Boş başların
anlamayacağı baş daşı



 

Acı alaq otları"na qarşı necə mübarizə aparmalı?

 Bəli, çox təəssüf ki, bu günlərdə buna da şahid olduq. Gerizəkalı insanların cəmiyyətimizdə hələ də meydan suladıqları bir daha öz təsdiqini tapdı. Şahidi olduq ki, dəyərlərimizə qiymət verənləri, Azərbaycanı dünyada tanıdanları, onun adını uca tutanları sosial şəbəkələrdə müzakirələrə mövzu edib, mənasız gülüş hədəfinə çevirə bilirik. Həm də, bütün bunları utanmadan, çəkinmədən edirik. Sanki müzakirə mövzusu olanlar bu xalqın qəti düşmənləridirlər.

Bu yazının səbəbkarı, mənim üçün aldığımız nəfəs qədər hər an anmalı və yad etməli olduğumuz, lakin bu gün lağ həfədinə çevrilən dünya şöhrətli alim, Koliforniyadakı Berkli Universitetinin əbədi professoru adına layiq görülən yeganə şəxs, dahi şəxsiyyət, unudulmaz insan Lütfi Rəhim oğlu Ələsgərzadədir. Baxın, mən şəxsiyyətlərdən biri demədim. Yeganə şəxs dedim. Yəni Amerika kimi nəhəng bir ölkənin nüfuzlu universitetində yeganə azərbaycanlı alim! Hər-halda bunun nə demək olduğunu ağılı başında olan hər kəs bilir. Və yəqin ki, vətənini sevən hər bir soydaşımız bundan qürur duyur.

 Gəlin, bir düşünək, görək bizim haqqımız çatırmı ki, bu cür şəxsiyyəti ümumiləşdirərək lağa qoyaq? Bu sualın birmənalı cavabı var. Yox, haqqımız çatmır. Çünki belə bir insan haqqında söz demək haqqını əldə etmək üçün ən azından xalq, millət, dövlət üçün gərəkdir ki, onun gördüyü işin heç olmasa yarısını görəsən. 

Bəs nə etməli?

-Zəfəranın nə olduğunu bilməyənlərlə necə davranmalı? Acı alaq otları kimi, cəmiyyətin içinə sirayət etmiş bu zavallıları içimizdən necə qovmalı, necə kənarlaşdırmalı?

- Bu sualların cavabını tapmaq çox müşkül məsələ olsa belə, mənə belə gəlir ki, bu sosial şəbəkə qəhramanlarının, dırnaqarası vətənpərvərlərin mütləq şəkildə maarifləndirilməsi probleminə, bu gün cəmiyyətimizin bir nömrəli məsələsi kimi baxılmalıdır. Bu insanlara maarifləndirmənin bütün formalarından istifadə edərək anlatmaq lazımdır ki, səni, bizi dünyaya tanıdan insanı, istər o alim olsun, istər siravi vətəndaş, onu hörmətlə anmaq hər birimizin vətəndaşlıq borcudur. Belələrinə anlatmalıyıq ki, bu şəxsiyyətlərin, belə insanların qazandıqları uğurları, nailiyyətləri sizlər bəlkə də, heç bir zaman qazana bilməyəcəksiniz. Məhz buna görə biz, bu cür dahilərlə fəxr etməli, onları  tanımalı və həm də dünyaya tanıtmalıyıq. Paxıllıqdan, xəbislikdən, qarayaxmalardan əl çəkib, nəinki Lütfi Rəhim oğlu Ələsgərzadəni, onun timsalında, dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycana şərəf və şöhrət gətirən bütün həmvətənlərimizi fəxrlə yad etməyi öyrənməliyik.

Və heç şübhəsiz ki, bu məsələlərdə məsuliyyətin əsas hissəsi, cəmiyyətə  güclü təsir vasitəsi olan televiziyaların üzərinə düşür. Böyük təsir vasitəsi olan televiziyalar gündəlik efir vaxtlarını mənasız və maraqsız şou verilişlərinə, aşbazlıq kurslarına sərf etməkdənsə, Lütfi Zadə kimi dahilərin həyatından bəhs edən verilişlər hazırlasalar, bu gənc nəslin maariflənməsinə göstərilən böyük xidmət olardı. Ən azı gənclər də, bu dahi şəxsiyyətləri daha yaxından tanıyar, onların barəsində açılan diskusiyalarda öz mövqelərini ortaya qoya bilərdilər. Belə diskusiyaların səmərəsi də, bugünkü qarayaxmalardan yaxa qurtarmağa imkan verərdi.

Hər hansı bir məsələni müzakirə etmək, bu məsələlər ətrafında fikir mübadiləsi aparmaq çox maraqlıdır. Lakin lağa qoyulası və gülüş hədəfinə çevriləsi hədəflər tamamilə fərqli olduğu halda, sözün hər mənasında böyük insanın, dahi şəxsiyyətin şərəfinə ucaldılan abidəni hədəf seçmək nəinki ağılsızlıq, heç insanlığa yaraşan bir iş deyil. Heç bir azərbaycanlı, Türk bu əskikliyə yol verməməlidir. Çünki biz bu qədər cılız düşüncəyə, təfəkkürə sahib millət deyilik. Belə olsaydıq, dünyaya töhfələr verən Lütfi Zadə və lütfülər bizim millətdən olmaz, bizim cəmiyyətdən çıxmazdı.

 Utanmalıyıq-bəli, təkcə ona görə yox ki, bu gün cəsarət tapıb dahilərin heykəlləri, abidələri ilə zarafatlaşırıq, onları gülüş hədəfinə çeviririk. Utanmalıyıq həm də ona görə ki, Lütfi Zadə bütün bəşəriyyətə xeyir verən ağlının, zəkasının məhsulunu, elimini, yaradıcılığını dünyadan köç etdiyi anadək unutmadığı, qəlbində yaşatdığı doğma Azərbaycanınada, məhz belə bir münasibətə məruz qaldı. Deyirlər, ölənlərin arxasından danışmaq günahdır. Bu xalqın qınağından qorxmursunuz, barı Allahdan qorxun!

P.S. Az qalmışdı unudam. Bizlər həm də Qarabağ ermənilərindir deyənləri gətirib nəinki ocağımızın başında, süfrəmizin qırağında əyləşdirənlərdənik, hətta onların konsertlərinə belə tələsənlərdənik. Bax, bunu da unutmayaq!