“Kitabım müsəlman şərqi üçün nəzərdə tutulub” - Müsahibə



 

Azərbaycanın Misirdəki səfirliyinin üçüncü katibi, mətbuat və mədəniyyət məsələləri üzrə attaşesi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun müəllifi olduğu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” kitabı ilə bağlı "Qafqazinfo"ya müsahibəsi:

- Kitabınız ərəb dilində qələmə alınıb. Sadəcə Misir və digər ərəb ölkələrinin auditoriyası üçün nəzərdə tutulub, yoxsa başqa dillərə də tərcüməsi planlaşdırılır?

- Qeyd etmək istəyirəm ki, ərəb dilində qələmə aldığım “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” başlıqlı kitab 1918-ci ildən 2018-ci ilə qədər olan 100 illik bir dövrü əhatə edir. Kitabın üstünlüyü isə onun ərəb dilində qələmə alınmasıdır. Qeyd etməliyəm ki, mən özüm ərəbşünasam, təhsilimi Azərbaycandan kənarda (Misir Ərəb Respublikasında) və ölkə daxilində  almışam.

Kitabın ərəb dilində yazılmasının səbəbinə gəldikdə isə, hamıya məlumdur ki, 28 may Respublika günündə müstəqilliyimizi qeyd edərkən, əsas vurğuladığımız məqam Azərbaycanın Müsəlman Şərqində ilk demokratik respublika olmasını diqqətə çatdırmaqdır. Müsəlman Şərqi üçün Azərbaycanın ilk demokratik respublika olması ilə bağlı təbliğat dilinin ərəb dilində, yəni onların öz dilində aparılmasının daha faydalı olacağını düşündüm. Başqa dillərdə və ya tərcümələrlə ərəb ictimaiyyəti və təfəkkürünə ölkəmizlə bağlı mesajın çatdırılması faydalı olsa da, birbaşa öz dillərində onlara xitab etmək daha faydalı olur. Bunu təcrübəmizdə müşahidə etmişik.

Kitab Müsəlman Şərqi üçün nəzərdə tutulduğuna görə auditoriyamız da həmin ölkələrdir.

- “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” haqqında qısa məlumat verərdiniz zəhmət olmasa, hansı janrda yazılıb. ADR-ə həsr olunan digər kitablardan nə ilə fərqlənir?

Kitab 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edərək, girişdən və beş fəsildən ibarətdir.

Kitabın birinci fəsli “Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti” adlanır. Bu fəsildə ölkəmizin geostrateji, geoiqtisadi və geosiyasi məsələlərinə toxunulub.

Kitabın ikinci fəsli “Azərbaycan: Müsəlman şərqində ilk demokratik respublika (1918-1920)” adlanır. Bu fəsildə 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verməsi, erməni təcavüzü, “31 mart soyqırımı”, ermənilərin Azərbaycan torpağında məqsədli şəkildə məskunlaşdırılması siyasətinin aparılması kimi məsələlərə toxunulub. 

Kitabın üçüncü fəsli “Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)” adlanır. Bu fəsildə AXC-nin süqutu, Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycanın bitməyən problemləri öz əksini tapıb.

Kitabın dördüncü fəsli “Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi (1991-2003)” adlanır. Bu fəsildə erməni işğalı, ölkəmizin 20% torpaqlarının işğal olunması, Xocalı soyqırımı, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi və sair məsələlərə toxunulub.

Kitabın son  fəsli “Azərbaycan yeni minilliyin astanasında (2003-2018)” adlanır. Bu fəsildə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son 15 ildə keçdiyi inkişaf mərhələləri ilə bağlı məsələlər öz əksini tapıb.

- Bu kitabı yazmaq ideyası necə yarandı, nə qədər zaman üzərində işləmisiniz? Çünki 2018-ci ilə qədərki böyük bir dövrü əhatə edir...  

2013-2017-ci illərdə Azərbaycanın Misirdəki səfirliyinin konsulu, mətbuat, mədəniyyət məsələləri ilə məşğul olduğum vaxtlarda bu ölkədə Azərbaycanın təbliğatı ilə əlaqədar müəyyən elmi, tarixi materiallar hazırlamışdım. Azərbaycanın faciəli günləri (20 yanvar, Xocalı, 31 mart soyqırımı, Dağlıq Qarabağ və ətraf rayonlarının işğal günləri) və bayram günləri ilə əlaqədar Misir kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edərək təbliğat işləri aparırdıq. 

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsindən sonra bu haqda kitab yazmaq qərarına gəldim.

- Bu, müəllifi olduğunuz ilk kitabınızdır? 

Bu, mənim ilk kitabım deyil. 2017-ci ildə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı ərəb dilində kitabım çıxıb. Kitab AR-ın Misirdəki səfirliyinin dəstəyi ilə Misirin “Əxbar əl-Yaum” nəşriyyatında çap olunub. Kitabın çapına göstərilən dəstəyə və diqqətə görə səfir Tural Rzayevə dərin minnətdarlığımı bildirirəm.

Bu iki ərəb dilindəki kitabdan başqa, öz ana dilimizdə də bir monoqrafiyam və bəzi tərcümə kitablarım işıq üzü görüb.

 

- Kitabınızın Misirdə təqdimat mərasimi baş tutubmu və misirli oxucular tərəfindən necə qarşılanıb? Ümumiyyətlə, müstəqillik tarixindən bəhs edən bu kitabın əcnəbi oxucularda Azərbaycanla bağlı hansı təəssüratı yaradacağını düşünürsünüz?

- Kitab cari ilin may ayının 26-da Azərbaycanda Şərq-Qərb Nəşriyyatında çapdan çıxıb. Ona görə də kitabın Misirdə və akkreditə olduğumuz Sudan Respublikasında təqdimatının keçirilməsi nəzərdə tutulub. Digər ərəb ölkələrində və Azərbaycanda isə təqdimatının keçirilməsi planlaşdırılır.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” başlıqlı kitabın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə AR Xarici İşlər Naziri Elmar Məmmədyavora və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.