AZPROMO-da növbəti mətbuat konfransı keçirilib



 

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə Azərbaycanda və xaricdə 2018-ci ilin yanvar ayından etibarən 33 tədbir və ikitərəfli görüş təşkil olunub. Bu ilin əvvəlindən 4 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 5 Anlaşma Memorandumu imzalanıb. 2018-ci ilin əvvəlindən İxracatçılar Klubunun 4 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, sahibkarlıq subyektlərinə 1,7 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək bu istiqamətdə sahibkarlara 5,3 mln. manat ödənilib.

Bundan əlavə, ilin əvvəlindən Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə 4 sərgidə iştirakı təmin olunub. Belə ki, Azərbaycan şirkətləri Moskvada keçirilən “Prodexpo 2018”, Dubayda “Gulfood 2018”, Çin Xalq Respublikasının Şanxay şəhərində “Sial China 2018” və Berlində “Fruit Logistica 2018” beynəlxalq ərzaq sərgilərində "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak ediblər.

2018-ci ilin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 5,5 mln. manatlıq müqavilə imzalanıb və artıq 4 mln. manata yaxın məhsul ixrac olunub.

Bütün bunlar isə, Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin genişlənməsinə, qeyri-neft məhsullarının ixracının artmasına, xarici ölkələrə ixrac missiyalarının və Azərbaycana alıcı missiyalarının səmərəli təşkilinə geniş imkanlar yaradır.

Hazırda Azərbaycana alıcı missiyalarının təşkili üçün hazırlıq tədbirləri görülür.