Eks-prezidentin evini uçurdular, ölüm xəbəri yayıldı



 

Yəməndə şiə Husilər mövqe dəyişdirib Səudiyyə Ərəbistanı ilə razılıq əldə edən və “yeni səhifə açmağa hazıram” mesajı verən ölkənin sabiq lideri Əli Abdulla Salehin paytaxt Sənadakı evini uçurub. “Qafqazinfo” xəbər verir ki, İranın yarı-rəsmi xəbər agentliyi Tasnim Salehin Sənadan Maribə qaçmaq istəyərkən Husilər tərəfindən öldürüldüyünü iddia edib. 

Reuters agentliyi də Salehinin evinin partladıldığı yazıb, lakin Əl-Ərəbiyə telekanalı partlayışdan sonra eks-liderin taleyi ilə bağlı ziddiyyətli məlumatların yayıldığını açıqlayıb. 

Sky News Arabia isə yazır ki, eks-prezidentin partiyasından olan mənbə Salehin öldürülməsi xəbərini təkzib edib. 

Qeyd edək ki, ötən həftədən bəri hökumətə qarşı müttəfiqlik yaradan Husilərlə eks-prezidentin tərəfdarları arasında fikir ayrılığı yaranıb. İki tərəf arasında davam edən qarşıdurmada bu günə kimi 245 nəfər ölüb. İran səfirliyinin binası da mərmi atəşinə məruz qalıb. Saleh bu gün təsdiqləyib ki, Husilərlə ittifaqa son qoyur.