159 gənc Gömrük Komitəsində işə götürüldü



 

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev test imtahanlarından uğurla keçərək xidmətə qəbul edilən gənc əməkdaşlarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, komitə sədri gənc əməkdaşları təbrik edib. Səfər Mehdiyev diqqətə çatdırılıb ki, 26 il əvvəl yaranmasına baxmayaraq, beynəlxalq gömrük ailəsində özünə layiqli yer tutan, fəaliyyəti nəinki regional, hətta beynəlxalq səviyyədə təqdirlə qarşılanan Azərbaycan Gömrük Xidmətinin uğurlarının başlıca səbəblərindən biri də ixtisaslı gənc kadrların seçilməsi, kadr siyasətinin günün tələbləri səviyyəsində qurulmasıdır.

Komitə sədri bildirib ki, gömrük işinin daha səmərəli şəkildə təşkil olunmasını təmin etmək məqsədilə həyata keçirilən islahatların əsas hədəflərindən biri də gömrük orqanlarını savadlı, peşəkar kadrlarla təmin etmək və bu istiqamətdə gənclərə xüsusi yer vermək, onların potensialından maksimum dərəcədə yararlanmaqdır. Dövlət başçısının tövsiyələrinə uyğun olaraq, gömrük orqanlarında xidmətə qəbul edilən əməkdaşların seçimi zamanı şəffaflığın və obyektivliyin təmin olunmasına xüsusi önəm verildiyini diqqətə çatdıran Səfər Mehdiyev, gənc əməkdaşların onlara göstərilən etimadı doğruldacaqlarına əmin olduğunu söyləyib.

Komitə sədri gənclərə çalışqan, əzmli olmağı, daim öz üzərlərində işləməyi, dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməyi tövsiyə edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində test imtahanlarından uğurla keçən 159 nəfər gənc gömrük orqanlarında xidmətə qəbul olunub.