9 manata görə 8 il həbs aldılar



 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluq edib 9 manat pulunu almaqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Hadisə 2018-ci il fevralın 1-də baş verib. 

Müştəri kimi taksiyə əyləşən şəxslər mənzil başına çatanda sürücüyə qarşı ağır cinayət törədiblər.

Hadisə gecə saatlarında Abşeron rayon Xırdalan şəhərində baş verib. Elxan Veyisov ''102'' zəng mərkəzinə məlumat verib ki, taksi fəaliyyəti göstərərkən Səbail rayonu ərazisində üç nəfər onun avtomobilinə müştəri kimi əyləşərək Xırdalana aparmalarını xahiş ediblər. Deyilən ünvana çatanda həmin şəxslər bıçaqla sürücüyə xəsarət yetirib onun pulunu və mobil telefonunu alıblar.

Xırdalan sakini Tərlan Şahkərimov, Quba sakinləri Elvin Babayev və Murad Əşrəfov saxlanılıb. Tərlan Şahkərimovun sözlərinə görə, həmin gün şəhərə gəzməyə çıxıblar. Pulları olmadığından quldurluq etmək qərarına gəliblər. Axşamın düşməsini gözləyən dostlar hədəf kimi taksi sürücüsünü seçiblər.

Bir həyətdə kirayədə yaşayan Tərlan Şahkərimov, Murad Əşrəfov və Elvin Babayev taksi sürücüsündən aldıqları 9 manata ərzaq alıblar. Mobil telefon isə Tərlan Şahkərimovda qalıb.

Qeyd edək ki, saxlanılan şəxslərdən Tərlan Şahkərimov və Murad Əşrəfov əvvəllər müxtəlif maddələrlə məhkum ediliblər.

Murad Əhməd