Astarada narkotik tacirləri saxlanıldı



 

Sərhədçilər Astara rayonunda narkotik tacirlərini ələ keçirib.

Dövlət Sərhəd Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 3-də saat 23:30 radələrində Astara rayonu Kələdəhnə kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti ərazisində “Niva” markalı AZ 43-BC-686 nömrəli dövlət nömrə nişanlı avtomobilin sahilboyu əraziyə yaxınlaşması sərhəd naryadı tərəfindən müşahidə olunub. Avtomobildə olan 3 nəfər naməlum şəxsin yaxınlıqdakı kolluğa yaxınlaşmaları, onlardan birinin kolluqda nəyisə axtarması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.  

Sərhədçilərin “Dayan” komandasını eşidərək qaçmağa cəhd edərkən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra həmin şəxslər saxlanılıb. Kolluqdan götürülmüş kisəyə baxış zamanı ümumi çəkisi 2 kq 650 qram olan narkotik vasitə (1 kq tiryək, 1 kq həşiş, 650 qram heroin), 285 ədəd metadon həbi aşkar olunub.

Saxlanılmış şəxslərin Lənkəran rayon sakini 1984-cü il təvəllüdlü Əliyev Xaliq Bayram oğlu, Lerik rayon sakinləri 1979-cu il təvəllüdlü Bayramov Fuad Həsənağa oğlu və 1982-ci il təvəllüdlü Xosurov Rüfət Rizvan oğlu olmaları məlum olub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.