Qapıçıdan daha bir fantastik səhv - Beyldən daha bir fantastik qol + Yenilənir



 

Bu gün Çempionlar Liqasında 2017-2018 mövsümünün final oyunu keçirilir.

“Qafqazinfo” xəbər verir ki, həlledici oyunda “Real” və “Liverpul” komandaları üz-üzə gəlir.

Çempionlar Liqasının rekordçusu olan Madrid klubu 13-cü dəfə turinirin qalibi olmağa, mersisaydlılar isə 13 illik həsrətə son qoymağa çalışacaq.

Qeyd edək ki, daha öncə 5 dəfə bu turnirin qalibi olan “Liverpul” sonuncu dəfə 2005-ci ildə kuboka sahib olmuşdu.

22:45. “Real” (İspaniya) - “Liverpul” (İngiltərə)

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu

***

Hər iki komandanın heyəti açıqlanıb:

“Real”: Navas, Karvahal, Ramos (k), Varan, Marselo, Kross, Modriç, Kazemiro, İsko, Ronaldo, Benzema

Ehtiyat oyunçular: Kasilya, Naço, Beyl, Teo Ernandes, Lukas Vaskes, Asensio, Kovaçiç

“Liverpul”: Karius, van Diyk, Veynaldum, Lovren, Milner, Firmino, Salah, Henderson (k), Mane, Robertson, Aleksander-Arnold

Ehtiyat oyunçular: Minyole, Klayn, Klavan, Moreno, Lallana, ƏmrƏ Can, Solanke

***

Hakimin start fiti ilə matç başladı.

***

İlk 15 dəqiqə qolsuz başa çatıb. Tərəflərin kəşfiyyat xarakterli hücumları hələlik nəticə verməyib.

***

30-cu dəqiqədə "Liverpul"un ulduzu Məhəmməd Salah oyunu tərk etmək məcburiyyətində qalıb. Ramosla ikili mübarizədə çiynindən zədələnən Salah matça davam edə bilməyib. Onun yerinə Lallana daxil olub.

***

37-ci dəqiqədə oyunda daha bir məcburi əvəzetmə olub. "Real"ın müdafiəçisi Karvahal zədələnərək yerini Naçoya buraxıb.

O da Salah kimi meydanı tərk edərkən gözyaşlarını saxlaya bilməyib.

***

43-cü dəqiqədə Ronaldonun baş zərbəsindən sonra Benzema topu qapıya göndərsə də, ofsayd səbəbindən qol qeydə alınmayıb.

***

İlk hissə qolsuz başa çatıb.

***

İkinci hissə "Real"ın təhlükəli hücumları ilə başlayıb. 48-ci dəqiqədə qapıçı ilə bir anda təkbətək qalan İskonun zərbəsi dirəkdən qayıdıb. Şans həmin epizodda "Liverpul"un yanında olub.

***

51-ci dəqiqədə "Liverpul"un qapçısı Karius böyük səhv edib. Benzema ilə üz-üzə olmasına baxmayaraq topu əllə meydana daxil etmək istəsə də, Benzema ayağını uzadaraq topu qapıya göndərib. Beləliklə, "Real" hesabı açıb.

***

"Real"ın sevinci uzun çəkməyib. 55-ci dəqiqədə küncə zərbəsindən ötürmədən sonra yaranan qarşıqlıqdan istifadə edən Mane topu qapıya göndərib - 1:1.

***

61-ci dəqiqədə İskonun yerinə meydana daxil olan Beyl 3 dəqiqə sonra fantastik qolla komandasını yenidən hesabda önə çıxarıb. Beyl akrobatik zərbə ilə topu qapıya göndərib.

***

Matçda ilk sarı vərəqə 82-ci dəqiqədə Maneyə göstərilib.

***

83-cü dəqiqədə "Liverpul"un qapıçısı Kairus və "Real"ın hücumçusu Beyl oyuna damğa vurub. Belə ki, Beylin uzaq zərbədən vurduğu fantastik zərbə zamanı topu Kairusun üzərinə gəlsə də, o topu ram edə bilməyib və əlinə dəyərək tora daxil olub. Beyl meydana girdikdən sonra 2 qolla, Kairus isə etdiyi 2 səhvlə oyuna damğa vurub. Bununla da hesab 3:1 olub.