“Onlara “ala”, “qaqa” “brat” deyirəm” - Gələcəyin silah mütəxəssisi+Video



 

Sabrina Eminlinin 19 yaşı var. Hazırda bu ad ictimaiyyətə tanış gəlməsə də,  gələcəkdə yəqin ki, onun uğurlarından bəhs ediləcək. İndiki halda isə Sabrina Eminlini həmyaşıdlarından fərqləndirən cəhət onun silah mühəndisi olmaq üçün aldığı təhsildir. Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və Texnologiya fakültəsinin II kurs tələbəsi olan S. Eminli həm də qruplarında yeganə qız olması ilə fərqlənir. Deyir ki, əvvəllər bundan sıxılsa da, sonradan mühitə alışıb. Hətta oğlanları özünə sadiq dost hesab edir. Bəzən danışığında onların işlətdiyi vulqarizmlərdən də istifadə edir. 

Sabrina haqda qısa arayışa gəlincə, o, 1999- cu ilin fevralın 8-də Rusiyanın Samara vilayətində anadan olub. Təxminən 1 yaş 8 aylıqdan sonra Azərbaycana qayıdıb. Yevlax şəhərində yaşayıb. 2005-ci ildə Yevlax şəhər 2 saylı tam orta məktəbinə daxil olub. 2016- cı ildə həmin məktəbdən məzun olub. Həmin il qəbul imtahanlarında 542 bal toplayaraq ATU-nun sözügedən fakültəsinin silah və silah sistemlərinin istehsalı texnologiyası ixtisasına qəbul olub. 

Gələcəyin silah mütəxəssisi olan Sabrina Eminlinin “Qafqazinfo”ya müsahibəsi:

- Seçdiyiniz ixtisas elə peşədir ki, adətən kişilər bu sahəyə meyilli olur. Təsadüfən bu ixtisasa düşdünüz, yoxsa əvvəldən marağınız var idi? 

- İllər öncə bu fakültənin varlığından ümumiyyətlə xəbərdar deyildim. Əslində fakültəmiz də 2012- ci ildən etibarən fəaliyyət göstərir. İlk dəfə bu ixtisasa qəbul olanda qəribə olmuşdum. Özümü gələcəkdə silah mühəndisi kimi təsəvvür edə bilmirdim. Ancaq qərar verdim ki, mən bu ixtisasın sahibi olmalıyam. Əvvəllər qərarımı dəstəkləyən olmasa da, sonradan fikirlərimə hörmətlə yanaşdılar. İlk mənə dəstək olan şəxs anam oldu. Onun sayəsində hazırda bu ixtisasda təhsil alıram. 

- Birdən-birə 19 nəfər oğlanın içinə düşdünüz. Özünüzü necə hiss edirdiz? 

- Qəribə oldum. Qrup yoldaşlarım mənə ixtisasımı dəyişməyi təklif etdilər. Dedilər ki, bir qız üçün uyğun ixtisas deyil. Ancaq mən fikirləşirəm ki, kifayət qədər yaxşı ixtisasdır və perspektivləri var. Məncə, bu ixtisası seçməyimə dəyib. Əvvəllər özümü yad kimi hiss edirdim, qismən narahat olurdum. Amma qrup yoldaşımlarımla münasibətlərim yaxşıdır. Həm də qrup nümayəndəsiyəm, ona görə əlaqələrimiz yaxşıdır. Mənlə öz problemlərini bölüşürlər, mümkün qədər onlara kömək etməyə çalışıram. 

- Xarakterinizdə dəyişiklik hiss edirsiniz? 

- Son vaxtlar “ala, “qaqa”, “brat” kimi sözlərdən çox istifadə edirəm. Qrup yoldaşlarımın acığı tutur ki, sən qızsan, bunlardan istifadə etmə. Düzdür, bəzən onların da bu ifadələrdən xoşu gəlir. Deyə bilərəm ki, artıq onlardan birinə çevrilmişəm. Onlar da mənim yanımda rahat ola bilirlər. Demək olar ki, dostlarım oğlanlardır. Oğlanlarla nələrisə bölüşməyi daha çox sevirəm. Çünki məni daha yaxşı başa düşürlər, çox düzgün şəkildə yönləndirə bilirlər. 

- Məsələn, hansı məqamlarda sizi yönləndirirlər?

- Ən çox geyim mövzusunda fikir bildirirlər. Mən bir az dar geyinəndə deyirlər ki, belə geyinməsən, daha yaxşı olar. Bunu adama bir qadın demir, amma oğlanlar deyir. Mən də onların fikrini nəzərə alıram. 

- Oğlanlar bu ixtisasa sizdən daha həvəslidir? 

- Onların da bu ixtisasa maraqları var. Oğlanlar daha çox məlumatlı olduqları halda, mən az məlumatlıyam. Bu baxımdan məndən bir addım öndədirlər. 

- Bəs, daha çox biliklərə malik olmaq üçün nələr edirsiniz? 

- İnternetdə bu haqda az məlumat var. Çünki hərbi sahə olduğu üçün çox məlumatlar gizlədilir. Ümumi məlumatlarla isə maraqlanmışam. 

- Gələcəkdə hansı silahın detalını hazırlamaq istəyərdiniz? 

- Bu haqda çox düşünməmişəm. Çünki hələ ki, II kursda oxuyuram, nəzəri cəhətdən olan fənləri keçirik. Hələ ki, az məlumatım var. Bəzi silahları isə ümumiyyətlə görməmişəm.

- Bir çox ölkədə qanunla sənədli silah gəzdirməyə icazə verirlər. Bizdə də buna qanun icazə versə də, faktiki olaraq işləmir. Belə olan halda, silahla ilk tanışlığınızdan necə olub ki, buna maraq yaranıb?..

- Silahla tanışlığım universitetdə baş verib. “AK-74” modelli silahla tanış olmuşam. Tyutorumuz həmin silahın natamam sökülüb-yığılmasını izah etmişdi. 

- Ailənizdə hərbçi varmı? 

- Hərbçi yoxdur, ancaq mühəndis var. Anam özü mühəndisdir. İxtisasca texnoloqdur. Ailənin yeganə övladıyam. 

- Gələcəkdə hansısa silahın müəllifi olsaydınız, ona nə ad verərdiniz? 

- Yəqin ki, soyadımı verərdim, çünki soyadımdan xoşum gəlir. 

- Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Buna görə də silah idxalçısıdır. Bu sahəyə də kifayət qədər pul ayrılır. Ona görə də öz silahlarımızın sayını artırmaq üçün güclü silah mühəndislərinə ehtiyac var. Gələcəkdə daha peşəkar olmaq üçün təhsilinizi xaricdə davam etdirmək istəyiniz varmı?

- Bu ixtisas yalnız Azərbaycan Texniki Universitetində mövcuddur. Məqsəd də yüksək ixtisaslı kadr hazırlamaqdır. Bu fakültə Müdafiə Sənayesi Nazirliyinin göstərişi ilə yaradılıb. Bildiyiniz kimi, hazırda bu sahədə mütəxəssislər azdır. Xaricdə təhsil almağı düşünürəm. Ancaq indidən qəti qərarları verməyi sevmirəm. Zaman bunu göstərəcək. Bəlkə vəziyyət elə gətirəcək ki, alınmayacaq. 2012 və 2013-cü illərdə bu ixtisasa daxil olan tələbələr artıq işləyirlər. Təhsilini Türkiyədə, Rusiyada, Norveçdə davam etdirənlər var. Hazırda zavodlarda mühəndis-texnoloq, konstruktor vəzifəsində çalışırlar. Hərbi sənaye üzrə mühəndislər hazırlayan dörd ixtisas tələbələri həftədə bir gün zavodda dərs keçirlər. Onlar üçün zavodlarda auditoriyalar yaradılıb. 

Adətən deyirlər ki, qarşına məqsəd qoy və o məqsəd uğrunda irəlilə. Mən hesab edirəm ki, realist olmaq lazımdır. Pələnglər belə ovuna baxıb ona uyğun hərəkət edirlər. Baxırlar ki, əldə edəcəkləri enerji sərf edəcəkləri enerjidən azdırsa o ovun arxasınca gedirlər. Əgər sərf edəcəkləri enerji daha çoxdursa ovun arxasınca getməyi lazım bilmirlər. Bu baxımdan mən həm imkanları, həm də ölkədaxili şəraiti də nəzərə alıram. 

- Dərslərdən əlavə sərbəst vaxtlarınızı necə keçirirsiniz? 

- Boş vaxtlarım olanda mütaliəni sevirəm. Təəssüf ki, indi dərslərlə bağlı vaxtım çox azdır. Tətil günlərində də yorğunluğu üzərimdən atmağa çalışıram. Əslində təkliyi sevirəm. Gəzintiyə də tək gedirəm. İçərişəhərdə, dəniz kənarında gəzmək məni çox rahatladır. Musiqi təhsilim var. Fortepianonu bitirmişəm. Ona görə də musiqiyə çox böyük həvəsim var.

- İdmanla məşğul olursunuz? 

- Uşaqlıqdan anam idmanla məşğul olmağa səhhətimlə əlaqədar icazə verməyib. Ona görə də idmanla məşğul olmuram. 

- II kursda oxumağınıza baxmayaraq bizim çox tələbədən fərqli olaraq aktivsiniz, fikirlərinizi rahat izah edə bilirsiniz...

- Məktəbəqədərki dövrdə  daha qapalı uşaq olmuşam. Ancaq məktəb dövründən ünsiyyətcil olmağa başladım. İnsanlarla münasibət qurmağı tez bacarıram. Rahat danışmağımın, ünsiyyət qurmağımın səbəbi sosial işlərdə aktiv olmağımdır. Məktəb dövründən də müsabiqələrə qatılırdım. Dövlət Sərhəd Xidmətinin keçirdiyi müsabiqələrdə qalib olmuşam. O dövrdən hərbə marağım var idi. Həvəslə izləyirdim. Onların geyimlərinə də aşiqəm. 

- Uşaqlıqda dalaşqan, yoxsa sakit idiniz? 

- Uşaq vaxtı oğlanlarla futbol oynayırdım. Anam da məni ona görə döymüşdü. Özüm isə heç kəsi döyməmişəm. Çünki şiddətə qarşıyam. 

Günel Türksoy

Fotolar-Video: Pərvin Zeynal