ƏƏSMN Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyevin fırıldaqları davam edir

 



 

 

Şahin Quliyevin hesabına vəzifə tutan müdir Sahil Babayevin diqqətindən yayınır

 Anar Əlabbas oğlu Vəliyevin DSMF Beyləqan rayon şöbəsinin müdiri vəzifəsinə gətirilməsi yaxın qohumu və kənd qonşusu, sabiq şöbə müdiri və Səlim Müslümovun yaxın adamı (pulyığanı) Şahin Ənvər oğlu Quliyevin sayəsində baş tutduğunu bütün beyləqanlılar yaxşı bilir. Şahin Quliyevlə birlikdə hərəkət edən Anar Vəliyev nazirlik sistemindəki əsas dayağını itirdiyinə görə, əvvəlkindən fərqli olaraq, ehtiyatla hərəkət edir və qazancından da geri qalmır. Lakin bu, o demək deyil ki, Anar Vəliyev nazirin dəyişməsinə görə, qaz vurub qazan doldurmaq məramından əl çəkib. Əksinə, nazir Sahil Babayevin diqqətini cəlb etməmək şərti ilə Səlim Müslümovun zamanından nəzarətinə götürdüyü rayondakı sosial idarə və təşkilatları yenə də əlində cəmləşdirib. Qeyd edək ki, Beyləqanda ƏƏSMN sisteminə daxil olan bütün rayon şöbələrinin rəhbərlərinin hamısı Anar Vəliyevin qohumlarıdır. Məsələn, Tibbi Ekspert Komissiyasının sədri qardaşı arvadı Leyla Nəsirovadır, DSMF-nin sədri Xəqani Məmmədov kəndçisi və qohumudur, Məşğulluq İdarəsinin müdiri R.Tağıyev isə Azərlotereyanın sədr Maqsud Tağıyevin qardaşı R. Tağıyevdir.

Yəni, ƏƏSMN Beyləqan Rayon Şöbəsinin müdiri rayonda “mafiya babası” hesab olunur və milyonlar sahibi kimi tanınır. Rayon əhalisinin hər biri yaxşı bilir ki, əlillik dərəcəsinin müəyyən edilməsini asanlıqla almaq üçün Tibbi Ekspert Komissiyasının baş həkimi, ƏƏSMN Beyləqan rayon şöbəsinin müdiri Anar Vəliyevin qardaşı arvadı Leyla Nəsirovanın müəyyən etdiyi rüşvətin məbləğini verməsə, onun əlillik dərəcəsi alması və istədiyi məbləğdə təqaüd müəyyən olunması qeyr-mümkündür. Bu cür ağır cinayət əməlin nəticəsidir ki, Anar Vəliyevi və onun komandasını rayonun ən varlı-hallı məmurlarından sayırlar.

Anar Vəliyev və qardaşı arvadı Leyla Nəsirova əhalidən zorla topladıqları milyonlar hesabına Beyləqanda və Bakıda bir neçə obyekt və mənzil əldə ediblər. Bakının müxtəlif rayonlarında çoxmənzilli evlər alaraq, krayəyə veriblər. Minik avtomobillərinin sayı onlarla ölçülür. Leyla Nəsirova 4 yerdə mənzil alaraq, hər bir evin içərisini qiymətli xarici ev əşyaları ilə təmin etmişdir. Şahin Quliyevə arxalanaraq rayonda sözün əsil mənasında pul qıran Anar Vəliyev o qədər həddini aşıb ki, hətta katibəsinə də Bakıda ev almağı, onun zər-ziba içində yaşamasına şərait yaratmağı unutmayıb. Katibə məsələsinə gəlincə, qeyd edək ki, Anar Vəliyevin həyat yoldaşı rayon xəstəxanasının ən bacarıqlı cərrahlarındandır. Hazırda cərrahların ən yüksək səviyyədə qazanc sahibləri olduğu heç kimə sirr deyil. Bununla belə, Anar Vəliyevin yaxşı qazanc gətirən ailəsi olmasına baxmayaraq, öz katibəsi ilə eşq məcarası yaşaması ailədə daim gərginlik yaşanmasına səbəb olur. Tək bircə faktı qeyd edək ki, Anar Vəliyev katibəsinin dişlərinin düzəldilməsinə 10 min manatdan çox pul xərcləyib. Katibəsinə 90 min manata aldığı Bakıdakı mənzilin içərisinə 25 min manatlıq ev əşyaları alıb.

Qeyd etdiyimiz faktlar Anar Vəliyevin əhalini soymaq hesabına əldə etdiyi varidatın yalnız cüzi bir hissəsidir. Onun digər bəd əməlləri barədə oxuculara növbəti yazıda ətraflı bəhs edəcəyik.

Bizi izləyin.

Hümbət