Bakıya AVRO 6 emissiya standartına uyğun avtobuslar gətirilir



 

İyulun 12-də “SAFA Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Xaliq Faiqoğlu” şirkəti ilə nüfuzlu beynəlxalq maliyyə institutlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş çərçivəsində ayrılan maliyyə vəsaiti hesabına şirkət tərəfindən yaxın zamanda Bakı şəhərinə yeni 70 ədəd AVRO 6 emissiya standartına cavab verən, alçaq platformalı avtobuslar gətiriləcək.

“Qafqazinfo” xəbər verir ki, imzalanma mərasimində çıxış edən “SAFA Holding” şirkətlər qrupunun təsisçisi Faiq Seyidov bildirib ki, bu layihə 15 illik gərgin əməyin bəhrəsidi. “AYİB kimi nüfuzlu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa başlayan ilk özəl sərnişindaşıma şirkəti olduğumuz üçün qürur hissi keçirirəm və əminəm ki, bu əməkdaşlıq ictimai nəqliyyat sahəsində həyata keçirilən islahatlara öz böyük töhfəsini verəcək” deyə F.Seyidov qeyd edib.

“Bilirsiniz ki, “Xaliq Faiqoğlu” şirkətinin qarşıya qoyduğu əsas məqsəd vətəndaşlara müasir və təhlükəsiz sərnişindaşıma xidməti göstərməkdi. Biz Bakı şəhərində şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə həyata keçirilən islahatlarda özəl şirkət olaraq aktiv iştirak edirik. AYİB-lə əməkdaşlıq çərçivəsində Bakı şəhərinə 70 ədəd yeni, müasir və komfortlu avtobuslar gətiriləcəkdir ki, bu 200-ə yaxın yeni iş yerinin açılmasına və ən əsası paytaxt sakinləri və qonaqların komfortlu sərnişindaşıma xidmətindən istifadəsinə zəmin yaradacaq” deyə F.Seyidov bildirib.