“LTE istifadəçilərinin sayı artmaqdadır”



 

Texnologiyanın sürətli inkişafı və yeni texnoloji trendlərin genişlənməsilə 4G şəbəkəsi tədricən əsas mövqeyi əlinə almağa başlayır.

Bütün dünyada artıq geniş şəkildə istifadə olunan 4G şəbəkəsinin Azərbaycanda tətbiqi isə 2012 -ci ildən etibarən Azercell şirkəti tərəfindən başlanılıb. Bəs bu şəbəkəndən istifadə bu gün Azərbaycanda nə dərəcədə aktualdır? “Qafqazinfo” bu sualdan yola çıxaraq Azercell şirkətinin Texnologiyalar departamentinin şəbəkə texnologiyaları üzrə mütəxəssisi Anar Abbasovun müsahibəsini təqdim edir:

Bildiyimiz kimi, Azercell ölkəmizdə geniş 4G şəbəkəsinə malikdir. Hal hazırda, 4G şəbəkəsi ölkəmizin hansı regionlarında dəstəklənir? Və yaxın gələcəkdə hansı regionlar bu xidmətin üstünlüklərindən faydalana biləcək?

- Bütövlükdə Azərbaycanda 4G xidmətinin Bakı şəhərində və daha sonra bölgələrdə ilk dəfə olaraq məhz Azercell tərəfindən istifadəyə verilməsi şirkətimizin bu texnologiya üzrə də liderliyini nümayiş etdirir. Hal-hazırda Bakı, Sumqayıt və ümumilikdə Abşeron yarımadası xaric əlavə 9 regionda da bizim LTE xidmətimiz var. Bizim planımızda bu ilin sonuna kimi əlavə 32 rayonda da LTE servisinin istifadəyə verilməsi yer alır.

Bakıda, Azercell -in 4G şəbəkəsi üzrə nə qədər baza stansiyası mövcuddur? Mövcud baza stansiyalar 4G -nin tam sürətindən istifadəyə imkan verirmi?

Onu qeyd edim ki, 4G sürəti baza stansiyasının verdiyi sürətdən əlavə abonentlərin işlətdikləri cihazlardan da asılıdır. Yəni bizdə internet nə qədər sürətli olsa da abonentlərin cihazları onu dəstəkləməsə onlar 4G sürətindən maksimum istifadə edə bilməyəcəklər. Biz bazara baxanda görürük ki, 4G avadanlıqlarının çoxu ən son LTE-ni dəstəkləmir. Və dolayısı ilə də abonentlər tam olaraq 4G sürətindən istifadə edə bilmirlər. Lakin bundan əlavə 4G-nin sürəti tezlik resurslarından asılıdır. Hazırda mövcud tezlik resurslarında Azercell maksimum 4G sürətini təmin edir.

3G ilə müqayisədə, Azercell istifadəçiləri 4G -yə keçid etməklə əsasən hansı üstünlükləri əldə edirlər?

- Texniki üstünlüklərdən danışmaq istərdim. Biz qlobal olaraq nəzər salsaq görürük ki, dünya üzrə data trafiki artan trenddə inkişaf edir. Son 1 ildə data trafiki dünya üzrə 65% artıb və bu data trafikin də böyük bir qismi videofayyların üzərinə düşür. Data trafikin təqribi olaraq 40%-dən bir qədər çoxu sosial şəbəkələrə, yarısından çoxu isə videoların üzərinə düşür. Həmçinin müşahidə olunur ki, smartfonlar inkişaf edirlər və böyük ekranlı smartfonlar meydana gəlir. Dolayısı ilə bu smartfonlarda yüksək keyfiyyətli videoların baxılması üçün 3G yetərli deyil. Ona görə də 4G aktuallığı bu məsələdə ortaya çıxır. Hətta 4K keyfiyyətini dəstəkləyən mobil telefonlar var. Məhz bu cür cihazlarda videolara 3G vasitəsilə baxanda keyfiyyət problemi yaşanır. 4G-nin əsas üstünlüyü yükləmə və ötürmək sürətidir. Məsələn 3G vasitəsilə praktiki olaraq yükləmə sürəti saniyədə 10-15 Mbit-dirsə, LTE-də bu, saniyədə 80 Mbit-dir. Ötürmə sürətində isə 3G-də saniyədə 2-3 Mbit olursa, LTE-də saniyədə 30 Mbit olur. Yəni 3G-dən 10 dəfə çox. Beləliklə ən böyük üstünlük yükləmə və ötürmə sürətinə verilir. Həmçinin qoşulma zamanı 4G-də daha sürətli olduğuna görə Skype və WhatsApp kimi tətbiqlərdə ünsiyyətdə olarkən gecikmələr az olur. Yəni sürət yüksək olduğundan 4G daha yaxşı performans sərgiləyə bilir.

Azərbaycanda 4G istifadəsi nə qədər kütləvi hal alıb? Məsələn, sizdə olan və ictimaiyyətə açıqladığınız rəqəmlər varmı?

- Əldə etdiyimiz məlumatlara əsasən müşahidə edirik ki, ki, 4G aktiv abunə sayımız 80%, data trafik isə 8 dəfə artıb. Qeyd etdiyim kimi yeni smartfonların bazara daxil olması ilə bəzi istifadəçilərin 4G-yə sürətli axını davam edir. Yəni biz gözləyirik ki, bu trend olduğu kimi davam edəcək.

4G, 3G -dən fərqli olaraq internet istifadəsində nə qədər sürət təklif edir? Niyə istifadəçilər 4G -yə keçid etməlidirlər?

- Nəzəri deyil. Çünki nəzəri rəqəmlərdən bəhs etməyəcəm. Çünki nəzəri rəqəmlər o qədər yüksəkdir ki, bəlkə də bazarda onu dəstəkləyən smartfon yoxdur və nəzəri rəqəmi yalnız laboratoriya şəraitində almaq mümkündür. Bu baxımdan praktik danışacam. 3G-də qeyri-pik saatlarında yükləmə sürəti saniyədə 10-15 Mbit olur. 4G-də isə bu göstərici saniyədə 80-90 və hətta 100 Mbit-ə kimi qalxır. Ötürmə sürəti qeyri-pik saatlarda 3G-də saniyədə 2 və bəzən 3 Mbit təşkil edir.4G-də isə saniyədə 35-40 Mbit olur. Təbii ki, bu rəqəmlər yerindən asılı olaraq və eyni anda internetdən istifadə edən istifadəçilərin sayına görə dəyişirlər. Lakin 4G eyni anda daha çox istifadəçiyə daha yüksək internet sürəti nümayiş etdirməyə qadirdir.

4G -yə keçid edən istifadəçilərin sayı artan templə davam edir. 2017 -ci il ilə müqayisədə 2018 -ci ilin birinci rübünə olan rəqəmlər bu barədə nə deyir?

- Son aylarda LTE istifadəçi sayımız 24% artıb və biz regionlar ilə Abşeron yarımadasında LTE şəbəkəmizi genişləndirməyə davam edirik. Yəni şəbəkəmiz genişlənirsə, daha yeni abonentlər LTE-yə cəlb olunur. Əlavə olaraq buna təkan verən bizim HSS-də (Home Subscriber Server) həyata keçirilmiş layihəmiz oldu. Belə ki, əvvəllər bəzi abunəçilərin SIM kartları LTE-ni dəstəklədikləri halda LTE-yə keçə bilmirdilər. Bunun üçün onlar Azercell-in müştəri xidmətlərinə yaxınlaşmalı olurdular. İndi isə bu yeni layihə nəticəsində abunəçilərin SIM kartlarının LTE-ni dəstəklədikləri halda onlar avtomatik olaraq LTE-yə keçid edirlər. Həm bu fakt, həm də şəbəkəmizin genişlənməsi hesabına abunəçilərimizin sayı durmadan artır.

4G şəbəkəsinin gücləndirilməsi mövzusunda Azercell hansı addımları atır? Və bu il üçün olan planlar haqqında danışın, zəhmət olmasa.

- Əvvəldə də qeyd etdiyim kimi biz bu ilin sonuna kimi 32 rayonda LTE servisinin dəstəyini verməyi planlaşdırırıq. Əlavə olaraq Bakı-Abşeron ərazisində LTE sürətinin 50% artırılması üzrə planlar var və ilin sonuna kimi onlar həyata keçiriləcək. Yəni sonda Bakı-Abşeron ərazisində Azercell-in LTE sürəti 50% artacaq və üstəgəl 32 rayonda LTE servisimiz olacaq.

Növbəti illər ərzində Azercell -in, 4.5G və 5G -ni tətbiq etmək planı varmı?

- 4.5G-nin aktiv edilməsi yalnız texniki hazırlıq deyil, əlavə tezlik resurslarınən mövcudluğundan da asılıdır. Bu yeniliyin nə zaman tətbiq ediləcəyi barədə konkret mülahizə sürmək qeyri-mümkündür. 5G barəsində isə mən şəxsən onu demək istərdim ki, düşünürəm, yerli bazar hələ 5G-yə hazır deyil. Yəni ümumilikdə götürəndə bazarda 5G-ni dəstəkləyən smartfon yoxdur. Həmçinin 5G özü standart olaraq hazır deyil. İlkin olaraq ola bilər ki, 5G servisi 2020-ci ildə Koreyada keçiriləcək Olimpiya Oyunlarında istifadəyə verilsin. Yəni 5G hələkiqlobal müstəvidə tam olaraq hazır olmadığına görə Azercell 4.5G-nin üzərində çalışır. Onu da qeyd edim ki, Azercell-in istifadə etdiyi baza stansiyaları yeni nəsil baza stansiyalarıdır və onların hamısı 5G dəstəklidir. Bu o deməkdir ki, bizim 5G-yə keçidimiz çox asan olacaq. Çünki istifadə etdiyimiz avadanlığın hamısı yeni nəsil avadanlıqlardır. 5G-dən istifadə etmək üçün isə daha geniş tezlik zolağına ehtiyac var. Bu aspektlərin hamısı həll olunsa və bazarda tam tələbat yaranarsa, ümid edirəm ki, biz 5G-ni də tezliklə aktiv edəcəyik.