Bu qurumun səlahiyyəti artırıldı: nə dəyişəcək?



 

Azəravtoyol ASC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə çevrilməsi ilə bu qurum dövlət orqanlarına oxşar səlahiyyətlər əldə etmiş oldu. Bu günə qədər cəmiyyət idi. İndi isə yurisdiksiyası daha da genişləndi.

Bu sözləri Axar.az-a hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla Azəravtoyol ASC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə çevrilməsi haqqında danışarkən deyib.

Ə.Hüseynovun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bundan sonra daha çox iş görəcək:

“Bu günə qədər ASC ancaq təsərrüfat qurumu idi və qanunda nəzərdə tutulmuş formada verilmiş əmrləri icra edirdi. Lakin indi özü də hansısa dövlət siyasətinə təsir edə biləcək qərarların, layihələrin işlənib hazırlanmasında iştirak edə biləcək. İndi bəzi məqamlarda hüquqtəsdiqetmə, məsuliyyətcəlbetmə kimi səlahiyyətləri olacaq”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq Azəravtoyol ASC-nin adı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəyişdirilib.