“Azərişıq”dan daha bir yenilik



 

Bu gün “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli ilə Tədris Mərkəzinin direktoru Vüqar Əliyev “Azərişıq ASC daha bir yenilik etdi” mövzüsunda mətbuat konfransı keçiriblər.

"Qafqazinfo" xəbər verir ki, onlar bildiriblər ki, yeni xidmət sayəsində artıq istehlakçının işi asanlaşacaq, vaxta və büdcəyə qənaət ediləcək, keyfiyyətlilik və təhlükəsizlik təmin ediləcək. Elektrik avadanlıqlarının istismarı zamanı, anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün indi ən yaxşı yol “ASAN xidmət” mərkəzlərinə yaxınlaşmaq və “Azərişıq” ASC-nin “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətindən faydalanmaqdır.

Bu xidmət vasitəsi ilə abonentlərə ümumilikdə 500-dən çox əməliyyatlar həyata keçirilir. Məsələn, hansısa istehlakçının balansında olan yearaltı kabel və ya hava xəttində nasazlıq yaranır və bunun səbəbi bilinmir. Sözsüz ki, xəttin diaqnostikası, zədəli yerin ən qısa vaxta təyin edilməsini bütün maddi texniki bazası mövcud olan “Azərişıq”-dan kənar hansısa elektrik işçisinin həyata keçirməsi mümkünsüz görünür. Ən azı ona görə ki, aparatların tapılması, bundan sonar lazım olan mal materialın axtarılaraq alınması, iş aparmaq üçün elektrikin kəsməsinə icazə almaq, yeraltı kabeldirsə ərazinin qazılması və örtülməsi, hava xəttidirsə kranın və başqa texnikanın gətirilməsi vaxt itkisi ilə yanaşı ikiqat xərcdir. Üstəlik onun elektrik təhlükəsizlik qaydalarına uyğun olub-olmayacağı da şübhə altındadır.

Lakin bu iş “Azərişıq” ASC-nin peşəkar kadrları tərəfindən ən müasir avadanlıqlarla həyata keçiriləndə həm istehlakçıların işi asanlaşır, həm təhlükəsizlik tədbirləri artırılır, həm vaxta qənaət edilir, həm israfçılığa yol verilmir, həm də keyfiyyətlilik və dayanıqlılıq təmin edilir.