“Mətbuat Şurasının səlahiyyətləri genişləndirilməlidir”



 

Tapdıq Abbas: “Mətbuat Şurasının sədri istənilən şəxs ola bilər, amma heç kim Əflatun Amaşov ola bilməz”

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Jurnalistlərin Vll Qurultayı ilə bağlı bəzi fikirlərini səsləndirib.

  - Tapdıq bəy, Jurnalistlərin Vll qurultayından gözləntiniz nədir?

 - Jurnalistlərin bu qurultayı artıq mətbuatın yeni bir məhsuldar inkişaf dövrünə təsadüf edir. Xeyli əvvəl qəbul olunmuş bir sıra sənədlərin yenilənməsi zərurətə çevrilib. Qurultayın səlahiyyətinə aid olan bir sıra təşkilatı məsələlərə baxılacaq və təbii olaraq Mətbuat Şurası sədrinin, İdarə Heyətinin üzvlərinin və NTK üzvlərinin seçilməsi də gündəlikdə duran məsələlər sırasındadır. İnternet medianın fəaliyyətinin önə plana keçdiyi indiki məqamda Qurultay bir sıra məsələlər öz həllni tapmalıdır.

 -Tapdıq bəy, Siz son iki qurultayda Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərdiniz, fəaliyyətinizdən razısınızmı?

 - 2008-ci ildən bu günə kimi İdarə Heyətinin üzvü kimi göstərdiyim fəaliyyətdən razı deyiləm. Bunun obyektiv və subyektiv səbəbləri var. Əsas səbəblərdən biri odur ki, Mətbuat Şurası İH-nin qərar qəbul etmək səlahiyyətinə malik olmamsıdır. Başqa sözlə, Idarə Heyətinin qəbul etdiyi qərarların hüquqi gücü yoxdur. Ona görə də ilk növbədə bu cür çatışmazlıqlar aradan qaldırılmalıdır. Yəni, Mətbuat Şurası QHT statusundan daha yüksək statusa daşınmalıdır. Əks təqdirdə Mətbuat Şurasının fəaliyyətində müsbət bir dəyişiklik baş verəcəyini təsəvvür etmək çətindir.

 - Qeyd etdiniz ki, Qurultayda sədr və İdarə Heyəti üzvlərinin seçkiləri keçiriləcək. Sizcə, MŞ-nin yeni sədri kim seçilə bilər, namizəd kimlərdir?

 - Əlbəttə, sədr seçilmək imkanlarına malik olan namizədlər barədə çox danışmaq olar. Amma Əflatun Amaşovu bu vəzifədə əvəz etmək imkanı çox olanlar barədə söhbət açmaq çətindir. Son 15 ilin təcrübəsi təsdiq etdi ki, Əflatun Amaşov iqtidar, müxalifət və müstəqil media üçün qəbul olunan hələlik yeganə münasib sədrdir. Onun şəxsi keyfiyyətlərinin bu sahədə böyük rol oynaması göz önündədir. Ona görə təkrar qeyd edirəm ki, istənilən namizəd MŞ sədri seçilə bilər, amma həmin sədrin Əflatun Amaşov qədər hamı tərəfindən qəbuledilən olacağını demək mümkün deyil. Dözüm, səbr, hər kəsi sonadək dinləmək qabiliyyəti, ən barışmaz xətt tutanları belə, bir araya gətirmək bacarığı, hətta sədri əsassız tənqid edənləri qəbul edib, onları eşitmək xüsusiyyətləri Ə. Amaşovun rəhbərlik kriteriyasını tamamlayır.

 - İdarə Heyətinə təkrar seçilmək istərdinizmi?

 -Təbii ki, hər bir təcrübəli jurnalist kimi, Qurultay nümayəndələrinin rəğbətinə layiq olub İH üzvü seçilmək və müstəqil mətbuatın inkişafına xidmət etmək mənim də arzumdu. Amma seçilmək üçün təkcə jurnalistlərin deyil, həm də bu sahəyə rəhbərlik edən səlahiyyət sahiblərinin də rəyini qazanmaq lazım gəldiyini və müxalifət düşərgəsində olduğum üçün yenidən İH üzvü seçilmək ehtimalının çox olmadığı qənaətindəyəm. Amma İH üzvü seçilməsəm də, bu mənim üçün heç bir əhəmiyyət kəsb etməyəcək, əksinə, bəzi məsuliyyətləri daşımaqdan azad olacağam, eyni zamanda, jurnalist kimi tənqidi yazılar yazmaq imkanlarım daha da artacaqdır.

 - Müsahibəyə görə çox sağ olun.

 - Siz də sağ olun.

 Söhbət etdi: Murtuza Sudeyifoğlu