O xanəndə AzTV-dən səs yazımı pozdurdu - Alim Qasımov



 

Kult.az xalq artisti Alim QasımovunTeleqraf.com-a müsahibəsini təqdim edir:

- Alim müəllim, günün hansı vaxtında söhbət etməyi, danışmağı, suallara cavab verməyi xoşlayırsınız?

- Bir nəvəm var, o qədər çox danışır ki, hamı evdə ona deyir, dayan, danışma... Yenə heç kimə fikir vermir, hey danışır. O, danışmağı bacarır, mən danışa bilmirəm. Bu yaxşı cəhətdir, yoxsa yox, onu da bilmirəm. Üstəlik, danışmaq səsimə də ziyan vurur. Ürəklə danışanda səsimin pis yerinə düşür, bir də baxıram ki, heyim qalmayıb.

- İnsanların həyat ritmi də fərqlidir. Adam var səhər fəal olur, adam var axşam.

- Mən səhər fəal oluram. Camaat gündüz saat 2-dən sonra oxumağa başlayır. Mən sübh namazından sonra səsimi kökləyirəm, oxumağa tam hazır oluram.

- Deyəsən, Seyid Şuşinksinin sözüdü, deyir, xanəndə gərək gecə saat 12-dən sonra oxumasın, yoxsa səsi korlanar. Sizin özünüzə belə bir qadağanız varmı?

- Yoxdu, olmayıb da... Toylarda özümə qadağa qoya bilmərəm. Mənim zülmüm elə gecə saat 12-dən sonra başlayır. Toydu, hamı yeyib-içir, gəlirlər yanıma, gör nə deyirlər: Alim, sən 12-dən sonra yaxşı oxuyursan, bir “Şahnaz” oxu. Elə olub, sübh saat 5-də, xoruzlar banlayanda bizi toyxanadan buraxıblar.

- Günün hansı saatında oxumaq xoş gəlir sizə?

- Özümə səhərlər... Axşama doğru “batareya” bitir. Amma axşam ya məclis, ya məşq olanda qəribə hal baş verir, bədən özü-özünü tənzimləyir, rahat oxuyursan. Gənclər bunu fikirləşməzlər, amma yaşlı adam o dəqiqə deyir, görəsən, mən idim belə oxuyan?.. Sonra səni ora dəvət edənə minnətdar olursan ki, nə yaxşı gedib oxumuşam, kefim açılıb. Deməyim odur ki, adamın içərisində özündən başqa bir dünya da var, adamı kökləyən odur. Lazım olan qüvvə də bədənə onun sayəsində yığılır.

Səhnəyə çıxmağa qorxuram

- Dünyanın müxtəlif ölkələrinə səyahət etmisiz. Maraqlıdır, xaricdə ərazi olaraq vətənin hansı hissəsi üçün darıxırsınız?

- Bir iş var ki, bizim darıxmağa vaxtımız olmur. Çünki ora kefə getmirik. Bəzən məndən indi harda olduğumu soruşurlar, cavab verirəm ki, qoyun Fərqanədən soruşum, deyim. Şəhərləri gəzməyə, qədimi binalara, muzeylərə baxmağa nə macal, nə də hövsələ var. Niyə? Çünki səhnəyə çıxmağa hazırlaşıram. Səhnəyə çıxdığıma görə mənim üçün hər şey bağlanır. Beyin ancaq konsertə köklənir. Nə gecə yata bilirəm, nə gündüz... Bəlkə də bu qədər məsuliyyət lazım deyil. Bu qədər məsuliyyətli olduğuma görə bəzən özümdən zəhləm gedir.

Məni çox yerlərə konsertə çağırıblar, demişəm, getməyəcəm. Əvvəlkinə nisbətən normal qonorar da verirlər, amma o səhnəyə çıxmağa qorxuram. Deyirəm, bir tikə çörəyimi evimdə yeyirəm, bəsimdir. İrana dəvət ediblər. Oranın da camaatı enerjilidir, səhnəyə çıxırsan, oxuyursan, əl çalırlar, elə deyirlər, bir də oxu, bir də, bir də... Özümə deyirəm, sənə lazımdır bu?.. Vaxtilə gedib oxumusan da... İranda bir səhnədə on konsert vermişəm, günorta da oxumuşam, axşam da.

- Belə həyəcan o vaxtlar da olurdu?

- Yox, onda oxuduğum vecimə deyildi. Amma indi yaşlaşmışam. Bir yerdən tullansam, haramsa zədələnər. Cavanlıqda hardan gəldi tullanırdım. Ağacdan, hasarın üstündən...

- Bayaqkı sualın canı o idi ki, harda olmağınızdan asılı olmayaraq, darıxdığınız bir yer, ünvan, ərazi varmı? Ki, həmişə ora can atasınız...

- Ərazi deyəndə ki... İnsanda naşükürlük var. Olduğu yer nə qədər insanı qane etsə də, həmişə harasa can atır. Ona görə, burda ailə, nəvələr, dostlar, tanışlar, el-oba, salam-əleyk, ünsiyyət var deyə, içində axır-əvvəl bunun yanğısı baş qaldırır. Suyu sən həmişə içmirsən ki, gərək susayasan ki, içəsən. Susayan vaxtlarda evimə gəlmək, ailəmi görmək istəyirəm. Sonra istər-istəməz darıxıram.

- Bəs getmək hissiniz necə?

- Gəldimsə, elə o andaca getmək istəyirəm. Bizim təbiətimiz belə qurulub.

- Alim bəy, Həcc ziyarətindən sonrakı bir müsahibədə: “Qəlbim sərtləşmişdi, indi bir az yumşaldı” demişdiniz.

- Düzü, xatırlamıram.

- Sərt ovqatınız olurmu?

- Sərt ovqatım hərdən özümə qapılanda olur. Onda heç kimi görmək istəmirəm. Bu, heç də yaxşı şey deyil. O müddətdə xətrinə dəydiyim insanları sonra yada salanda zülm çəkirəm. Bəlkə də xətrinə dəydiyim adam məni çoxdan bağışlayıb, amma mən onu yumşaltmayana qədər əl çəkmirəm yaxasından.

Sufi deyiləm, dərviş deyiləm...

- Sufiliklə ciddi maraqlanmısınız?

- Nə onun elmini bilirəm, nə də hərəkət tərzini. Konsertlərimdən sonra bəzi əcnəbilər həm oturuşumdan, həm əl hərəkətlərimdən sufilərə bənzədiyimi çox deyiblər. Deyirəm, vallah onunla məşğul olmamışam, yolunu da bilmirəm. Onu bilirəm ki, sufilər haldan-hala düşmək üçün zikr edirlər. Mən sufi, dərviş deyiləm, ola bilsin, musiqi ilə zikr edib o biri hala keçirəm. Hərdən məşqdə uşaqları müşahidə edirəm, kimi əsəbi, kimi fikirli gəlir məşqə, 15 dəqiqə sonra görürəm hamı hər şeyi unudub. Artıq haldadırlar, kefdədirlər...

Tələbələr hərdən gəlirlər, ortalığa bir mövzu atırıq, başlayırıq zümzüməyə. Deyirlər, müəllim tez-tez görüşək. Mən də sevinirəm ki, bu halı bir-iki saat birlikdə yaşaya bilirik. Adam ondan sonra sanki içindəki pis qüvvələrdən, pis hisslərdən təmizlənir. Və bu hiss də uzun müddət davam edir.

- Doğulduğunuz torpaqda bir yerə yığışıb zikr eləmək ənənəsi var. Şeyxin müridləri ətrafına toplaşıb zikr edərmiş...

- Olub, doğrudur.

- Onların arasında olmusunuzmu?

- Yox, mən onları görməmişəm. Mənim ana tərəfim Şamaxının Nabur kəndindəndi, atam Qurbançıdan. Nənəm, anam danışardı ki, onlar Nabura gəlib, samovar qaynaya-qaynaya dəstəmaz alar, sonra ağızlarına kömür qoyub zikr edərmişlər. Ağızlarından od püskürərmiş.

- Şirvan aşıq məktəbinə münasibətinizi də bilmək maraqlı olardı. Onları qınayanlar da var, deyirlər, əsl aşıq balabanla oxumamalıdır. Ümumiyyətlə, siz Şirvan aşıq məktəbindən qidalanmısınızmı?

- Şirvan aşıqları ilə çox dərindən olmasa da, gücüm çatdığı qədər münasibət qurmuşam. Qərb aşıqları ilə də görüşmüşəm, onların havalarını götür-qoy eləmişəm. Görürəm ki, qərbdə saz sənəti çox inkişaf edib. Şirvanda niyə inkişaf etməyib? Mən əvvəllər tar-kamança çalırdım. Əl qeyri-ixtiyarı hərəkət edirdi, çulumu sudan çıxarırdım. Elə ki nağara, balaban, klarnet gəldi dəstəyə, artıq mən bir havanı çalsam, dəf əlimdən düşər. Tənbəlləşdim. Boynuma alıram ki, dəstəmə nağara gələndən sonra dəfi demək olar ki, yadırğamışam.

Şirvan paytaxt olub deyə - bu mənim fərziyyəmdir - yeniliyə meylli olub. Əlbəttə, Şirvanın bineyi-qədimdən sazı bağrına basıb söyləyən aşıqları olub. Elə ki, qoşanağara, dəf, balaban dəstəyə qoşuldu, aşığın çalmağına ehtiyac qalmadı. Bizdə ritmlə çalınıb oxunanda Maykl Cekson və başqaları hələ səhnədə deyildilər, elə bir dəb yox idi. Bizim aşıqlar o rəqsi havanın üstündə oynayıblar. Deməli, aşıq həm söz deyib, həm nağıl edib, həm də onu aktyor kimi oynayıb. Onda sübh tezdən başlayan məclis gecə keçib səhər açılana, heyvan örüşə ötürülənə kimi davam edər, insanlar oturub aşığa qulaq asarmış. Aşıq da elə gözəl rəvayət söyləyirdi ki... Avropada bu sənət Şərqdə olan kimi olmayıb.

Bir də nə fərqi var, saz Şamaxının, Gədəbəyin, Qazaxın olsun, insanlar eynidir, zövqlər eynidir. Havalar da bir-biri bənzəyir, istər-istəməz müəyyən fərqlər olsa da, hamısı eyni bulaqdan gəlir.

- Hansı musiqi alətinin müşayiəti ilə yaxşı oxuyursunuz? Yəqin tar deyəcəksiniz...

- Parça-parça oxuyanda balaban, elektron saz, gitara, kamanın müşayiəti ilə də oxuyuram. Amma dəsgah üçün tar-kaman, ələlxüsus tar mütləq lazımdır. Çünki axıra qədər səni tar apara bilir, o biri alətlər yolun yarısında qalar.

- Köhnə lent yazılarınızda qayda-qanunla oxuduğunuz hiss olunur. İmprovizə nə vaxtdan başladı?

- Heç orda da əməlli-başlı qayda-qanun yoxdur. Çünki onda da iş gedir, amma çox incə gedir. Ona görə hiss olunmur. Mən dəyişiklik etməli idim. Bu istedad, bu hal mənə gəlibsə yerində dayana bilməz.

- Bunun harada başladığını, vaxtını, yerini bilirsinizmi?

- Öz başıma, öz halımla, öz eşqimlə qalanda... Gözümü yumanda, bir də kənardan bir balaca təsir olanda – bu, həm yaxşı, həm pis ola bilər – onda adam eşqə, cuşa gəlir, qeyzlənir və o hal yaranır. Çox olub toylarda oxumuşam, çıxandan sonra diktofona yazdığım səsə evə gələnə qədər qulaq asıb dəfələrlə ağlamışam. Evə gəlmişəm, gecə saat 2-də, 3-də evdəkiləri oyatmışam, mənə yemək hazırlayıblar, yeyə-yeyə bir də onlara qulaq asdırmışam. Beləcə bizim ailədə on il bu məclis davam etdi. İndiyə qədər onun eşqi, onun halı ailəmizdə cövlan edir.

Düzdür, indi tam elə formada məclis qurmuruq, çünki yaşlanmışıq, uşaqlar böyüyüb, hərə bir yerdə, bir az da yaşayış tərzimiz dəyişib. Əvvəl hamı yığılırdı bir yerə, ocaq yanırdı, indi hamının ayrıca istilik sistemi, televizoru var. Yaşayışımız dəymə mənə, dəyməyim sənə prinsipinə dönüb. Amma əvvəl hamı məcbur idi ki, bir ocağın qırağına, bir süfrəyə gəlsin. Yoxsa soyuqdan və acından ölərdi.

- Tez kövrəlirsiniz?

- Əvvəl lap çox ağlayırdım, indi az-az...

- Sanki bir az sərtləşmisiniz?

- Ola bilər...

Nə içib, nə çəkib, nə də qıza baxıb oxumuşam

- Daha yaş keçib, danışın, bu da qalsın... Qadına münasibətiniz necə olub? Çoxmu sevmisiniz, yoxsa bir, iki dəfə...

- Qadına sevgini bu sənət eşqi ilə bir mənbəyə bağlayıram. Sevgi deyəndə, mən şalvarı yamaqlı balaca uşaq idim, düşürdüm qızların dalınca. Bir dəfə bir qız tutdu qolumdan, dedi, get işinlə məşğul ol, şalvarının yamağına bax hələ... İndiyənə kimi yadımdadır. O sevmək deyil ki. Deməli, mən nəsə bir başqa şeyə - gözəlliyə aşiq olmuşam. O vaxt sevgi nədir bilməzdim... O aşiqlik içində sönsə, deməli, olursan müqəvva. Aşiq olmaq da hər tərəflidir: gözəl münasibət qurursansa, bir insan kiməinləsə yaxşı rəftar edirsə o da eşqdir. İnsanın içində sevgi varsa, onu hər yerə xərcləyə bilərsən, yoxsa bir qıza xərcləmək düzgün deyil. Bu, artıq tamahdır, maddi bir şeydir. Sevgi tək qıza, qadına məxsus deyil. Sevgi dünyaya məxsusdur. Dünyalıq sevgidir, bir payı da qıza düşürsə, düşsün, bunun qabağını ala bilmərəm ki...

- Səhnədə, toyxanada oxuyanda baxırsınızmi ki, orda qadın var, yoxsa yox?..

- İnan Allaha, gözümü yumub duyduğum o hislərdə qadın bir-iki nöqtə olar, ya olmaz, amma məndə hər duyğu axırda ilahiyyata gedir. İstəyirəm Allahla yaxınlaşım, bu eşqi, bu məhəbbəti, bu səsi ona çatdırım... İnsanların məndən razı getməyini istəmişəm... Heç bir yaxşı sənətkarda, ola bilməz ki, hansısa qadına baxsın, vəcdə gəlib oxusun. O oxumağın dadı da olmaz. O oxumaq bir günlük, bir anlıq olar. Mən nə içib oxumuşam, nə çəkib oxumuşam, nə də qıza baxıb oxumuşam.

Çünki mən oxuyanda baxmıram, baxıramsa, deməli, oxumuram. Gözümü yumub oxuyuram. Qarşıma o qədər pullar qoyublar, görməmişəm, ayılandan sonra baxmışam ki, xeyli pul yığılıb. Mənə üç manat da veriblər oxumuşam, iyirmi beş manat da. Hətta ola bilsin, ikincidə üç manatlıqdan da pis oxumuşam. Olub ki kasıb toyxanada elə oxumuşam, özümə demişəm, ay zalım oğlu, başqa yerdə belə oxuyaydın, yaxşı hörmət edərdilər... Amma varlı yerdə də nə qədər eləmişəm, o hal gəlməyib. Halbuki cırıq toyxanada özümü öldürmüşəm. Deyim ki, indi bunun yolunu tapmışam? Yox, tapmamışam. Hələ də axtarıram...

İçirəmsə, deməli pisəm?

- İnsanın bir gün Allaha inanan, bağlanan anı gəlir. Vaxtilə içmişiniz-filan... Sizdə Allaha bağlanmaq anı necə başladı? Bircə deməyin ki əvvəldən vardı.

- Yox, yox, elə deyil. Mən içirəmsə, deməli, pisəm, içimdə Allah eşqi yoxdur, bu, səhv fikirdir. Oğurluğa gedən nə deyir? “Ay Allah, sən özün kömək ol”. Araq içir, deyir, ya Allah... “Ya Allah, filankəsin sağlığına”. Bu “skorost” deyil, hərlədib-fırladıb asanca keçəsən Allah tərəfə... Bəlkə də heç Allah tərəfə keçməmişəm, sən haradan bilirsən?

- Hiss oluna bilər...

- Hiss edə bilərsən, onda mən də sual verirəm, sən Allah tərəfə keçmisən? Axı, bu, iş deyil... Bu oğlanın üzündə nur var (Elçin Muradı göstərir), bunun həddi nədir Allahı sevməsin, ondan bir şey istəməsin?..

- Yəni sizdə qəfil təkan olmayıb...

- Allah eşqinin közərtisi, işığı hamıda var. Biri şeytana qulluq edə-edə onu içində söndürür, biri də yaxşı işlər görə-görə o işığı artırır. Bunu mənə nə atam, nə anam verib. Bu mənim içimdədir. Bir də Allahın mənə yazığı gəlib, deyib, bu uşaq işıqlansın, çörək tapsın.

İbadət isə ayrı bir şeydir. Çünki mənim din savadım yoxdur. O dünyaya inanmaq lazımdır. Bu dünya ayrı, o dünya ayrı. O dünya üçün çalışmalısan. Nəyin bahasına olur-olsun. Və heç nəyin yoxdursa, içində bir yanğın olsun. O səni Allaha qovuşduracaq.

Asəf Zeynallıda məndən 2500 istədilər

- Bu sənət mürəkkəb sənətdir. Kimsə sizə badalaq vurmaq istəsin, nifrət eləsin – olubmu?

- O qədər! Bu iş elə belə qurulub da... Bar verən ağaca çox daş atarlar. Barsız ağacla kimin işin var ki? Belədə insan daha çox bərkiyir, mübariz olur. Mənə elə gəlir ki, bu, sənətkara lazımdır. Alovlandırmaq üçün...

- Vaxtilə Asəf Zeynallı adına Musiqi Məktəbindən getmək istədiyinizi demisiniz. Niyə?

- Asəf Zeynallıya daxil olanda rəhmətlik Ağaxan Abdullayevin sinfinə düşdüm. O vaxtacan muğamdan çox məlumatım yox idi. Arada zümzümə edirdim-filan, rəhmətlik Baba Mahmudoğlunu yamsılayırdım, bir də Rövşən Behcətin “Gəl inad etmə böylə”sini oxuyurdum.

Dedim, indi mən hara düşmüşəm? Sinfimizdə nə qədər gözəl səslər vardı. Mənim səsim də o vaxtlar dolu səs deyildi. İndi-indi dolur, indi də qocalıram...

- Kimlər vardı sinfinizdə?

- Rəhmətlik Məhəbbət Kazımov yadıma gəlir, Lənkərandan bir oğlan vardı, rəhmətlik Nəriman Əliyevin sinfində oxuyurdu, bir də balacaboy oğlanı xatırlayıram, oxuyanda divar uçurdu. Sahibə Əhmədova, Qəndab Quliyeva məndən yuxarı sinifdə oxuyurdu. O səslərin qabağında mənim səsim vızıltı idi. Fikirləşirdim ki, mən burda neyləyəcəm? Asəf Zeynallıya qədər çox yerlərdə çalışmışdım: tikintidə işləmişdim, fəhləlik etmişdim, amma əmələ gəlmirdi. Deyirdim, görəsən mən nə vaxt muğamı öyrənəcəm, bundan pul qazanacam. Getdim evə, dedim, dədə, bu nəsə bir şeyə oxşamır. Dedi, ayıbdı, hamı bilir ki, Asəf Zeynallıya daxil olmusan, sənin üçün hətta xahiş də ediblər. Rəhmətlik Siyavuş Aslan Vasif Adıgözəlovdan mənə görə xahiş eləmişdi. Atamın bu sözləri mənə təsir elədi. Sonra dedim, məktəbə piyada gedə bilmirəm, maşın istəyirəm. Evdə beş manatımız yox, mən maşın istəyirəm. Şıltaqlıqdır da...

Bir gün dərsdəydik, direktor müavini, rəhmətlik Adil Babayev içəri girdi. Çox zəhmli kişi idi, hamı ondan qorxardı. Ağaxan müəllimə məni göstərib dedi ki, bu oğlanı müsabiqəyə hazırla. Bunu eşidəndə mən də şok oldum, sinifdəkilər də. Hətta bir qonaq da vardı, deyəsən, kamança müəllimi idi, nəsə narazılıq etdi ki, bu qədər uşaq qala-qala onu niyə göndərirsiniz.

- Sizcə, niyə sizi seçmişdi?

- Çox qəribədir. Asəf Zeynallıya imtahan verəndə beş almışdım. Mirzə Hüseyn segahı oxudum, beş verdilər. Bunun tapşırığa dəxli yox idi. Beşi özüm aldım. Oxuyanda gördüm ki, Əlibaba müəllimin çox xoşuna gəldi, Bəhram Mansurovun da eləcə, hamısının halı dəyişmişdi. Bir eşq gəldi, mənə oxudum.

- Əlibaba müəllim, deyəsən, əvvəldən sizi tanıyırdı...

- Hə, tanıyırdı. Birinci dəfə Asəf Zeynallıya gələndə məndən 2500 manat istədilər, ondan əvvəl Sumqayıtda kəsilmişdim. Elə yaxşı olub kəsilmişəm, orada oxusaydım, Allah bilir nə olardım. Ona görə həmişə deyirəm ki, işlər Allahdan gəlir.

- Müsabiqədən danışırdınız...

- Adil Babayevin tapşırığından sonra Ağaxan müəllim məni müsabiqəyə hazırlaşdırdı. Əvvəl məktəbin daxilində müsabiqə keçirildi, məni də bəyəndilər, sonra müsabiqəyə getdik. Çıxan-çıxan deyirdi ki, birinci yer sənindir. O vaxtdan start götürdüm, işlər düzəlməyə başladı. Çox şükür, indiyəcən davam edir.

O xanəndə lent yazımı pozdurmuşdu

- İlk efir gününüzün həyəcanını xatırlayırsınız?

- Evdə qurban kəsdilər... Məni televiziyaya rəhmətlik Hacı Məmmədov çıxarmışdı. “Sənətdə ilk addım” adlı bir veriliş vardı. 1981-82-ci illər idi. Gəlib Hacı müəllimə deyiblər ki, bir yerlin var, aləmi qatıb bir-birinə. Məni yanına çağırdı, oxudum, sonra dedi, verilişə hazırlaş. Orada “Çahargah” oxumuşdum. O vaxt dəsgah oxumaq mahnı oxumaq kimiydi. Hətta “Cahargah” oxuyanda Hacı Məmmədovun zəng simi qırıldı, pərdənin üstünə düşdü. Ona görə verilişi dayandırdılar. Dedi, 40-50 ildir sənətdəyəm, birinci dəfədir tarımın zəng simi qırılıb. Neyləyək? Dedim, təzədən başlayaq. “Çahargah”dan sonra məni toylara çağırmağa başladılar. Televiziyadan sonra radioya getmişdik. Amma nədənsə səsimi radioda yazmadılar. Paxıllıqdan...

- Maneələrlə vuruşa-vuruşa gəlmisiniz...

- Lent yazısını televiziyadan pozdurmuşdular. Hətta proqrama da salınmışdı, qəzetdə də çıxmışdı: şənbə günü “Sənətdə ilk addım” –“Çahargah” muğamı...Veriliş təkrar yayımlanmalı idi, hamı oturub gözləyir, veriliş yoxdu. Deməli, bir gün qalmış Hacı müəllimə deyiblər ki, lent yazısı təsadüfən pozulub. Sonra bildim ki, rəhmətlik xanəndəmiz televiziyanın böyüyü ilə dostmuş, söhbət zamanı deyib ki, poz onu. Sonra onun yerinə “Mahur”u oxudum. Sən demə, pul vermək lazımmış. Hacı Məmmədov da pul verər?

Daha boğazımın taqəti qalmayıb

- Alim müəllim, sizə kim demişdi ki, 57 yaşınızda oxuyacaqsınız? O nə söhbət idi?

- Maştağalı dostum vardı. Onun adını unutmağım mənim üçün qəbahətdir, amma unutmuşam. Həvəskar idi, özünün də yaxşı səsi vardı. Deyirdi, sən 55-57 yaşdan sonra çox yaxşı oxuyacaqsan. Amma səsimi minib o qədər çapdım ki... O qədər oxudum ki, daha boğazımın taqəti qalmayıb. İndi yalandan zümzümə edirəm.

- Güclü qalması üçün nə etmək lazım idi?

- Əvvəlki toylar indi olmur. Əvvəllər toyda 6-7 saat oturub, bir o qədər də dəsgah oxuyurdum. Səsə o qədər zülm vermək olmazdı. Hacı Məmmədov kimi tarzən deyirdi, dayan, mən də çatdırım.

- Məsləhətə qulaq asırdınız? Yoxsa məsləhət də vermirdilər?

- Yox, məsləhət verirdilər. O kişinin nə demək istədiyini indi başa düşürəm. Vaxtilə toylardakı lent yazıma indi qulaq asıram, “Mirzə Hüseyn” segahında iki qəzəli ard-arda oxuyub tara yol verməmişəm. Özümdən ağır yük qaldırmışam, axırı əzələ pozulub, bel sərpib. Bir sözlə, səsimin atasını yandırmışam.

- Tut ağacına çıxıb nə oxuyurdunuz?

- Vallah, onlar yadıma gəlmir. Müşfiqabad qəsəbəsində qalırdıq, orada yaxşı tut ağacları var idi. Evdə də yeməyi bir şey yox idi. Ağaca kefimizdən çıxmırdıq. O yadımdadı ki, ağacın başında mənə bir kef gəlirdi, bir mismar bir budağa, bir mismar o birinə vururdum, arasına simi keçirirdim, başlayırdım oxumağa. Sonra atam mənim üçün saz, nağara düzəltdi.

- Saxlamısınız onları?

- Təəssüf ki, yox. O sazı gərək saxlayardım.

- Ananızın da yaxşı səsi olub...

- Yaxşı səsi yox idi, yaxşı eşqi, ritmi vardı. Yaxşı səs atamda idi.

İmkanlı adamlar musiqiyə qulas asmırlar

- Atanız sizin ifanızda hansı muğamı bəyənirdi?

- Düzü, mənim oxumağımdan sonra ailə muğama həvəsləndi. O vaxta qədər aşığa qulaq asırdılar.

- Hansı aşığa qulaq asırdız?..

- Aşıq Şakirə, Bəylərə, Pənaha... Kasıbçılıq idi, evdən ancaq musiqi səsi gəlirdi. Kasıb olanda adam nə edir? Ya musiqiyə qulaq asır, ya da oxuyur... İmkanlı adamlar musiqiyə qulaq asmağı sevmir. Həqiqi deyirəm... Beyinlərini maddiyyat tutur.

- Əliniz pula çatanda qorxmadınız?

- (Uzun pauza). Biz elə böyümüşük ki, hara qaçsaq öz halımız bizi səhv etməyə qoymur.

- Bayaq dediniz hər səhnəyə çıxanda həyəcanlanırsınız. Həyəcanı bir az xəfiflətməkdən ötrü nə deyirsiniz, dua edirsinizmi?

- Həmişə dua edirik. Mənim yoldaşım dinə daha çox bağlanıb. Əlbəttə, o bağlantının dərəcəsini heç kim ölçə bilməz. İşinə görə, davranışına görə onu ölçmək də olmaz. Bir də görürsən kimsə deyir, mən Allah adamıyam, gözüm aydın, ol da... Onu Allah bilir, adam özü bilmir.

Dünyada durub çox demə cənnət də mənimdir,

Həqdən bu təmannanı sual eyləmək olmaz.

Seyyid, hərəmi-hərşdə Xaliq əməl istər,

Məşhərdə durub cəngü-cidal eyləmək olmaz.

Yəni əsas əməldir. O dünyaya ki getdin əməlin sorulacaq səndən. Yoldaşım bunları yaxşı bilir. Səhnəyə çıxmamışdan öncə bir dua var, onu həmişə oxuyuram.

- Qəzəlləri necə yadda saxlayırsınız?

- O da Allahın möcuzəsidir. Zülmlə öyrənirdim.

- Yenə də təzə qəzəl əzbərləyirsiniz?

- Çalışıram. Telefona köçürmüşəm, kitaba da yazmışam. Elə qəzəl var, 15-20 ildir üzünə baxmamışam. Əlbəttə, yadımdan çıxıb. Əlibaba müəllimin çox gözəl yaddaşı var. Neçə il əvvəl dediyi qəzəli yenə xatırlayır. Mənim yaddaşım elə möhkəm deyil.

- Sizin oxuyanda bardaş qurmağı əxz elədiyiniz o xanəndənin adı nə idi?

- Pakistanlı Nüsrət Fətəlixan. Sufi yolu ilə gedirdi, Allahı mədh edirdi. Səhnədə azadlığı ilk dəfə onda gördüm. Bardaş qurub elə gözəl oxuyurdu, valeh oldum. Ondan sonra mən də səhnədə bardaş qurub oturdum.

- Deyirlər, elə oturuşla oxumaq çətindir...

- Mənim üçün isə daha rahatdır. Ordan başqa yerə getmək daha asandır.

- Yağışlı gündə görüşürük sizinlə. Yağış əhvalınıza necə təsir edir: daha çox kədərləndirir, sevindirir, yoxsa şükür etdirir?

- İnsanın ağlı başında, Allaha da bağlantısı olsa, hər fəsillə əhvalını uyğunlaşdırar. Yoxsa günəşə də, qara da narazı qalar. Demək istəyirəm ki, bu, insanın öz problemidir. Mənim də problemim odur ki, o hal yadıma düşəndə hər şeylə çox gözəl barışıram, əsəbi olanda isə deyinirəm: Yağış yağdı, yer gölməçə olacaq, daha nə bilim nə... İnsanıq da deyinə-deyinə yaşayırıq.

- Çoxları günəşdən enerji alır.

- Mən də günəşi sevirəm. Çünki üşüyən adamam. Həmişə üşüyürəm.

- Bir dəfə demisiniz ki, İrana gedəndə sizdən daha çox “Xatirə” mahnısını istəyirlər.

- Ürəyimdə deyirəm, o qədər zəngulələr vurmuşam, amma məndən “Xatirə”ni istəyirlər. Yaşlılar gəlib mənimlə şəkil çəkdirirlər... Neynəyim, oxu tərzimi dəyişim, keçim modern oxuyum?

- Xatirədən söz düşmüşkən, hansı yaşınızı daha çox xatırlayırsınız?

- Zülmdə olmuşam, heç nə xatırlamaq istəmirəm. Daim həyəcan, səhnədən əvvəl, səhnədən sonra... Həyat belədir. Biz özümüzü aldadırıq. Gülməklə yola veririk, amma həyat belədir, enişli-yoxuşludur. Bir gün gülərsən, bir gün bir saat gülərsən, sonra düşünərsən... Ola bilər bir gün axşama qədər gülə bilməyəsən. Həyat mübarizədir. İmkan daxilində rahatlıq tapmağa çalışmaq lazımdır. Təsəlli bu olar. Yoxsa batdın getdin...

- Sanki təbiətcə kədərli adamsınız.

- Niyə kədərli oluram?.. Kədərli nəyə deyirsiniz ki?..

- Yəni tez kədərlənən adamsız?

- Heç mən bilmirəm necə adamam...