Keçmiş polis rəisi kassasiya şikayəti verib



 

Arvadı dələduzluqda təqsirləndirilərək həbs edilən, özü barədə saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi başladılan keçmiş polis rəisi Mahir Əkbərov Ali Məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi olan, mayor M.Əkbərovun adı bir çox qaranlıq işlərdə hallanandan sonra vəzifəsindən uzaqlaşdırılıb.

Onun arvadı Leyla Əkbərova vətəndaşlardan 150 min manat pul alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. Zərərçəkənlərdən biri də Anara Məmmədova və onun əri Dəyanət Məmmədov olub. L.Əkbərova onlara 100 min manatdan çox pul “atıb”. 

Bu məhkəmə prosesi ərəfəsində M.Əkbərov “Təzadlar” qəzetinə açıqlama verərək zərərçəkmiş A.Məmmədova və həyat yoldaşı Dəyanət Məmmədov haqda ittihamlar irəli sürüb. O iddia edib ki, D.Məmmədov işlədiyi şirkətdə maliyyə maxinasiyalarına yol verərək əlavə qazanc əldə edir və özünü yüksək vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edir.

Bundan sonra D.Məmmədov və A.Məmmədovanın vəkili Vasif İsrafilov Yasamal Rayon Məhkəməsinə müraciət edərək M.Əkbərov barəsində xüsusi ittiham qaydasında şikayət edib və onun səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib.

Hakim Azər Tağıyevin hökmü ilə M.Əkbərov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan yayma) maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilib. Məhkəmə onun iddialarının yalan olduğu barədə qərar verib. M.Əkbərovun hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra o, barəsindəki xüsusi ittiham qaydasında şikayətə bəraətverici əsaslarla xitam verilməsi üçün kassasiya şikayəti verib. Mayorun işinə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, L.Əkbərova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Murad Əhməd