“Çalışacağıq ki, bir-birimizin üzünə baxa bilək” - Prosineçki



 

Millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində sabah Almaniyaya qarşı keçirəcəkləri oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” “Qol.az”a istinadən xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdır. Sabahkı görüşdə onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları "qıdığlaya bildik". Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər.

- Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?

- Əgər oyun bu gün olsaydı heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.

- Rəşad Sadıqov da milli ilə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?

- Yox. Çexiya ilə görüş Rəşad üçün son oyun idi.

-Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsünüz?

- Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.