“Fibrozu vaxtında təyin
etdikdə sirrozun qarşısı alınır”



 

Sevinc Salahova: “Fibroz qaraciyər xəstəliyinin göstəricisidir”

 Yağlı və düzgün olmayan qidalanma, alkoqol içkilər, dərman qəbulu,

siqaret çəkmək qaraciyərin zərər görməsinə zəmin yaradır

 “Azərbaycanda əhali
arasında qaraciyər xəstəlikləri geniş yayılıb”

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-cərrahı, tibb üzrə fəlsəfə doktoru, qaraciyərin elastoqrafiyası müayinəsini aparan Sevinc Salahovanın “Report”a müsahibəsini oxucuların nəzərinə çatıdırır:

- İstifadə etdiyiniz “Supersonic Aixplorer Multi Wave” aparatının üstün-lükləri nələrdir?

- Müasir dövrdə qaraciyərlə bağlı laborator müayinələrlə bərabər, elastoqafiya müayinəsi bizə çox kömək edir. Biz bu aparatı Prezident yanında Elmin İnkişafı Fondundan qrant olaraq elmi araşdırmalar məqsədilə əldə etmişik. Ona görə də klinikada bu müayinə pulsuzdur. Gələn xəstə sadəcə aşağıda qeydiyyat üçün ödəniş edir. Elastoqrafiya müayinəsi digər özəl xəstəxanalarda kifayət qədər bahalıdır.

Qaraciyərin elastoqrafiyası bizə Fibrozun təyinində kömək edir. Fibroz qaraciyərin xroniki xəstəliyinin olmasının göstəricisidir. Fibrozun dərəcəsinin təyini klinik praktikada xəstəliyin mərhələsinin və proqnozunun təyini, müalicələrin effektivliyinin qiymətləndirilməsinə imkan yaradır. Fibrozu vaxtında təyin etməklə sirrozun qarşısını almış oluruq. Eyni zamanda, portal hipertenziya, qida borusu venalarının varikoz genişlənməsi kimi ağırlaşmaları vaxtında qarşısını ala bilirik. Elastoqrafiya qeyri-invaziv, yəni heç bir müdaxilə olmadan müayinə aparılma üsuludur. Adi ultrasəs müayinəsi kimi aparır, “real taym”, yəni nəticə dərhal əldə olunur. Qaraciyərin sıxlığı kilopaskalla ölçülür və buna uyğun olaraq, Fibrozun dərəcəsi müəyyən edilir.

- Qaraciyər xəstəlikləri ilə bağlı ölkədə vəziyyət necədir? Əvvəlki illərlə müqayisədə keçən il müraciət edən xəstə çox olub?

- Ümumiyyətlə, Azərbaycanda əhali arasında qaraciyər xəstəlikləri geniş yayılıb. Buna səbəb virus hepatitlərin geniş yayılması, şəkərli diabet xəstələrin sayının artması, düzgün qidalanmamaq və nəticədə piylənmənin olmasıdır. Digər daxili orqanlardan fərqli olaraq qaraciyər kliniki olaraq simptomlar vermir. Gərək xəstəlik irəliləmiş olsun ki, özünü hansısa formada büruzə vermiş olsun. Qaraciyər xoşməramlı orqandır. Yəni, yaxşı baxılarsa, tez sağalan orqandır. Hansısa patologiya olsa, qaraciyər özü-özünü bərpa edən orqandır. Qaraciyər orqanizmin laboratoriyasıdır.

- Qaraciyər xəstəliklərinin ilkin əlamətləri necədir?

- Xəstədə viruslu hepatitlər varsa, hansısa simptomlar mütləq olacaq. Misal olaraq, yorğunluq, yatmağa meyllilik, ümumi zəiflik və s. Lakin xəstədə piyli qaraciyər varsa, bu, özünü büruzə verməyəcək. Ona görə də insanlar vaxtaşırı olaraq həkim müayinəsindən keçməlidir.

- Hansı xəstəliklər birbaşa qaraciyərlə əlaqəlidir?

- Digər orqanların patologiyası olduqda belə qaraciyərdə də ona qoşula bilər. İlk növbədə piylənmə qaraciyərin xəstəliyinə gətirib çıxara bilir. Bu da zamanla sirroza səbəb olur. Yağlanma ilə sirrozun arasında Fibroz deyilən proses var. Bu da qaraciyərin birləşdirici toxuma ilə əvəz olunmasıdır. Bu halda sağlam toxuma birləşdirici toxuma ilə əvəz olunur. Qaraciyərin patologiyası başlayırsa, bu Fibroza aparır. Fibroz qaraciyər xəstəliyinin göstəricisidir.

Yağlanma varsa, buna dərhal Fibroz demək olmaz. Fibrozun müəyyən mərhələləri olur ki, düzgün və vaxtında müalicə üsulu ilə geri qayıtmaq olur. Aparatın da üstünlüyü odur ki, Fibrozu vaxtında təyin etməklə qaraciyər sirrozunun qarşısını almış oluruq. Eyni zamanda portal hipertenziya, qida borusu venalarının genişlənməsi kimi ağırlaşmaları vaxtında qarşısını ala bilirik. Fibroz 4 (F4) artıq sirroz deməkdir. F0-F1 normal qaraciyər, F2-F3 artıq patologiya kimi qəbul olunur.

Fibrozu F2-F3 mərhələsində təyin edə biliriksə, deməli qaraciyərin sirrozuna gedən yolu vaxtında tapıb geri qaytarma ehtimalını yüksəldirik. Əvvəl elə bilirdilər ki, sirroz müalicə olunan xəstəlik deyil. Lakin sirroz vaxtında, yəni ağırlaşmalar olmadan aşkar olunsa, müalicəyə də daha rahat tabe olunur. Xəstə olub ki, F4 mərhələsində gəlmişdi, amma biz onu vaxtında aşkar etdiyimizdən F3, hətta F2 mərhələsinə qaytara bilmişik. Sadəcə bu, bir az zaman alır.

- Sirroz, virus hepatitlər və digər həyati təhlükəsi olan xəstəliklər də məhz qaraciyərlə bağlıdır. Əgər həmin xəstəliklər dərmanlarla müalicə edilməzsə, yaşamaq üçün ömrü nə qədər qısaldır?

- Bu, virusun yüklənməsindən asılı olacaq. Virusun miqdarı əsası məlumatı vermiş olur. Əgər virus çoxdursa, onu müalicə etmək də uzun çəkəcək. Hazırda Hepatit C-nin 100 faizlik müalicəsi mümkündür. Hepatit B-nin isə müalicəsi uzun çəkir, xüsusilə də bununla yanaşı D-virusu da varsa, tam sağalma nəticəsi çətin əldə edilir. Əgər xəstəlik müalicə edilməzsə, insanın yaşam müddəti onun orqanizmnin immunitetindən, qaraciyərin nə dərəcədə zədələnməsindən asılıdır. Misal olaraq, hepatit xəstəsi olan insan içki qəbul edirsə, təbii ki, onun qaraciyəri daha tez sıradan çıxacaq.

- Qaraciyər xəstəliklərinin təbii yolla ev şəraitində müalicəsi mümkündür? Yəni, dərman müalicəsini əvəz edə biləcək hansısa metod varmı?

- Viruslu hepatitlərin ev şəraitində və ya təbii yolla müalicəsi yoxdur. Lakin qaraciyəri xəstəliklərdən qorumaq istəyirlərsə, təbii metodlar çoxdur. Bu, ilk növbədə düzgün qidalanma ilə bağlıdır.

- Hansı qidalar qaraciyərin zərər görməsinə səbəb olur?

- Yağlı və düzgün olmayan qidalanma, alkoqol içkilər, dərman qəbulu, siqaret çəkmək qaraciyərin zərər görməsinə zəmin yaradır. Çalışmaq lazımdır ki, evdə yemək yeyilsin. Orqanizm üçün həm kərə yağı, həm zeytun yağı, həm də bitki yağı lazımdır. Bir çox insanların məhz zeytun yağından yeməklər üçün istifadə etməsi düzgündür. Ekoloji mühiti və digər yağları nəzərə alsaq, qidalarımız sağlam deyil. Bundan başqa, çalışmaq lazımdır ki, “fast food” qidalarından uzaq olaq. Çünki belə qidaların qəbulunda ilk ziyanı məhz qaraciyər görür. Çünki lazım olmayan maddələr birbaşa həmin orqandan “yuyulub” keçir.

Həmin maddələr də qaraciyərin toxumasında hopub qalırsa, deməli gələcəkdə hansısa ağırlaşmalara gətirib çıxaracaq. Düzdür daha çox kök insanlarda qaraciyərlə bağlı piylənmə müşahidə olunsa da, arıq insanların da qaraciyəri piyli ola bilər. Bu qanda olan xolestrenin, yaxud da maddələr mübadiləsinin pozulub-pozulmaması, eyni zamanda şəkərin olub-olmaması ilə əlaqəli ola bilər. Hətta daima pəhriz saxlayan insanlarda da piyli distrofiya yarana bilir.

- Son zamanlar müraciət edən xəstələr arasında cavanlaşma müşahidə edirsinizmi? Bunu nə ilə ələqələndirirsiniz?

- Əlbəttə, son zamanlar bir çox xəstəliyin cavanlaşması halları müşahidə olunur. Bu, tək qaraciyər yox, digər xəstəliklərlə də əlaqəlidir. Hesab edirəm ki, insanlar daha tez yaşlaşır, bu da fikrimcə, insanların sinir sisteminin lyabilliyi ilə əlaqədardır. Qaraciyərlə bağlı xəstələrin cavanlaşmasına səbəb olan amillər arasında, indiki gənclərin alkoqollu içkilərə meylli olması, adi ağrılar zamanı ağrıkəsici dərmanları nəzarətsiz qəbul etmələridir. Misal olaraq, az dərəcəli qızdırma, yaxud baş ağrısı zamanı həkim məsləhəti olmadan daimi olaraq “parasetamol” içmək olmaz! Çünki bu preparat qaraciyərin düşmənidir.

- Sağlam insan qaraciyərlə bağlı il ərzində neçə dəfə həkim müayinəsindən keçməlidir? Xəstələrə nə məsləhət görərdiniz?

- Qaraciyərdə hansısa patologiya yoxdursa, pəhriz saxlamaq, təmiz havada gəzmək, düzgün qidalanmaqla qaraciyəri qorumaq mümkündür. Lakin qaraciyərdə patologiya varsa, həkimə müraciət edərək, ilk növbədə onun mərhələsini təyin etmək, sonra həkim məsləhət bilərsə, müalicə yazıla bilər. Ümumiyyətlə, insanlar ildə ən azı bir dəfə həkim müayinəsindən keçməlidir.

Qaraciyər üçün 15 gün ərzində balqabaq şirəsi (balqabağı bişmiş halda rasiona əlavə etmək olar), tut doşabı içmək xeyirlidir. Arada fasilə verib yenidən təkrar şəkildə balqabaq şirəsindən istifadə etmək məsləhətdir. Qanqal da qaraciyər üçün faydalıdır, hətta bəzi dərmanların tərkibində qanqal var.