“Pokrovka Məhərrəm”i həbsdən buraxdılar - Bir şərtlə...



 

Azərbaycanlı iş adamına Rusiyanı tərk etmək qadağan olunub. Moskva məhkəməsi “Food City” ticarət mərkəzinin ərazisində iri tərəvəz bazasının sahibi, Azərbaycanın Şəmkir rayonunun Çinarlı kəndindən olan Məhərrəm Novruz oğlu Zeynalovun azad edilməsi barədə qərar çıxarıb. 

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Zeynalovun qohumları bildiriblər.

Xatırladaq ki, “Pokrovka Məhərrəm” kimi tanınan iş adamı martın 30-da Rusiya DİN Moskva Baş İdarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Onun barəsində xüsusilə iri məbləğdə dələduzluq faktı üzrə cinayət işi başlanmışdı.

Daha öncə Zeynalov Moskvanın Qərbi Biryulovo səmtindəki Pokrovka tərəvəz bazasında iri topdansatış ticarətçisi olub. Həmin baza 2013-cü ilin oktyabr ayının kütləvi iğtişaşlarından sonra bağlanmışdı. Zeynalovun biznesini “qanuni oğru” Mirseymur Abdullayev “himayə edirdi”, lakin sonuncunun 2003-cü ildə öldürülməsindən sonra bu “səlahiyyətlər” 2016-cı ildə İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Canıyevə (Rövşən Lənkəranski) keçmişdi.

Pokrovka bazasının bağlanmasından sonra azərbaycanlı iş adamı “Food City” meyvə-tərəvəz bazarına köç etmişdi.

Zeynalovun müxtəlif şəxslərə 13 milyon dollar borcu vardı. Bu borc hələ Pokrovka bazası vaxtından yığılıb qalmışdı. Yalnız Domodedovodakı “Çetıre sezona” (Dörd fəsil) bazasından 9 nəfər Zeynalovla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmişdilər.

Eyni zamanda, azad edilməsini gözləyən iş adamı şərt kəsilmiş vaxt ərzində borclarını qaytarmalıdır – həbsxanada olduğu təqdirdə o, bunu edə bilməzdi. 3 il ərzində Zeynalova Rusiyanı tərk etmək qadağan olunub.