hər bir məmurun özündən asılıdır. Burada da subyektiv yanaşma olmalıdır. Sağlam və konstruktiv tənqid məmurun vəzifəsini icra etməyə kömək edir. Məmur bu və ya digər məsələləri yuxarı instansiyalar qarşısında qaldırır. Məmur məsələni gündəmə gətirəndə kimsə fikirləşər ki, bu korporativ maraq güdür. Amma jurnalist yazıb araşdırma apardıqdan sonra problemlərin olduğu bilinir. Bir növ jurnalistin problemi qabartması məmura dəstəkdir. Jurnalistin problemləri qaldırması sosial tələbatın olduğunu göstərir. Ona görə də məmurların mətbuatla sıx işləməsi məmur üçün çox vacibdir. Sağlam düşüncəli məmurlar üçün mətbuat çox böyük dəstəkdir.

- Amma bir çox məmurlar mətbuata çıxmaqdan sanki çəkinirlər.

- Bu məmurların peşəkarlıq və hazırlıq səviyyəsindən asılı olan məsələdir. Mən heç vaxt heç bir jurnalistdən qaçmamışam.

- Uzun illər icra başçısı kimi işlədikdən sonra deputat olmaq qərarı verdiz. Hansı sahədə çalışmaq daha asandır və niyə deputat olmaq istədiz?

-Bunlar fərqli-fərqli məsələlərdir. Lap əvvəllərdən parlamentdə təmsil olunmaq istəyim var idi. İndiki vəziyyətdə icra hakimiyyəti və qanunverici hakimiyyət fəaliyyət baxımından tam fərqlidir. Ancaq cənab prezidentin komandasında olan insan kimi çalışmışam ki, harda olmağımdan asılı olmayaraq, vəzifəmin öhdəsindən gəlim. Hər zaman mənim timsalımda Azərbaycan hakimiyyətinə mənfi söz deyilməsin.

- Balakəndə doğulmusuz. Həm də oranın deputatısız. Təmsil etdiyiniz  bölgədə azsaylı xalqlar yaşayır. Zaman-zaman azsaylı xalqları bir-birinə vurdurmağa çalışıblar. İndi də belə cəhdlər olurmu?

- Balakəndə 22-yə yaxın millətin nümayəndəsi yaşayır.Həmişə çox mehriban olublar. Bir-birinin mədəniyyətindən, adət-ənənəsindən bəhrələniblər. Millətlərarası münaqişə heç vaxt olmayıb. Müstəqilliyin ilk illərində SSRİ dağılandan sonra ayrı-ayrı separatçı qüvvələr onları qarşı-qarşıya qoymağa çalışdılar. Ancaq alınmadı. İndi o cür söhbətlər yoxdur. Azərbaycan 2001-ci ildə AŞPA-nın üzvü olub. O vaxta qədər AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri milli məsələlər, etnik problemlər, insan hüquq və azadlıqları ilə bağlı rayona gəlirdilər. Onları qəbul edib söhbət edirdik. Bəzən 7 saat onların suallarını cavablandırırdım. Çox yaxşı hal idi ki, onlar AŞPA-da çıxış edərkən Azərbaycanın milli məsələləri ilə bağlı mənfi fikir səsləndirmədilər. Hətta, o vaxtlar Azərbaycanın tolerant və multikultural dövlət olduğunu göstərdilər. Onlar hər dəfə gələndə sadə insanlarla, vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirirdilər.

- Balakən sərhəd bölgə olduğundan dəfələrlə radikal dini qruplaşmalara rast gəlinib. Hazırda Balakəndə radikal qruplaşmaların toplaşması halları aktualdırmı?

- Azərbaycanda radikal dini qruplaşmalarla bağlı dəqiq informasiyaları təhlükəsizlik orqanları daha yaxşı bilir. Amma ölkəmizdə kəskin radikal dini qruplar yoxdur. 1990-cı illərin əvvəllərində ölkədə ümumi vəziyyət hər kəsə bəlli idi. O vaxtlar pərakəndəlikdən istifadə edib müxtəlif ölkələrdən emissarlar Azərbaycana axışdı. Yaranmış münbit şəraitdən istifadə edərək savadsız insanları ətrafında topladı. Hər dövlətin nümayəndəsi özü ilə bərbər yeni adət-ənənə gətirirdi. Radikal vəhhabilik, islama heç bir aidiyyatı olmayan təriqət yayılmağa başladı. Həmçinin, təkcə islam təmayüllü emissarlar gəlmirdi. Hətta bir çox xristian ölkələrində qadağan olunmuş dini cərəyanların nümayəndələri, Yehova şahidləri gəlirdilər. Onların Balakən rayonunda belə nümayəndələri vardı. Zaman keçdikcə, dövlət bu sahədə qanunvericilik bazasını yaratdı. Bu sahəyə bilavasitə rəhbərlik edən mərkəzi icra hakimiyyəti orqanı olan Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsi yarandı. Bundan sonra bütün məsələlər qanunauyğun şəkildə tənzimlənməyə başladı. O emissarların çoxu deportasiya olundu. Xatırlayıram ki, o vaxtlar dini separatizmə qarşı çox ciddi işlər gördük. Bəzi hallarda qəti tədbirlər görməyə məcbur olurduq. Hesab edirəm ki, o zaman üçün çox düzgün addım idi. Bu gün o sahədə tam sabitlikdir. Balakən rayonunun timsalında deyə bilərəm ki, bu cür adamlar yoxdur.

- Bölgələrdən söz düşmüşkən, tez-tez erkən nikahların bağlandığını  gündəmə gətiririk. Balakəndə vəziyyət necədir?

- Bu sahə ilə bağlı çoxlu təhlillər aparmışıq. Erkən nikahların bağlanması Balakən –Zaqatala üçün xarakterik deyil. Erkən nikahların qəti əleyhinəyəm. Məsələyə bir qədər də dərin yanaşsaq,  uşaqların daha çox ananın tərbiyəsində olduğunu deyə bilərik. Əgər ana kamil şəxsiyyət kimi formalaşmayıbsa, necə övlad tərbiyə edə bilər?!Elmi cəhətdən yanaşmaq lazımdır. Dünya ölkələrinə nəzər salıb onlarla rəqabət aparacaq, ana yetişdirmək vacibdir. Qızları erkən yaşında ərə verməklə, onlardan hansı tərbiyəni gözləmək olar?! Bu, fiziki cəhətdən də doğru deyil. Hesab edirəm ki, erkən nikahların bağlanması cinayətdir. 15-16 yaşında uşaqların ərə verilməsi cəmiyyətə, dövlətə qarşı cinayətdir. Bir vaxtlar qızların nikaha girməsini 17 yaş müəyyənləşdirmişdilər. Bunun əleyhinə idim. Yaxşı ki, sonradan bu 18 yaş müəyyən edildi. Həmçinin, məni başqa bir məsələ narahat edir. Azərbaycanda qız uşaqlarına münasibət arzuolunan deyil. Dəhşətə gəlirəm. Qız övladlarına bu cür amansız münasibət olmamalıdır. Qız uşaqlarına daha çox üstünlük verirəm. Hesab edirəm ki, qızlara təhsil almaq oğlanlardan daha çox lazımdır. Çünki hər bir qadın gələcəkdə  həyat yoldaşından asılı olmamalıdır. Əgər güclü nəsil yetişdirmək istəyiriksə, savadlı və güclü ana yetişdirməliyik. Biz Şərq mentalitetinə aid insanlarıq. Fikir verin: ata səhər çıxıb, axşam evə gəlir. Övlad ana ilə qaldığından tərbiyənin 80%-i də ananın üzərinə düşür. İndi deyə bilərlər ki, uşaq bağçası, məktəb var. Amma tərbiyə məsələsində bunlar 25-30% təşkil edir. Yenə də əsas tərbiyə ananın üzərinə düşür. Bəzi ailələr var ki, qız uşaqlarını 9-cu sinifdən çıxarıb oxutmamağa çalışır. Bu, nə deməkdir?!


- Bir neçə ildən sonra isə erkən ərə verilən təhsilsız qadınları sığınacaqlarda görürük. Ya ər tərəfindən döyülür, ya  da küçəyə atılır.

- XX əsrdə kişinin qadına əl qaldırması Azərbaycan kişisinə yaraşmayan haldır. Bəzən hansısa  kişi ictimai həyatda özünü təsdiq edə bilməyəndə aqressiyasını evdəki həyat yoldaşının üzərinə tökür, onu döyür. Bu, artıq zəiflik əlamətidir.

- Yeri gəlmişkən, Milli Məclisdə cəmiyyət üçün vacib qanun layihələri ilə bağlı çıxış edirsinizmi?

- Əlbəttə, zaman-zaman mənim də təkliflərim olub. Əvvəllər fikirləşirdim ki, hər gün müxtəlif təkliflərlə çıxış etməliyəm. Sonralar gördüm ki, buna ehtiyac yoxdur. Amma bəzi problemlər var ki, onları Milli Məclisin iclaslarında mütləq qaldırmalıyam və qaldırıram.  İlk növbədə seçkilərimə verdiyim vədlərlə bağlı problemlərin çoxunu Milli Məclisdə qaldırmışam.

- Bəzi bölgələrin seçiciləri aylarla onları parlamentdə təmsil  edən deputatının üzünü görmür. Seçki öncəsi verilən vədlər isə elə boş söz olaraq qalır. Deputat-seçici münasibətləri necə olmalıdır? Siz seçicilərinizin yanında tez-tez ola bilirsinizmi?

- Hər bir deputatın namizədlik ərəfəsində müəyyən etdiyi kurs var. Bunun üçün özünə uyğun kurs müəyyənləşdirir. Özünü tanıtmaq üçün gələcəkdə hansı işləri görəcəyini sadalamalıdır. Deputatlığa namizəd seçilmək istədiyi rayonun problemlərini dərindən bilməlidir. Bu zaman ona uyğun öz platformasını yazır və əhaliyə çatdırır. Deputatlığa namizəd əhalinin problemlərindən məlumatlı olduğunu göstərməyi də bacarmalıdır. Mənə gəlincə, Balakəndə doğulub-böyümüşəm. 6 ilə yaxın rayonun icra başçısı olmuşam. Deputatı olduğum rayonu dərindən tanıyıram. Hansı kəndin hansı problemlərinin olduğunu, əhalinin mental keyfiyyətlərini  çox yaxşı bilirəm. Hansısa kənddə gedib nəyisə soruşmağıma ehtiyac yoxdur. Onsuz da məlumatlıyam. Üstəlik insanlar da məni tanıyır. Uzun illər icra strukturunda çalışmışam. Təvazökarlıqdan uzaq da olsa deyəcəm: seçildiyim rayonun insanları ədalətli olduğumu bilirlər. Məsələlərə sosial ədalət prinsipindən yanaşmışam. Eyni zamanda, çoxsaylı problemlər həllini tapıb.

- Son zamanlarda müşahidə etdiyimiz çox ciddi məqam var. Bəzi icra başçıları özlərini kral kimi aparırlar. Necə ola bilər ki, icra başçısı xalqın arasında ən bahalı maşına minib mühafizəçilərin əhatəsində  gəzsin. Sabiq icra başçısı kimi, sizcə, icra başçısı bahalı maşında gəzməlidirmi?

- Qətiyyən yox. İcra başçısının özünü kral kimi aparmasını qəbul etmirəm. İcra başçısı maksimum sadə olmalıdır. Hətta xidmətçiyə belə “siz” deyib müraciət etməlidir. Hamıya hörmətlə yanaşmalıdır. Heç bir halda şəxsi hisslərini, şəxsi emosiyalarını işə gətirməməlidir. Hər hansı qərarlar qəbul edəndə şəxsi hisslərindən çıxış etməməlidir. Kimliyindən asılı olmayaraq məsələlərə obyektiv yanaşmalıdır.

- Bahalı maşında da gəzməməlidir?

- Bahalı maşında gəzmək insanların öz şəxsi işidir. Kimin imkanı var gəzir, kimin imkanı yoxdur gəzmir.

- Razıyam. Amma unutmayaq ki, icra başçısının üzərində böyük məsuliyyət var. Onun əsas vəzifəsi xalqın yanında olmaqdır. Dövlət başçısı tərəfindən təyinat alıb.

- Sizinlə yüz faiz razıyam. Bir məsələni də demək istəyirəm. Çox yaxşı olar ki,  fərdi və ünvanlı yanaşma olsun. Əslində, çox yaxşı məsələyə toxunduz. Bütün icra başçılarını eyni səviyyəyə qoymaq doğru deyil. Məsələn, hamı bilir ki, bu insan öz fəaliyyəti ilə hər gün dövlətə ziyan vurur. Hər gün onun orda əyləşməsi dövlətin, millətin əleyhinədir. Bir çox hallarda bəzi bu tip adamları mətbuat peyğəmbər övladı kimi göstərilir. Halbuki, həmin şəxsin kimliyi hər kəsə bəllidir. Ona görə də məsələlərə subyektiv yanaşma olmalıdır.

 - Bəzi icra başçılarının bahalı maşında  və mühafizəçilərin əhatəsində gəzməsindən danışdıq. Amma Gəncəyə diqqət çəkməyə bilmərəm. Sabiq icra başçısı Elmar Vəliyev daha çox mətbuatın gündəminə məhz bahalı maşınları və mühafizəçiləri ilə gəlirdi. Sizcə, xalqın içində olan şəxsin mühafizəçiyə ehtiyacı olmalıdırmı?

- İcra başçısı cangüdənlə qətiyyən gəzməməlidir. Buna ehtiyac yoxdur. Gəncədə baş verən neqativ halların olmaması üçün gündəlik öz üzərində işləmək tələb olunur. Sadəcə,  insanlar arasında düzgün iş aparılmalıdır. Cənab prezident hər hansı icra başçısını təyin edəndə tapşırır ki, “gedin, əhalinin problemləri ilə məşğul olun”. İş prosesində tabeliyimdə olan insanlara deyirdim ki, ola bilsin ki haqsız şikayətlər olsun. Haqsız tələblər də ola bilər. Ancaq icra hakimiyyətinin ən kiçik əməkdaşı belə o dərəcədə peşəkar, öz işini və qanunları bilməlidir ki, haqsız şikayət edən vətəndaşı  şikayətinin haqsız olmasına inandıra bilməlidir. İnandırmalıdır ki, bu tələb qanunauyğun deyil. İcra Hakimiyyətinə gələn istənilən vəzifəli şəxsin, idarə, müəssisə, təşkilat rəhbərlərinin heç vaxt təhqir olunmaq qorxusu olmamalıdır. Vəzifəsindən, işindən azad olunma məsuliyyəti olmalıdır. Kiminləsə söyüşlə danışmaq, insanları təhqir etmək olmaz. Avropada kimsə kimisə təhqir etmir, kimsə küçədə qışqıra-qışqıra telefonla danışmır. Amma sevindirici hal da var. Artıq bizdə də müsbət irəliləyiş gözə dəyir. Yaxın illərdə neqativ hallar tamamilə azalacaq.

- İcra başçılarımız arasında ən çox  qeyri-adi təqdimatlarla gündəmə gələn  Daşkəsənin icra başçısı Əhdə Abiyevdir. Gah Ermənistan bayrağını iki yerə bölür, gah da seçicilərini dağların qoynunda qəbul edir. Buna necə baxırsız?

- Əhəd müəllim dövlətini sevən insandır. Cənab prezidentə sədaqətli şəxsdir. Onun bu cür hərəkətlərinə müsbət yanaşıram. Daxilində fərqlilik var. Onun hərəkətləri insanın üzündə səmimi gülüş yaradır. Bunun nəyi pisdir ki?! Əhəd müəllimin bunları etməsi əhali ilə ünsiyyətdə arada olan psixoloji baryerləri götürür. Bu müsbət haldır.

- Milli Məclisdə sıx dostluq etdiyiniz həmkarlarınız varmı?

- Var. Milli Məclisin əksəriyyət deputatları ilə əvvəldən tanış idim. Münasibətlərimiz vardı. İndi də bu münasibətlər daha da yaxınlaşıb. Demək olar ki vaxt tapan kimi Milli Məclisdəki həmkarlarımla bulvarda gəzirik, oturub çay içirik. Əsasən ziyalı kəsimlə sıx görüşlərimiz olur. Oturub fikir mübadiləsi aparırıq.

- Sirr deyilsə, Mili Məclisdə əsas dostlarınız kimdir?

- Bəzilərinin adını çəkib digərlərininkini çəkməsəm, inciklik yaranacaq. Milli Məclisdə müxtəlif fikirlərin olmasını da normal qarşılayıram.

- Milli Məclisə seçkilər zamanı bir halı müşahidə etmişik. Seçkiöncəsi qadın namizədlərin sayı çox olur. Amma icra başçısı postunda qadınlar azlıq təşkil edir. Qadınların cəmiyyətdə aktivliyini necə qiymətləndirirsiz?

- Parlamentin təntənəli iclası ilə əlaqədar xarici ölkələrdən qonaqlar gəlmişdi. Serbiyanın vitse-spikeri mənə həvalə olunmuşdu. 3-4 gün ərzinə bir neçə dəfə görüşdük və söhbətlərimiz oldu. Söhbətlərimizin birində parlamentdə qadınların təmsil olunmasından danışdıq. İzah etdim ki, parlamentdə, hökumətdə yerli icra strukturlarında və digər sahələrdə  filan sayda qadınlar təmsil olunur. Azərbaycanda müsbət saldo 80%-dən yuxarıdır. Təbii ki, xarici qonaq müsəlman ölkəsində bu qədər qadınların təmsil olunmasına təəccüb etdi. Bildiyiniz kimi, dünyada gender məsələlərinə çox diqqət edilir. Məsələn, bir sıra dövlətlərdə çalışırlar ki, balansı qorusunlar. 50% kişidirsə, 50% də qadın deputat parlamentdə təmsil olunsun. Bu cür hallara normal yanaşıram. İstənilən halda qadınlar cəmiyyətdə balanslayıcı rol oynayırlar. Azərbaycanda kifayət qədər ziyalı, savadlı qadınlar var. Hesab edirəm ki, onların təmsilçiliyi dövlət və cəmiyyət üçün çox faydalıdır.


- Nəsib müəllim, bir qədər də övladlarınız barədə danışaq. Yolunuzu davam etdirmək istəyən varmı?

- 2 oğlum və 1 qızım var. Böyük oğlumun 28 yaşı var. Bu il ailə həyatı qurub. Kiçik oğlumun 25 yaşı var. Qızımın isə 22 yaşı var. Bu il Bakı Mühəndislər Universitetini bitirib. Qızım gələcəkdə siyasətçi olmaq istəyir. Diplomatiyaya çox böyük meyli var.

- Əgər qızınız siyasətçi olmaq qərarını versə, onu dəstəkləyəcəsinizmi?

- Əlbəttə. Təkcə qızımı yox, oğlanlarımı da dəstəkləyirəm. Bizim ailədə demokratik şərait hökm sürür. Heç vaxt heç kimi nəyəsə məcbur etmirik. Çünki hər bir insanın özünün dünyagörüşü, həyata maraqları var. İnsanı hansısa işi görməyə məcbur etmək olmaz. Tövsiyə verə, yol xəritəsi cıza bilərik ki, bu yolla getsən, daha tez məqsədə çatarsan. Amma başqa yolla getsən, məqsədə çatmaqda problem yaranar. Hesab etmirəm ki, bu cür məsələlər məcburi olmalıdır. Mütləq kiminləsə ailə qurmalısan, yaxud da mütləq ailə qurmalısan. Bəlkə bu insanın ailə qurmaq fikri yoxdur?!

- Söhbətin maraqlı məqamına toxunduz. Mütləq kiminləsə ailə qurmaq. Vəzifə sahibləri, istər icra başçıları, istərsə də nazirlərimiz olsun, sanki bir-birləri ilə quda olmaq yarışına giriblər. Dediz ki, oğlunuz yeni ailə qurub. Siz də digər həmkarlarınız kimi məmurla qohumluğa üstünlük vermisiz?

- Qəti şəkildə ailəmdə o cür söhbətlər etmirəm və etməyəcəm də. Təsəvvür edin, oğlum 27 yaşına qədər 500-600 qızı müşahidə etmişdi. Evləndirmək məsələsində oğlumuzu tələsdirərkən deyirdi ki, “siz istəyirsiz ki, evlənəndən sonra evə gəlməyim?!”. Təbii, seçim oğlumuzun ixtiyarında idi. Balakəndən sadə müəllim ailəsində böyümüş qızla evləndi. Atası nə icra başçısıdır, nə də məktəb direktoru. Oğlumun seçiminə çox sevindim. Təvazökarlıqdan uzaq da olsa deyəcəm, oğlum bakalavr, magistr təhsili alıb və müxtəlif dilləri bilir. Heç vaxt övladlarımı  məcburi şəkildə kiminləsə evlənməyə məcbur etmərəm.

- Məmurların evlilik qaydalarından danışdıq. Daha bir acı reallıq var. Qohum nikahların bağlanması. Məsələn, xalaqızı-xalaoğlu, əmiqızı-əmioğli arasında nikahların gerçəkləşməsi... Milli Məclisin deputatı olaraq bu sahədəki fikirləriniz də maraqlıdır.

- Qurani-Kərimdə belə bir ayə va: “Qəti şəkildə xalaqızı, dayıqızı, əmiqızı, bibiqızı ilə nikaha girmək olmaz”. Azərbaycanda 1 milyona yaxın talassemiya daşıyıcısı var. 9 milyonluq əhali üçün bu çox böyük rəqəmdir. Qan qarışmalıdır. Finlandiyanın təcrübəsinə nəzər salmaq istərdim. Orada xüsusi dövlət proqramı var. Qız ya da oğlan xarici vətəndaşla ailə həyatı quranda dövlət çox böyük dəstək verir, sosial və məişət problemlərini həll edir. Çünki epileptik xəstəliklərin sayı həddindən artıq çoxdur. Bu da qanın başqa qanla qarışmamasına səbəb olur.
Əgər müqəddəs kitabımızda qohumlarla nikaha qarşı çıxılırsa, biz niyə qohumla evlənməliyik?! Kiminsə evi, bahalı maşını var deyib evlənmək kortəbiilikdir, gerizəkalılıqdır. Keçmiş ənənələrdən misal da gətirə bilərlər ki, “nə olsun  filankəs də evlənib”. Olmaz. Bu cinayətdir. Ailədə xəstə uşaqlar doğulur. Bir vacib məsələ də var. Qızı ər evinə göndərəndə “sənin ancaq oradan meyitin çıxa bilər” deyirlər. Niyə axı?! Övldarının həyatının məhv olmasına göz görə-görə razı olurlar. Unutmayaq ki, hər bir ailədə kiməsə təzyiqlər olanda bütövlükdə cəmiyyət aqressivləşir. Cəmiyyətdə gərginlik artır. Evdə əsəbi olanda aqresiyasını işdəkilərə tökür. Əgər şüurumuz, ağlımız varsa, niyə cəmiyyəti daim gərginlikdə saxlamalıyıq?! Bu cür məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Ona görə də bir neçə dəfə işdə, məktəbdə, uşaq bağçasında, fabrikdə, zavodda dövlət idarəetmə sistemlərində psixoloqların olmasını təklif kimi səsləndirmişəm. Təəssüf ki, yoxdur.