“Hiss olunurdu ki, futbolçularda təzyiq var” - Ruslan Abışov



 

Robert Prosineçki millimizin baş məşqçisi olduğu vaxtda uzun vaxtda ehtiyatda saxladığı Ruslan Abışov matçları kənardan izləməli olurdu. Qurban Qurbanovun yığmanın “sükanı arxası”na gəlməsiylə Ruslan üçün yeni mərhələ başladı. Moldova yığmasıyla qolsuz bərabərliklə nəticələnən matçda start heyətdə yer alan, 90 dəqiqə meydanda olan 31 yaşlı Abışov müdafiənin mərkəzində etibarlı oyunuyla yadda qaldı. Onun klubunda - "Neftçi"də yenidən bu mövqedə oynaması öz müsbət təsirini göstərib.

Abışov “Qafqazinfo”ya müsahibəsində millimizin yeni baş məşqçinin rəhbərliyi altında uğurla çıxış edəcəyinə inamını ifadə etib.
 

 - Ruslan Abışovun millimizdə belə inamlı oyununu çoxdandı görmürdük. Bunu uğurlu qayıdış sayırsanmı?

- Milli komandada oynamaq üçün darıxmışdım. Ötən seçmə mərhələdə demək olar boşa verdim. Xeyli müddət əsas heyətdən kənarda qaldım. İnşallah, bundan sonra millidə daha çox çalışacağam. Düzdü, komandada rəqabət var. Buna baxmayaraq, daim əsas heyətdə çıxaraq oyunumla milliyə maksimum kömək etməyə çalışacağam.

 

- Rəqabətdən söz saldın. Ancaq onu da nəzərə alaq ki, Rəşad Sadıqov milli karyerasını bitirib, Bədavi Hüseynov isə ağır zədə üzündən sıradan çıxıb. Yəni müdafiənin mərkəzində sənə böyük ehtiyac var....

- Düzdü, bu futbolçular millidə kənarda qalıblar. Ancaq futbolda arxayınlaşmaq olmaz. Oyunçu daim öz üzərində işləməlidi ki, yaxşı formada olsun, oynadığı vaxtda da özünü ən yaxşı tərəfdən göstərsin. İnşallah, gələn toplanışadək formamı maksimum yaxşı səviyyəyə çatdıracam ki, bundan da yaxşı çıxış edim.

 

- Matç yadında necə qaldı?

- Bu, yoldaşlıq görüşü olsa da, üzərimizdə məsuliyyət vardı. İlk oyun idi və qalib gəlmək istəyirdik. Həm də yeni baş məşqçimizin debütü idi və futbolçular özlərini ona yaxşı tərəfdən göstərmək istəyirdilər. Bu cəhətdən hiss olunurdu ki, futbolçularda bir az təzyiq vardı. İnşallah, qarşıdakı oyunlar bizim üçün daha yaxşı olacaq. 

 

 - Bu nəticə sizi qane etdi?

- Sözsüz ki, qalib gəlmək istəyirdik. Ona görə heç-heçə bizi razı salmadı. Rəqibi müdafiə olunmağa məcbur etsək də, qapısına yol tapa bilmədik. Düzdü, ikinci hissədə moldovalıların standart vəziyyətdən sonra yüzfaizli qol imkanı oldu. Ancaq ondan istifadə edə bilmədilər. Bizim də bəzi qol epizodlarımız vardı ki, ondan yararlana bilmədik.

 

 - Oyunda topa nəzarət bizim tərəfdə idi, daha çox hücum edən tərəf biz idik. Niyə bu üstünlüklərdən yararlanaraq qalib gələ bilmədik?

- Bu matça hazırlaşmağa vaxtımız az idi. Ancaq müəyyən mənada hiss olunurdu ki, sonluqlarda bir az tələsirdik. Son nöqtəni qoya bilmirdik. Yenə də hər şeyin ən yaxşısını baş məşqçimiz bilir. Bu sualları ona versəniz, daha yaxşı olar.

 

 

 

- Qurban Qurbanovlu yığmanın ilk oyununu gördük. Səncə, bu millidən nə gözləmək olar?

- Tək mən yox, bütün futbolçular, hər kəs millidən yaxşı nəticələr gözləyir. Üzərimizə düşən məsuliyyəti, vəzifəni bilirik. Maksimum səy göstərəcəyik ki, milli komanda ən azından baxımlı oyun göstərsin. Azarkeşlər millinin oyununu seyr edəndə, baxımlı bir oyun görsünlər.

 

 - Bu gün həmin baxımlı oyunu görə bildikmi?

- Düzdür, top daha çox bizdə idi. Rəqib sıx oynadığından boşluqları tapmağımıza imkan vermirdi. İlk oyunun olduğunu nəzərə almalıyıq. Məncə, qarşıdakı matçlarda hər şey daha yaxşı olacaq.

 

 - Komandaya nə qədər zaman lazımdı ki, Qurban Qurbanovun komandası olsun? Səncə, komanda 6-7 aya hazır olar?

- Bu, baş məşqçiyə aid məsələdi. Fikrimcə, qarşıdakı toplanışlarda hər şey daha da yaxşılığa doğru gedəcək.