“Çingiz Mustafayevin yarasını da görmüşəm, yaranın yerini də…” - Video



 

Bizim daha çox bəstəkar-şair kimi tanıdığımız, amma özünü yalnız naşir kimi görən Rasim Müzəffərlinin “Qafqazinfo”ya müsahibəsi:

- Deyirsiniz ki, insan yaradıcılıqla məşğul olmaq üçün ya çox xoşbəxt olmalıdır, ya da çox bədbəxt. Artıq uzun müddətdir ki, sizin yaradıcılığınızı görmürük, indi bunun səbəbi nədir?

- Xoşbəxtlik, bədbəxtlik, yaxşı, pis - bunların hamısı nisbi anlayışlardır. İnsan hər zaman pis və yaxud yaxşı ola bilməz. Bütün hallarda insanın mənəvi həyatı onun maddi durumundan asılıdır. Maddi durum deyəndə mən təkcə onun cibindəki pulu nəzərdə tutmuram. Məişət, onun sağlamlığı, ümumiyyətlə, mənəviyyatın kənarında nə varsa, onların hamısı. Belə deyək, insanın yaradıcılığı üçün nəsə baş verməlidir. Ya o cari, gündəlik həyat qayğılarından uzaq olmalı, ya da ki heç bir qayğısı falan olmamalıdır. Əlbəttə, bunun ortasında da nələrsə var.

- Digər sosial şəbəkələrə nisbətən yutub izləyiciləri çox zaman sərt reaksiyaları ilə seçilir. Maraqlısı budur ki, sizə yazılan rəylərin böyük əksəriyyəti müsbətdir və sizi “canlı əfsanə” adlandırırlar. Marağımı çəkən bu oldu ki, siz də onlara biganə yanaşmırsız.

- Əvvəla, bu virtual həyatla bağlı bir şey deyim. Mənim 59 yaşım var və bu yaşda istər sosial şəbəkələrdə, istərsə də internet istifadəsində özüm kimi aktiv çox az adam tanıyıram. Lap elə kompüter biliklərini də o siyahıya qata bilərik. Bunun da səbəbləri var. 15 il bundan qabaq bir qəza keçirdim və həmin zaman ayağa qalxmaya bilərdim. Fikirləşdim ki, bəs ayağa qalxa bilməsəm, nə işlə məşğul ola, ailəmi necə saxlaya bilərəm? Ona görə də 44 yaşımda kompüter öyrənməyə başladım. Ona görə də indi bir çox gənclərimizdən yaxşı istifadəçiyəm. Həm də nəşriyyat işində mənim yaşımda bir nəfər də tanımıram ki, o kompüterdən bu cür istifadə edə bilsin. Bunun nəticəsidir ki, 1000 addan çox kitabın naşiri olan yeganə insanam. Köhnə qaydalar artıq bizim işdə də vaxt itirməkdən başqa bir şey deyil. 


 
- Sosial şəbəkələrdə də xeyli fəal sayılarsız. Hətta feysbuku axmaqlıq üçün gölməçə, intellekt üçün bataqlıq adlandırmısız. 

- Bizim işimiz masa arxasındadır. Vaxtımız olanda sosial şəbəkələrə bir göz atırıq. Bu da bizim istirahətimizdir. Düzdür, bulaq başında oturub yemiş yeməyə bənzəməz, amma yenə də istirahətdir. O ki qaldı, dediyiniz fikrimə, axmaq olmaqla, axmaqlıq fərqli anlayışlardır. Bütün ağıllı, intellektual insanlar da hərdən bir axmaqlıq edir. Bu, hansısa yaşlı, sanballı bir insanın donbalaq aşması kimi bir şeydir. Orada bir balaca axmaqlıq edən kimi hamı onu görür, hər kəs paylaşır. Amma hansısa bir dərin fikir deyiləndə batır gedir. Elə ona görə intellekt üçün bataqlıq adlandırmışam. Ümumi götürdükdə bugünkü gün həyatımızı sosial şəbəkələrdən kənarda düşünmək imkansızdır. Vaxt gələcək tarixi bilmək, keçmişi öyrənmək üçün elə sosial şəbəkələrdə “arxeoloji” qazıntılar aparılacaq. 

- Ancaq yazdıqlarınıza baxdıqda nəsə bədbin obraz təsiri bağışlayırsız.

- Hə? Ancaq mən elə deməzdim. Hesab edirəm ki, feysbukda ən zarafatcıl istifadəçilərdən biriyəm. Ancaq təəssüf ki, hərdən izləyicilərim zarafatlarımı çox faciəvi qəbul edirlər. Məsələn, son vaxtlar olanlardan birini sizə deyim. Dioloq kimi belə bir şey yazmışdım: 

“- Əzizim, kaş, adamın yanında elə birisi ola ki, yatdığı vaxta heyfin gələ.

- Onda gecən xeyirə qalsın”.

Bu, əslində bir zarafatdır, kişi və ya qadın onda gecən xeyirə qalsın deyib yatır. Yəni ki, səninlə maraqlı deyil. Mən bunu zarafat kimi yazmışdım, amma bizim romantik izləyicilərimizdə bu, dərin bir bədbinliyə səbəb oldu. Fikirləşməyə başladılar ki, “yazıq Rasim müəllim, heç demə, onun gecələri belə mənasız keçirmiş”. Yeri gəlmişkən, onu da deyim ki, mənim sosial şəbəkədə Əhməd adlı bir obrazım var. Azərbaycanlıların orta statistik nümayəndəsi kimimi deyim, ya tipaj kimi bu addan istifadə edirik. Necə ki, Cem Yılmaz Mahmutdan istifadə edir, mənim də qəhrəmanım Əhməddir. İstər mahnılarım olsun, istər şeirlərim vacib deyil ki, onun qəhrəmanı mən özüm olum. Vacib deyil ki, qəhrəman özüm olum. Düzdür, bəzən mən də Əhməd ola bilərəm. Amma mütləq fantaziya işə salınır, şişirtmələr olur, əlavələr edilir. Odur ki, yazdıqlarım hər zaman sırf özümə aid deyil.

- Bəs həyat yoldaşınıza həsr etdiyiniz şeir var?

- Hə, bir dəfə olub elə:

Ey gülcamal, könlümü al,

Mənimlə qal sən bu gecə.

Dərdi qurut, yaşı unut, əlimdən tut sübh gəlincə.

Gecə gödək, səhərədək ülfət edək bircə-bircə,

Birgə olaq, birgə qalaq, eşqə dalaq qalaq-qalaq,

Qucaq-qucaq, dodaq-dodaq, incə incə...

- Fəlsəfə elmləri namizədisiz, aparıcılıq fəaliyyətiniz olub. Vikipediyaya baxsaq, şair, bəstəkar kimi təqdim olunmusuz. Həmçinin hazırda naşirliklə məşğul olursunuz. Müsahibələrinizdə özünüzü peşəkar görmədiyiniz üçün şair və bəstəkar adlandırılmağı sevmədiyinizi demisiz. Bəs sadaladıqlarımdan hansı təqdimatınız üçün daha uyğundur?

- Peşəyə bir neçə cür yanaşmaq olar. Bir yanaşmaq olar, daim gördüyü iş kimi, bir də pul gətirən fəaliyyət. Əgər bu ikisi üst-üstə düşürsə, onda həmin şəxsin gördüyü işlər də, peşəsi də çox xoş olur. Nəticələr də gözəl olduğu üçün onun özünə də məmnunluq gətirir. Bugünkü gündə baxmayaraq ki, mənim də əsas vaxt sərf etdiyim iş naşirlikdir, amma bir dostum demişkən kitabla ailə saxlamaq olmaz. Təəssüf ki, kitab insanın maddi istəklərini tam həyata keçirə biləcəyi bir fəaliyyət növü deyil. Ona görə də biznesdə spot adı verilən anlaşmalarımız da olur. O ki, qaldı sadaladığınız digər fəaliyyət növlərinə, məsələn, mən nəyə görə deyirəm ki, şair deyiləm? Şair o adama deyərəm ki, şeir yazmamağı bacarmasın. Mən günlərlə şeir yazmaya bilərəm. Ancaq bu yaxınlarda macar dramaturqu İmre Madaçın “İnsanın faciəsi” dramını nəzmdə macar dilindən tərcümə etdim. 4 ay bunun üstündə işlədim və bax, o müddətdə səhər-axşam fikrim sırf o əsərdə idi. Amma işimi tamamladıqdan sonra o faylı beynimdən sildim. Əsl şair onu silə bilmir.

Amma indi sosial şəbəkələrdə qarşıma şeirlər çıxır, onlara baxıb deyirəm ki, əşi, onlarla müqayisədə mən əməlli başlı şairəm. 

Mən dördüncü sinifdən başlamışam...

- “Sən getdin” mahnısını sizin yaradıcılıq fəaliyyətinin şedevri adlandırırlar. 

- O mahnını 7-ci sinifdə oxuyanda yazmışam. Sözləri Bəxtiyar Vahabzadənindir.

- Biz də dinləyəndə fikirləşirik ki, o bəstənin arxasında necə ülvi bir eşq var.

- Əlbəttə var, niyə yeddinci sinifdə ülvi eşq olmur? Mən dördüncü sinifdən başlamışam (gülür).

- Onda yəqin ki, ilk bəstənizdir.

- Yox, ilk deyil, 5-6 yaşım olandan özüm sözlərini fikirləşib mahnılar bəstələyirdim. Hələ yazıb oxumağı bilmədiyim üçün sözlərini də özüm yazmalı olurdum. Düzdür, ilk mahnılarıma mahnı demək çətindir, ancaq bir neçəsi hələ də yadımdadır:

Bahar gəlir, bahar gəlir,

Nəğmə səsləri yüksəlir.

Nəğmə deyən bülbüllərdir,

Çəməndəki ağ qar deyil

Güllərdir...

Məsələn. 5-6 yaşımda yazdığım bir neçə belə mahnım var ki, nədənsə heç vaxt yadımdan çıxmır. “Sən getdin” mahnısını dediz, maraqlı bir məqamı xatırladım. Baxmayaraq ki, 7-ci sinifdə bəstələmişdim, məktəblilər arasında keçirilən musiqi yarışlarında səsləndirirdim, amma daha çox bu mahnı Moskvada təhsilimi bitirib qayıdandan sonra ilk dəfə 1980-ci illərin əvvəllərində Azərbaycan Televiziyasında səsləndirilib. Televiziyanın o vaxtkı baş rejissoru Nazim Zeynalov məni dəvət etdi və sizin hazırda yutubda baxdığınız ekspromt çəkiliş reallaşdı. Yeri gəlmişkən deyim, “Ozan” rok qrupunu yaratmaq ideyasını da elə Nazim müəllim irəli sürmüşdü. Ümumiyyətlə, bir neçə gənc olardıq ki, yeni işlər görməyə səy göstərirdik. O bizi televiziyanın bürokratik ruhundan qoruyurdu.

- Çingiz Mustafayevlə tanışlığınız da elə orada başlayıb? 

- Bəli, bizi elə Nazim Zeynalov tanış etmişdi. O, bizə demişdi ki, sizin fikirləriniz eynidir və bir-birinizlə yaxşı yola gedərsiz. Tanış elədi və o vaxt bulvarda “Nu poqodi” adlanan kafe var idi, biz Çingizlə ora getdik. Biz səhər əyləşdik, bir də gecə durduq. Dostluğumuz da elə həmin gündən başladı. Birlikdə bir çox layihələr etdik, çəkilişlərimiz oldu.

“Ətrafımızda bizə azarkeşlik edən qızlar da çox olurdu”

- Səhv etmirəmsə, Çingiz bəy “Dünənki keçdi” mahnınızı da səsləndirib.

- O mahnının bəstəsi və sözləri mənim olsa da, ideyası Çingizindir. Çünki o xarici musiqini izləyirdi və bu dəfə də rep yazmağımızı məsləhət gördü. Əslində mahnını “Ozan” qrupu səsləndirməli idi, ancaq hansımız söylədiksə, o effekt alınmadı. Bu vaxt Çingiz dedi ki, mən oxuyaram. O vaxta kimi rejissorumuz, əsas insanımız olsa da, heç vaxt səhnəyə çıxmamışdı. Həmin mahnı da onun ifa etdiyi yeganə musiqi oldu. Etdiyi bir çox ilklər kimi, Çingiz Azərbaycan repinin də ilk ifaçısı kimi tarixə düşdü. 

- O qədər yaxın olmusuz ki, Çingiz Mustafayev sizlə 3 bacı ilə evlənmək zarafatını da edib.

- Çingiz bizə demişdi ki, belə bir 3 bacı var və biz onlarla evlənə bilərik. Bu əhvalata ən çox sevinən Çingizin anası rəhmətlik Naxış xala olmuşdu. Çünki gənciydik, evlənməyə tələsmirdik, evdə gec-gec olurduq. Amma onu da deyim ki, heç də avaraçılıqla məşğul deyildik, faydalı işlər görməyə çalışırdıq. Düzdür, ətrafımızda bizə azarkeşlik edən qızlar da çox olurdu, onlar ilham verməsəydi, bəlkə də o cür işlər görə bilməzdik. Amma evlənmək fikrimiz hələ ki, yox idi. Amma Çingiz elə deyəndə əməlli-başlı inanmışdıq. Artıq qızları seçirdik ki, böyük mənimdir, balaca sənindir. Düzü, mən yaman inanmışdım. Bir növ də sevinirdim ki, bacılar onsuz birlikdə olacaq, bizim dostluğumuza da mane olmazlar. 

- Həmin illərə baxanda görürük ki, hazırda daha çox mühafizəkar kimi bilinən Sumqayıt şəhəri o vaxt sanki rok musiqinin beşiyi olub. “Ozan”, “Yuxu” və digər rok rupları yaranırdı. Heç hazırda ölkəmizdə rok musiqisinə maraq o qədər güclü deyil. Sizcə, bunun səbəbi nədir?

- “Yuxu” qrupu bir qədər sonra yarandı. Biz artıq 89-90-cı illərdə fəaliyyətimizi bir qədər zəiflətmişdik. Çünki başımız inqilaba qarışmışdı, Qarabağda hadisələr başlamışdı. Necə deyərlər, artıq musiqi hayında deyildik. “20 Yanvar” hadisəsindən sonra bir yerə yığışdıq və fəaliyyətimizi sonlandırmaq qərarına gəldik. Qrupdan cəmi iki nəfər fəaliyyətini davam etdirdi, qalanları hazırda müxtəlif peşə sahibləridir. Həmin ili mənim həyatımda dönüş nöqtəsi də adlandırmaq olar. Ata oldum, o məsuliyyət hissini dərk elədim, müəllimlik və musiqi həyatımı dayandırdım və daha çox biznes və ictimai həyatda aktiv olmağa başladım. 

- Söhbətimizin əvvəlində dediz ki, qəza nəticəsində hərəkət qabiliyyətinizi itirə bilərdiniz və bu səbəbdən gələcəkdə ailənizi saxlaya bilmək üçün oturaq bir iş alternativi axtarmaq qərarına gəlmisiz. Əslində bəstəkar kimi də yüksək məbləğlər qazana bilərdiz. O vaxt bəstələrinizi seçilən müğənnilər səsləndirirdi. 

- Qısa olaraq onu deyə bilərəm ki, 8-ci sinfi bitirəndə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmaq istədim. Amma əlaçı olduğum üçün mənə səkkizillik şəhadətnaməmi vermədilər. Dedilər, sona kimi oxumalıyam. Evdən də razı olmadılar. Yaxşı bəstəkar olmaq üçün mən musiqi təhsilimi davam etdirməli idim. Mahnılarımın bəyənilməsi məni sevindirir. İfa olunması mənə çox xoşdur. Amma ali musiqi təhsilim olmadığı üçün özümü bu sahədə peşəkar görməmişəm. 

- Bəs bugünkü gündə yazılan mahnılara baxanda yerli musiqilərdə dinləyici aclığını görmürsüz?

- Mənə elə gəlir ki, indi də yaxşı mahnılar yazılır. Elə mən də yazıram. 1 il bundan əvvəl “Batmış gəminin mahnısı”nı bəstələmişəm. 

- Mütəmadi olaraq dinlədiyiniz müğənnilərimiz var?

- Faiq Ağayev, hər zaman onu izləyirəm və yaradıcılığını yüksək qiymətləndirirəm. Bu insan hər zaman axtarışdadır və rahatlaşmır. Eldar Mansurov və Vaqif Gərayzadənin yaradıcılığını çox bəyənirəm. Bu siyahı arta bilər, elə də az deyil. 

- Hərdən insan hisslərini sözlə ifadə edə bilmir. Deyəsən, siz də həmin vaxt yaradıcılığa üz tutanlardansınız. Rekviem də bunun nümunəsidir.

- Rekviem dostum Çingiz Mustafayevin ruhuna ithafən bəstələdiyim bir əsərdir. Mən onu bəstələyəndə hələ Çingizin qırxı çıxmamışdı. Bu, mənim bir iniltim idi. İndi də deyəndə kövrəlirəm. Onun çox səslənməsi, hər zaman şəhidlərimizi andığımız zaman istifadə olunması mənim üçün xoş hadisədir. Ancaq mən çox istəyərdim ki, biz rekviemi unudaq. Və onu da bizə yalnız qələbə unutdura bilər. 

- Bəs Çingiz Mustafayevlə sonuncu dəfə nə vaxt danışmısız? Son illər birmənalı olmayan kadrlar yayıldı. Ümumiyyətlə, çox adam orada nə baş verdiyini tam olaraq bilmir. Sizə gördüklərindən danışıb?

- Xocalı hadisəsindən, Çingizin çəkdikləri efirə gedəndən sonra elə həmin gün mən onlara getdim. Oğlu Fuad da yenicə dünyaya gəlmişdi. Həm çəkilişlər, həm də orada baş verənlər haqqında xeyli söhbət elədik. Mən bir şey demək istəyirəm. Əlbəttə Xocalı faciəsi Rusiyanın hərbi hissələrinin dəstəyi ilə erməni seperatçılarının bizə qarşı törətdiyi böyük soyqırımdır və Çingizin də şah əsəri orada çəkdikləridir. Orada baş verənlərə nə mənim, nə də Çingizin özünün belə şərh verməsi düzgündür. Xarici ekspertlər tərəfindən obyektiv araşdırılmalıdır. Amma Azərbaycana olan bugünkü yad münasibətlə çətin ki, hər şey tam obyektiv araşdırıla bilər. Çingizlə bağlı bir məsələni xüsusi qeyd etmək istəyirəm. Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum. 

Son nöqtəyə yaxınlaşmaq,

Olmamaq qorxusunu aşmaq.

Əziyyətlə rahatlaşmaq,

Zülmdən zülmətə bir anlıq uçuş…

Payızın xəzan nəfəsi,

Yolu qısaltmaq həvəsi,

Ömrün sonuncu qəfəsi,

Möhlətdən qismətə bir anlıq uçuş…

Həm acizlik, həm igidlik,

Nə ölülük, nə dirilik,

Bir bilirik, min bilmirik.

Cəhlətdən cənnətə bir anlıq uçuş…

Sonuncu ilk dəfə ,

Bəlkədən əlbətə.

Xəlvətdən xəlvətə,

Eyvandan həyətə

Bir anlıq uçuş…

Sürünməkdən qurtuluş. (1996)

Günel Hacı

Nuran Məmmədov