Siyəzəndə dəhşətli qəzada ölənlərin adları açıqlandı - Fotolar+ Yenilənib



 

Siyəzən rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının sözlərinə görə, Qara Siyəzən adlı ərazidə “VAZ 2107” markalı 53-BB-675 dövlət nömrə nişanlı avtomobillə “Daewoo” markalı 99-AR-259 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 qadın, 1 azyaşlı uşaq, 3 kişi olmaqla 6 nəfər hadisə yerində dünyasını dəyişib, daha 1 uşaq ağır xəsarət alıb. Azyaşlı Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Hadisə yerinə təcili yardım briqadaları və polislər cəlb edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ötən gün də Göyçayda baş vermiş yol qəzası nəticəsində bir ailənin 4 üzvü həlak olub, 7 nəfər isə yaralanıb.

***

Qəzada həlak olan 6 nəfərin meyiti Quba rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morquna göndərilib.

***

Qəza zamanı dünyasını dəyişən şəxslərdən ikisinin kimliyi məlum olub. Bunlar Pirəliyev Məhəmməd Vahid oğlu və Pirəliyev Seymur Gülağa oğludur. Onların əmioğlu olduğu bildirilir.

Dünyasını dəyişən S. Pirəliyev Rusiya vətəndaşı olub, o, Siyəzənə qonaq gəlibmiş.

Hadisə nəticəsində xəsarət alan uşaq isə Sumqayıt şəhər sakinidir.

***

FHN xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sürücü, 1990-cı il təvəllüdlü Məhəmməd Vahid oğlu Güləliyevin, sərnişin, 1990-cı il təvəllüdlü Seymur Gülağa oğlu Güləliyevin və “Daewoo” markalı minik avtomobilində sürücü, 1991-ci il təvəllüdlü Vasif Əjdər oğlu Quliyevin və sərnişin, 1969-cu il təvəllüdlü Aidə Eldar qızı Quliyevanın sıxılmış vəziyyətdə qalmış meyitlərini nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Emin Kərimov