Bakı
Bakı booked.net
+30°C
FreeCurrencyRates.com

Əsirlikdə yolumuzu gözləyən
Torpağa Yeni il məktubu

  109

Uğurların bol olsun yeni - 2018-ci il!

 

Bəşəriyyət yarandığı gündən ümüdini zamana bağladı. Hər yeni təqvim ili bəşər övladı üçün yeni ümidə döndü. Yeni təqvim ilinə qədəm qoymaq, yeni arzuların təməli oldu və bu, xalq arasında Yeni il adlandırıldı. Bu təqvim dəyişməsi təkcə təqvim mənasında deyil, həm də arzuların yeni mərhələyə keçməsi deməkdir. Beləcə, Yeni - 2018-ci il qədəmlərin mübarək!

 Səndən gözlədiyimiz o qədər çox şey var ki... İnsan arzuları bitib tükənməzdi. Arzuların, xəyalların sonu yoxdu. Sona varmaq, əbədiyyətin qapısını açmaqdır. Son olmasa da, yenilənmə mütləqdir. Biz də yeni ildə yenidən yeni arzuların ətəyindən tutduq. Uğurların bol olsun yeni - 2018-ci il! 

Azərbaycan xalqının səndən gözlədiyi o qədər çox şey var ki, bunu bir kəlimə ilə demək çox çətindir. Ona görə də mən məktub yazmağa qərar verdim. Özü də gözü yolda qalan Xocavəndə, Xocalıya, Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Cəbrayıla, Qubadlıya, Füzuliyə, Zəngilana. Bəli, bugünkü arzularımı bu qərib torpaqlarla bölüşmək istəyirəm. Əziz torpaqlar, ey neçə təqvim ilini kədərli baxışlarıyla yola salan Şuşam! Bilirəm, gözü yolda hər dəyişən ilin ümidi ilə gözləməkdəsən. Azad olacağın günü, öz sakinlərini qoynunda əzizləyəcəyin günü həsrətlə gözləyirsən. İnşallah, bu il arzuların çin olar, əziz Şuşam. Çıdır düzündə Qarabağın Şahbaz atlarının kişnərtisi yenidən yeri-göyü lərzəyə gətirər. Sərin bulaq başında "Sona bülbüllər" səslənər. Amma təssüf ki, bunu artıq Qədir Rüstəmovun əsrarəngiz səsindən dinləyə bilməyəcəksən. Yeni gənclik Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun, Qədirin ruhunu öz məclisinə dəvət edər. Yenə sona bülbüllər muğamın sehrli səsinə toplaşar. Xarı bülbül yenə öz zərif duruşu ilə bizləri xəyallara daldırar.

Azərbaycanın 2018-ci ildən gözlədiyi çox şey var. Bu gözləntilərdən biri də İqtisadi qüdrəti yüksək olan dövlətimizin ərazi bütövlüyüdür .

Əziz torpaqlar, ölkəmizin daha da güclənməsi, sizi düşmən əsarətindən azad etməyin daha bir yolu da azad güclü iqtisadiyyatdan çox asılıdır. Keçən-2017-ci il iqtisadi cəhətdən xalqımızı çox üzdü. Dolların durmadan yüksəlməsi, neftimizin dünya bazarinda öz dəyərini itirməsi, xalqın sosial vəziyyətinin pisləşməsinə ciddi təsir etdi. İnşallah, bu il biz bir daha belə bir sınaqla üz-üzə qalmarıq. Manatın dayanıqlılığının güclənməsi, xalqın rifahının yaxşılaşması deməkdir. Ümid edirik ki, 2018-ci ildə manat öz əvvəlki gücünü bərpa edəcək. Xaricdə təhsil alan tələbələrimiz Azərbaycanın yüksək iqtisadi durumunu nəzərə alıb, Vətənlərinə geri dönərlər. Biz də öz savadlı potensial gəncliyimizə qovuşarıq. Onların bu dönüşü bir çox sahələrdə olduğu kimi, iqtisadiyyatın, təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafına səbəb olar. Artıq insanlarımız öz maddi durumlarından çıxış edərək İrana, Türkiyəyə, Avropaya üz tutmaz. Həkim kadrlarımızın savadsızılığından istifadə edib, xaricdən ölkəmizə gələn həkimlər yaranmış durumdan faydalanaraq, göstərdikləri tibbi xidmət üçün xalqdan fantastik rəqəmlərlə ifadə olunan pul tələb edə bilməzlər. Əgər ölkəmizdə tibbi sosil sığorta qaydasında olarsa, bu cür tibbi xərclərin bizlər üçün elə bir təhlükəsi də olmaz. Hər bir Azərbaycan vətandaşı sosial sığortadan istifadə edərək, vaxtında tibbi yoxlanışdan keçər.

Əziz Şuşam, 2018-ci ildən gözlədiyim o qədər çox şeylər var ki, yazmaqla bitməz. Amma bunlardan ən əsası, ən vacibi əhalinin savadlanmasıdır, bütövlükdə təhsilimizdir. Müasir təhsilin məhsulu savadlı cəmiyyətdir. Bu gün dövlət tədris ocaqlarında, xüsusi ilə də, məktəblərimizdə çox ciddi çatışmazlıqlar mövcuddur. Şagirdlərimiz orta məktəbdə yüksək savad və bilik qazana bilmədiklərinə görə, hazırda bütün valideynlər X-Xİ sinifdə oxuyan uşaqlarını pulla repititor yanına göndərməyə məcburdurlar. Bu, ölkəmizin təhsil sisteminin ümimi bəlasına çevrilib və dövlət səviyyəsində buna qarşı heç bir tutarlı tədbir görülmür. Təhsil Nazirliyi tərəfindən bu bəlanın qarşısını almaq məqsədi ilə heç bir lazımi tədbirlərin görülməməsi məktəblərdə səkkizinci sinifdən etibarən demək olar ki, dərslər keçirilmir. Bu isə maddi çətinliyi olan gəncliyin savadlanmasına mənfi təsir göstərir. İmkanı olan şəxslər isə öz övladlarını türk, ingilis, rus litseylərinə yönləndirir. İnşallah, bu il təhsilimizdə ciddi irəliləyiş baş verər. Hər kəs öz anadilli məktəbinin isti ocağında savadlanar.

 Əziz Şuşam, bilirsənmi bu gün Azərbaycanın çox güclü ordusu var? İnşallah, bu ordunun sayəsində, bu il həsrətimizə son qoyular. Artıq mən də sənə məktub yazmaq məcburiyyətində qalmaram. Güman edirəm ki, bu il mayın 28-də Cumhuriyyətimizin 100 illik yubleyində düşməndən azad Şuşa Qalasının divarlarına sarılıb onu öpmək üçün Cıdır düzünə qalxaram, soyuq bulaqlarından doyunca su icərəm.

 Arzularım çoxdu, əziz Şuşam. Ürəyimdə sənə demək istədiyim çox şey var. Bu il sənə qovuşanda, səninlə baş-başa qalanda ürəyimi sənə doyunca boşaldaram. Tezliklə sənə qovuşmaq diləyi ilə, əziz Şuşam!