6.5 milyonluq dələduzluqla bağlı məhkəmə



 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində alman iş adamının 6,5 milyon dollar pulunu dələduzluq yolu ilə mənimsəkdə təqsirləndirilən  1961-ci il təvəllüdlü Ələddin Yusifovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə vəkil Ceyhun Yusifov çıxış edərək müvəkkili Ə. Yusifovla görüşməsinə təcridxanada da, məhkəmədə də şərait yaradılmadığını bildirib və bu səbəbdən müdafiə qura bilmədiyini qeyd edib. Məhkəmə vəkillə təqsirləndirilən şəxsin görüşünə şərait yaradılmasına qərar verib. Proses iyunun 5-də davam etdiriləcək. 

İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.

Ə. Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb.

Ə. Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.

Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat (o vaxtı məzənnə ilə 6 milyon avro – red.) köçürüb.

Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.

Murad Əhməd