Zərrabın gizli planı üzə çıxdı - “Vəkilə de ki, prokurorla razılığa gəlsən…”



 

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın azadlığa çıxdıqdan sonra Dubaya köçmək istədiyi barədə vəkilə göndərdiyi məktub ortaya çıxıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 4 gündür hakim qarşısında ifadə verən Zərrabın cinayət işi üzrə Türkiyədə paralel olaraq davam edən istintaq çərçivəsində 3 işçisi saxlanılıb.

Saxlanılan şəxslər ABŞ-dakı məhkəməyə gizli sənəd göndərməkdə ittiham edilirlər.

Polislərin axtarışları nəticəsində R.Zərraba aid məktub da tapılıb. İş adamı həbsxanadan göndərdiyi məktubda işçilərinə Dubaydakı vəkillə görüşməyi tapşırıb:

“Vəkilə de ki, Amerikada prokurorla əməkdaşlıq edib razılığa gəlsən, cəzam bitdikdən sonra Dubayda köçə bilərəmmi? Yaşamaq üçün icazə sənədlərini həll edə bilərmi?”, - deyə Zərrab yazıb.

Qeyd edək ki, R.Zərrab bank fırıldaqçılığı və “çirkli pulların yuyulması”nda ittiham edilir. 2 gün öncə Türkiyədə onun və 22 yaxın adamının əmlakına həbs qoyulması barədə qərar çıxarılmışdı.