“Khazar”in satışına başlanıldı



 

Azərbaycanın yeni brendi olan "Khazar" avtomobillərinin artıq satışına başlanılıb. "Qafqazinfo" xəbər verir ki, Neftçala Sənaye Məhəlləsində yerləşən "Khazar" avtomobil zavodu yerli brend kimi bir aydır ki, fəaliyyətə başlayıb. Bu müddət ərzində artıq zavodda 100 avtomobil yığılıb. Müəssisənin illik gücü isə 10 min avtomobildir. 

Şirkətin rəhbəri Emin Axundovun sözlərinə görə, ilkin olaraq bazara "Khazar" LD, SD modelləri satışa çıxarılıb:

"Bizdə qiymətlər 14 mindən başlayır, bazardakı qiymətlərdən hardasa 25-30% ucuzdur. Bu sinifdən olan Çin istehsalı maşınlar belə daha bahadır. Gələn həftədən etibarən paytaxtın Badamdar, Ziya Bünyadov və Babək prospektlərində satış mərkəzlərimiz fəaliyyətə başlayacaq. Avtomobillər üçün ehtiyat hissələri mağazalarının isə ayın 20-dən sonra açılması gözlənilir. Hər ay 120 avtomobilin istehsalı nəzərdə tutulub. Yaxın gələcəkdə hissələrin istehsalına zavodda başlanılsa, qiymətlərdə 10-12% ucuzlaşa bilər. Hazırda müəssisə 16-18 min manat dəyərində "Khazar" LD, SD modellərini satışa çıxarıb. İlin sonuna kimi isə fərqli modellərin istehsalına başlanılacaq". 

Şirkət rəhbəri onu da qeyd edib ki, hazırda İqtisadiyyat, Vergilər, Energetika Nazirlikləri, MSK, Gəncə Nəqliyyat Agentliyi və bu kimi bir neçə dövlət qurumlarından 40-a yaxın avtomobil sifariş olunub:

"Satış şərtlərinə gəldikdə isə Kredit şərtlərində 50%, lizinq şərtləri ilə isə 20% ilkin ödəniş olunacaq. Lizinq üzrə illik faiz dərəcəsi isə 18%-dir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, sadəcə böyük şəhərdə yox, rayonlarda da belə sənaye məhəllələrinin yaradılmasının həm ixracat, həm də idxalat üçün böyük önəmi var:

"Mən bir azərbaycanlı kimi bu işdən qürur duyuram. Biz həm ənənəvi, həm də yeni sahələri inkişaf etdirməyə çalışırıq. Burada yığılma sırf sıfırdan başlayır. Yaxın zamlarda sırf Xəzər avtomobil llərinin satılması üçün şou room da olacaq. Dövlət orqanları da buna cəlb olunub. Yəni, bu işlər sadəcə idxalatla yekunlaşmayacaq".