“Tamah məqsədi ilə öldürsəydim, 3500 dolları aparardım”



 

Adam öldürməkdə, dələduzluqda, soyğunçuluqda və oğurluqda təqsirləndirilən Zakir Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qətl hadisəsi 2017-ci il fevralın 5-də öldürülən, 64 yaşlı Firuddin Hüseynovun Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində baş verib.

Z.Məmmədov məhkəmədə ifadəsi zamanı qətlə necə və nə üçün törətdiyini açıqlayıb: “Mən onu qəddarcasına öldürməmişəm. Sadəcə başının arxasında bir zərbə vurmuşam. Bir, ya da 7 zərbə olsun, mən bu qətli törətmişəm. Amma 7 zərbə vursaydım, elə də deyərdim. Mən vurdum, o yıxıldı. Sonra kimin onu şkafın, ya stolun altına sürüməsini bilmirəm. Onu tamah niyyəti ilə öldürməmişəm. Evdə 2500 yox, 3500 dollar var idi, özü mənə demişdi. Elə hadisə günü də mübahisəmiz pul üstündə olub, ondan əvvəl mənə borca pul vermişdi. Tamah məqsədi ilə öldürsəydim, 3500 dolları da aparardım. 

Evdə də bizim ikimizdən başqa heç kim olmayıb. Özümü yaxşı müdafiə etməyi bacarıram, çünki Fransada hüquq təhsili almışam”.

Qətli törədən 1984-cü il təvəllüdlü Z.Məmmədov Fransanın Strasburq şəhərində ali təhsil alıb. Onun bir övladı var. Əvvəllər dələduzluq etdiyi üçün axtarışda olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. İndi isə hökmdən narazıdır və cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə noyabrın 28-də başlayacaq. 

Murad Əhməd