Türkiyə ABŞ-ın iki nazirinə sanksiya tətbiq etdi



 

Avqustun 1-də ABŞ Maliyyə Nazirliyinin Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etməsinə qarşılıq verilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edilməsi barədə göstəriş verib:

“Əgər onların Türkiyədə əmlakı varsa, dondurulması barədə təlimat verdim. Təhdid dili və sanksiyalarla Türkiyəni geri addım atdıracaqlarını düşünənlər bu ölkəni heç tanıya bilməyib. Avropanın etdiyi səhvləri təkrarlamaq Amerikaya heç bir şey qazandırmaz”.

Qeyd edək ki, iki ölkə arasında siyasi gərginlik Türkiyədə həbs saxlanılan amerikalı rahib Endryü Bransona görə başlayıb. Belə ki, o, FETÖ cinayətindən tutulub. 35 il həbsi istənilən rahib haqqında “ev dustaqlığı” qərarı verilib.